Ordumuz artıq 104 illiyini qeyd etdi. Ötən tarixə nəzər saldıqda Səməd bəy Mehmandarov, Əlağa Şixlinski, Cəmşid xan Naxçıvanski, Həzi Aslanov və digər generallarımızın hərb tarixinə adlarını qızıl hərflərlə yazdırdıqlarını, Azərbaycanın adını, hərb gücünü dünyaya göstərdiklərini görürük.
2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmri ilə Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Şanlı ordumuzun sıralarında igid zabit və gizirlər, mərd əsgərlər düşmənin üzərinə atıldı, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşdular. Haqq savaşımızda iştirak edən məğrur övladlarımızı tanımaq və tanıtmaq məqsədilə şəxsi heyətlə tanışlığımız davam edir. "N" hərbi hissəsində Vətən müharibəsi iştirakçısı baş leytenant Elsevər Şirəlizadə ilə tanış olduq.
O, 1994-cü il martın 16-da Şəki rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra zabit olmaq arzusunun ardınca gedərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2012-ci ildə liseyi bitirərək, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olunur. Artilleriya ixtisası üzrə təhsilini başa vuran Elsevər 2016-cı ildə artıq gənc zabit kimi xidmətə yollanır.
"Hələ uşaq olanda arzulayırdım ki, böyüyüb Vətən müdafiəçisi olum. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla arzuma çatdım. Təhsil ocağında komandir və müəllimlərimiz bizə gələcəkdə nizam-intizamlı, vətənpərvər bir zabit olmağı öyrədirdilər. Düzgün peşəni seçdiyimdən əmin idim. Orada təhsil aldığım müddətdə dərslərimdə fəal iştirak edir, səylə çalışırdım. Öyrəndiyim bilik və bacarıqlar mənim üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qapılarını açdı. Çalışqanlığımı və məsuliyyətimi artıraraq, ümumi hərbi biliklərimi təkmilləşdirərək, artilleriya ixtisasına yiyələndim. Savadlı müəllimlərimiz bizə artilleriyanın bütün sirlərini öyrədir, peşəkar kadrlar kimi formalaşmağımızda bütün biliklərini səfərbər edirdilər. Nəhayət, uşaqlıqdan mənimlə böyüyən arzuma çatdım. Leytenant hərbi rütbəsində xidmət etməyə başladım", - deyə gənc zabit bildirdi.
Hal-hazırda artilleriya divizionunda xidmətini davam edən zabit Elsəvər Şirəlizadə Vətən müharibəsindən də söz açdı. "44 günlük Vətən müharibəsi bizə sonsuz sevinc və xoşbəxtlik bəxş etməklə yanaşı, həm də bu hissləri xalqımıza yaşatmağın qürurunu keçirtmək imkanı yaratdı. Bütün dünya azərbaycanlıları üçün bundan sevindirici heçnə ola bilməzdi. Mən də hərbi qulluqçu kimi çox qürurlanıram. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz düşməni əzəli torpaqlarımızdan qovdu. Dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun sıralarında olmaq hər birimiz üçün böyük fəxrdir", - deyərək zabit sözünü bitirdi.
Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə baş leytenant Elsevər Şirəlizadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Gənc zabitimizlə tanışlıq bizdə xoş təəssüratlar yaratdı. Vətənin keşiyində durmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Baş leytenant Elsevər Şirəlizadə bunu ancaq borc kimi deyil, həm də Vətəninə və millətinə sevgisinin bariz nümunəsi kimi qəbul edir. Doğrudan da, şanlı ordumuzun hər bir hərbi qulluqçusu canı bahasına da olsa, ölkəmizin müdafiəsində mərdcəsinə dayanır. Əminliklə deyirik ki, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü belə hərbi qulluqçular - ordumuz göz bəbəyi kimi qoruyacaq. “Ordumuz ərazi bütövlüyümüzü qorumağa qadirdir”, - baş leytenant Elsevər Şirəlizadə belə dedi...
İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"