Hərbi Polis İdarəsinin tabeliyində olan bölmələrin birində İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər ilə təlim-metodiki toplanış keçirildi. Toplanışda Hərbi Polis İdarəsinin bir qrup zabit heyəti, Bərdə rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin Bərdə şöbəsinin nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın müdafiəsi zamanı canından keçən şəhidlərimizin məzarüstü abidələri ziyarət olundu.
Toplanışda xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirildi.
Təlim-metodiki toplanışı giriş sözü ilə açan Hərbi Polis İdarəsinin İdeoloji iş və mənəvi-psixoloji təminatı üzrə bölmə rəisi polkovnik-leytenant Anar Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatında, 44 günlük Vətən müharibəsində ordumuzun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığından, peşəkarlığından, vətənpərvər zabit və əsgərlərimizin qəhrəmanlıq, fədakarlıq nümunələrindən danışdı.
Bölmə rəisi çıxışı zamanı Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşı tərəfi sarsıdan əks-hücum əməliyyatlarından da bəhs etdi. Polkovnik-leytenant A.Əhmədovun "Şəxsi heyətin mənəvi-psixoloji durumu, hərbi intizamın möhkəmləndirilməsi sahəsində görülmüş işlər və bu istiqamətdə 2022-ci ilin 3-cü rübündə qarşıda duran tapşırıqlar" mövzusunda geniş məruzəsi dinlənildi.
Toplanışda müxtəlif mövzular haqqında geniş müzakirələr aparıldı və çıxışlar dinlənildi.
"N" hərbi hissəsinin psixoloqu baş leytenant Amil Məhyəddinov və Bərdə rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri ehtiyatda olan polkovnik-leytenant Samir Səfərov toplanışda müzakirə olunan mövzular üzrə çıxışlar etdilər.
Daha sonra yol hərəkət qaydaları üzrə aparılan maarifləndirmə işlərinin həyata keçirilməsi üzrə Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşı polis kapitanı Mədət Cəfərov və polis baş serjantı Fərhad Cəfərov çıxış edərək öz tövsiyələrini səsləndirdilər.
"N" hərbi birləşməsinin artilleriya şöbəsinin zabiti mayor Abdulla Mustafayev xəritənin oxunması, ərazidə səmtin müəyyən edilməsi, dayanma nöqtəsinin təyini və koordinat sistemləri barədə iştirakçılara məlumat verdi.
Toplanışın sonunda Hərbi Polis İdarəsinin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsi rəisinin müavini mayor Rəsul Rəsulov "Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin və nizam qaydalarının qorunması hər bir hərbi qulluqçunun borcudur" mövzusunda məşğələni şərh etdi, təhlillər apardı və mövzu ətrafında şəxsi heyətlə geniş diskussiya keçirdi.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"