Tariximizin şanlı səhifəsi olan “Dəmir yumruq” əməliyyatı təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil, eyni zamanda, Müzəffər Ali Baş Komandanın siyasi və diplomatik mübarizəsi dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin nümayişi oldu. Nəticədə gecikmiş ədalət bərpa olundu, xeyir şər üzərində qələbə çaldı. Beynəlxalq qurumların illər ərzində edə bilmədiyini Azərbaycan əsgəri cəmi 44 günə etdi, bizlərə Böyük Qələbə sevinci qazandırdı. Bu gün ata-babalardan miras qalan əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və o bayraq yurdundan ayrı düşən soydaşlarımızın quruculuq işləri başa çatdıqca öz yurduna Böyük Qayıdışının uzaqda olmadığının işarəsidir.
Yolumuz yenə işğaldan azad olunan tarixi ərazilərimizədir. Avtomobil yolunda genişləndirmə və abadlaşdırma işləri aparılır, ətrafda bir zamanlar mənfur düşmənin bölmələrimizə qarşı qurduğu və qısa vaxt ərzində yerlə-yeksan edilmiş "keçilməz" istehkam qurğularının qalıqlarını görürük. Hər qarış uğrunda şiddətli döyüşlər gedən ərazinin ucu-bucağı görünmür. Həqiqətən də, cəsur oğullarımızın yazdığı tarixin də miqyası ucsuz-bucaqsızdır. Xatirələr yolun başlanğıcı ilə sonu arasında bir körpü olur və nəhayət, Vətən müdafiəçisi oğullarımızın xidmət etdiyi bölməyə çatırıq.
"N" hərbi hissəsində Ermənistan ordusu bölmələri ilə yaxın mövqelərdə xidmət edən əsgərlərimizin yanındayıq. İlk müsahibim gizir Elvin Canəliyevdir. O bildirir ki, döyüşlər başa çatan gündən bu ərazidə düşmən tərəfindən hər hansısa təxribata cəhd edilməyib. Müsahibim qeyd edir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun qazandığı tarixi qələbə düşməni onsuz da qorxudub və bu gün üzərində gəzdiyimiz torpaqların həqiqi övladları olan əsgərlərimiz Vətənin müdafiəsində məğrur dayanırlar. "Dəmir yumruq” əməliyyatı düşmənə layiqli dərs oldu və onun başını əzdi. Bütün dünya Azərbaycan Ordusunun gücünə şahid oldu.
"27 sentyabr 2020-ci il - hər birimizin çoxdan gözlədiyi zaman artıq yetişmişdi", - deyən Elvin söhbətinə davam edir. - Hərbçi olaraq xidmətə başladığım gündən erməni silahlı birləşmələrinin işğal etdiyi torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə iştirak etmək üçün Ali Baş Komandanımızın verəcəyi döyüş əmrini gözləyirdim.
Və həmin unudulmaz tarix 2020-ci ilin sentyabrına təsadüf etdi. Törədilən təxribatın cavabı olaraq ordumuz cəbhə boyu ərazilərdə düşmənə qarşı əks-həmlə əməliyyatına başladı, müasir texnikalar və qurğularla onlara sarsıdıcı zərbələr endirdi. Müxtəlif bölmələrdə olmağımıza baxmayaraq, hər birimiz müqəddəs amal uğrunda döyüşürdük. Düşmən üzləşdiyi təzyiqin qarşısında çox tab gətirə bilmədi və çıxış yolunu qaçmaqda gördü. Bölmələrimiz ermənilərin cəbhə boyu müdafiə xəttini qısa müddətdə yararaq, onların səngərlərini, mövqelərini və dayaq məntəqələrini ələ keçirdi. Biz döyüşərkən xalqımızın dəstəyini, Ali Baş Komandanımızın etimadını duyaraq döyüşürdük. Cəmi 44 gün ərzində tarixi torpaqlarımız düşməndən təmizləndi, ərazi bütövlüyümüz bərpa edildi. Hünər meydanında tarixi ədalət təmin edildi".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Emin Niftalızadə işğaldan azad olunan torpaqlarda xidmət etmənin verdiyi qürurdan danışır: "Vətən hər birimiz üçün müqəddəs məfhum, onu qorumaq isə müqəddəs vəzifədir. Tarixən bu torpaqlarımızda ata-babalarımız yaşayıb və bu gözəl yerləri bizlərə miras qoyublar. Biz də bu torpaqlarımızı göz bəbəyimiz kimi qorumalıyıq. Çünki tarixə nəzər salsaq görərik ki, bu torpağın hər qarışı uğrunda nə qədər qanlar tökülüb, onun bütövlüyü üçün canlar verilib. Ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə yüksələn oğullarımız öz adlarını göstərdikləri qəhrəmanlıqlarla şanlı tariximizə yazdırıblar. Biz də müqəddəs amala xidmət edərkən vətənpərvər oğulları özümüzə nümunə götürürük. Bu gün işğaldan azad olunan torpaqlarımızda xidmət etməyimlə qürur duyuram. Fəxr edirəm ki, güclü və qalib ordunun əsgəriyəm. Xidmət etdiyim bölmədəki komandirlərim döyüşlərin canlı iştirakçılarıdır. Onlar hər zaman bizə deyirlər ki, müharibənin başa çatması heç birimizi arxayınlaşdırmamalıdır. Unutmamalıyıq ki, qarşımızdakı düşmənimiz öz çirkin xislətiylə məşhurdur. Onun üçün də ixtisasımın sirlərinə dərindən yiyələnir, hərbi bilik və bacarıqlarımı təkmilləşdirir, komandirlərin tövsiyələrini diqqətlə dinləyirəm”.
Döyüş növbəsini təhvil verən əsgər Əsədulla Quliyevlə söhbətləşirik. Xidmət etdiyi müddətin hər kəs üçün ömründə ən yaddaqalan hadisə olduğunu söyləyən Əsədulla Vətəni qorumağın övladlıq borcu olduğunu xüsusi vurğulayır: "Kiçik yaşlarımda erməni cəlladlarının millətimizin başına gətirdiyi qeyri-insani əməllər haqqında çox eşitmişəm, videogörüntüləri izləmişəm. Uzun illər ədalətsizlik hökm sürdü. Əliyalın insanlarımıza verilən işgəncələr, şaxtalı havada öz isti yuvalarından didərgin düşən soydaşlarımızın görüntüləri düşmənə qarşı nifrət hissi bəsləməyimdə əsas rol oynayan faktorlardandır. İkinci Qarabağ müharibəsində birbaşa iştirak etməsəm də, səbirsizliklə o mötəbər hadisənin iştirakçılarından biri olmaq istəyirdim. Bu mənə qismət olmasa da, bu gün azad edilən tarixi ərazilərimizdə xidmət aparmaqdan qürur duyuram. Başımızın üzərində dalğalanan üçrəngli bayrağımızı hər gördükcə, xalqımızın başına gətirilən müsibətlərin qisasının düşməndən artıqlamasıyla alındığına zərrə qədər də şübhəm qalmır", - deyə əsgər bildirir.
Vətənə məhəbbət, düşmənə nifrət hissindən danışan əsgər Ramazan Qoqayev bu ərazilərin onlara əmanət olduğunu və bu əmanəti layiqincə qorumağın vacibliyindən söz açır: "Komandirlərimiz bizə hər zaman bilikli, mərd hərbçi olmağın və düşmənə nifrət hissi ilə yanaşmağın vacibliyini bildirirlər. Çünki düşmənə nifrət etməsən, onu məğlub etmək mümkün olmaz. Onlar hər zaman bizim xoş münasibətimizdən sui-istifadə ediblər. Bu Vətən bizə atalarımızdan yadigardır, mirasdır. Ona uzanan əlləri qırmalı, kəm baxan gözləri çıxarmalıyıq”.
Əsgər Elman Abdullayev burada xidmət etmənin verdiyi qürurdan danışır: "Bu gün rəşadətli Azərbaycan Ordusunun sıralarında, işğaldan azad olunan torpaqlarımızda Vətənə övladlıq borcumu yerinə yetirməkdən fəxarət hissi keçirirəm. Böyük Qələbəni qanı ilə yazan şəhidlərimizi unutmaq olmaz, onların hər birini daim ehtiramla anmalı, gələcək nəslə tanıtmalı və bizlərə əmanət qoyduqları Vətən torpağını qoruyub sonrakı nəsillərə ötürməliyik".
Qəhrəman əsgərlərimizlə tanış olmaq məni çox sevindirdi. Qəhrəman xalqın bugünkü Vətən keşikçisi oğulları ərazi bütövlüyümüzü qorumaqla yanaşı, güclü ordunun güclü əsgəri olmaq üçün daim öz üzərlərində çalışacaqlarını, Vətənin firavanlığı üçün əlindən gələni əsirgəməyəcəklərini söylədilər. Minlərlə qəhrəman oğullarımız var ki, gələcək gənclərimiz üçün vətənpərvərlik nümunələridirlər. Qısa ömürlərini şərəfli ölümlə taclandıran şəhidlərimiz bu Vətənin övladı, hər birimizin qardaşı və doğmasıdır. Ömrünün bahar çağlarında daxilindəki vətənpərvərlik hissi ilə düşmənin üzərinə atılıb, torpaqlarımızı yağılardan təmizləyən, ərazi bütövlüyümüzü canı və qanı bahasına bərpa edən oğullarımız tariximizin şanlı səhifəsi olan “Dəmir yumruq” əməliyyatının əsas memarlarındandırlar.
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"