Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2022 12:32

“Azərbaycan əsgəri iradəli, dözümlü və sağlamdır”

Mədəniyyət paytaxtımız  olan Şuşa şəhərində ezamiyyətdə olduğumuz zaman günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıqla məşğul olan Vətən müdafiəçiləri ilə görüşüb söhbətləşdik. Kiçik gizir İslam Abdullayevin rəhbərliyi ilə şəxsi heyət müxtəlif idman hərəkətlərini edir, verilən tapşırıqların öhdəsindən asanlıqla gəlirdi. Məşğələ rəhbərinin əmri ilə əsgərlərin turnikdə, paralelqollarda və digər idman alətlərində deyilən hərəkətləri eyni anda yerinə yetirmələri göz oxşayırdı. Gözəl mənzərəni seyr etdikcə hiss olunurdu ki, Vətən keşikçilərimizin fiziki hazırlığı olduqca yüksək səviyyədədir.
- Əsgərlərimizin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır, - deyə kiçik gizir Abdullayev söhbətə başladı. - Çünki şəxsi heyətin fiziki cəhətdən möhkəm, güclü və çevik olması onların döyüş ruhunu daha da artırır. Buna görə də hərbi hissənin bütün bölmələrində fiziki hazırlıq saatlarına düzgün riayət olunur. Burada müasir standartlara cavab verən idman şəhərciyi hərbi qulluqçularımızın idmanın bütün növləri ilə məşğul olmalarına  geniş imkanlar yaradır. Yaradılan şəraitdən lazımınca istifadə edən əsgərlərimiz iradəli, güclü, dözümlü və sağlamdırlar.
Məşğələ rəhbəri fiziki hazırlığın mahiyyətindən və məqsədindən də söz açaraq fiziki hazırlığı yüksək səviyyədə olan əsgərin döyüş hazırlığının da yüksək olduğunu bildirdi. "Fiziki hazırlıq zamanı verilən tapşırıqları cəld, vaxtında və düzgün yerinə yetirən hərbi qulluqçu döyüş meydanında daim irəlidə olur. Bunun üçün də məşğələlər zamanı əsas məqsəd döyüşçünü sağlam, iradəli, dözümlü və çevik yetişdirməkdir. Buna görə də normativlərə uyğun olaraq vaxtaşırı onlardan 100 və 3000 metr məsafələrə qaçış, turnik, paralelqol və s. məqbul imtahanlar götürülür".
- Fiziki hazırlığın faydaları bununla bitmir, - deyə kiçik gizir İslam Abdullayev söhbətinə davam etdi. - O, təkcə sağlamlığın qorunmasına, bədən quruluşunun formalaşmasına, iradənin və gücün artırılmasına xidmət etmir. Fiziki hazırlıq gənclərimizin gələcəkdə layiqli vətəndaş kimi formalaşmasında və vətəpərvər ruhda tərbiyə olunmasında rol oynayan əsas amillərdən biridir. Bunun nəticəsidir ki, rəşadətli Azərbaycan Ordusunda xidmət edən hər bir əsgərin döyüş ruhu, vətənpərvərlik hissi yüksək səviyyədədir. Vətən müharibəsi bunun bariz nümunəsidir. Vətəninə sevgi və məhəbbət bəsləyən gənclərimiz qorxu bilmədən, çəkinmədən düşmən üzərinə şığıdılar. Bunu görən düşmən qorxaraq döyüş meydanından qaçmaq məcburiyyətində qaldı.
Daha sonra sağlam ruhda böyüyən əsgərlərimizin fikrini öyrənmək üçün onlara yaxınlaşdıq. Ordu sıralarına Salyan rayonundan çağırılan əsgər İlham Eyvazov peşəkar komandir heyətinin rəhbərliyi altında keçirilən məşğələnin köməkliyi ilə fiziki hazırlıqlarını daim artırdıqlarını qeyd etdi. "Biz təkcə idman saatlarında yox, əlavə olaraq asudə vaxtlarımızda da idman şəhərciyinə gəlib məşq edir, gücümüzü artırırıq".
- Peşəkar və qayğıkeş komandirlərimiz fiziki cəhətdən möhkəm olmağımız üçün əllərindən gələni edirlər. Hər birimizə doğma münasibət bəsləyirlər. Bu cür diqqətin qarşısında biz də üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirik. Bunun üçün xidmətimizi qüsursuz təşkil edərək, verilən bütün əmr və tapşırıqları yerinə yetiririk, - deyə əsgər Nurcan Məmmədov bildirdi. Söhbətimiz zamanı öyrəndim ki, bu əsgər güləş idman növü ilə məşğul olub, respublika üzrə keçirilən çempionatda yer də tutub.
Əsgər Hüseynağa Muxtarov Şuşa şəhərində xidmət etdiyi üçün qürur duyduğunu dedi. "Hər zaman arzulayırdım ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün başlanacaq döyüşlərdə iştirak edim. Amma bu mənə nəsib olmasa da, bu gün ordumuzun işğaldan azad etdiyi Şuşa şəhərinin müdafiəçilərindənəm. Buna görə də üzərimə düşən hərbi vəzifəni düzgün yerinə yetirirəm ki, ailəmin və dostlarımın yanına başıuca qayıdım".
Digər əsgərlər də fiziki hazırlığın mahiyyətindən, Şuşada xidmət etməyin qürurundan, hərbi hissədə yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan ağızdolusu danışdılar. Hərbi hissədə yaradılan şərait, şəxsi heyətdə formalaşdırılan ruh yüksəkliyi hər birimizə xoş təəssüratlar bəxş etdi.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"