Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2022 12:30

Tankçıların xatirəsi anıldı

Birinci Qarabağ müharibəsi zamanı respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş könüllülərdən ibarət Səbail tank taborunun döyüşçüləri - Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Əsəd Əhmədovun və sürücü-mexanik Nazim Allahverdiyevin doğum günü münasibətilə Şəhidlər xiyabanında  xatirələri  anıldı. Mərasimdə Milli Məclisin deputatları, Azərbaycan Hərb Tarixi Muzeyinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Vətən müharibəsi qaziləri Milli Qəhrəmanın məzarı önünə əklillər qoyub, tər qərənfillər düzdülər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən torpaqları uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov anım mərasimində çıxış edərək şəhid tankçıların Birinci Qarabağ müharibəsində göstərdikləri igidliklərdən, erməni quldurları ilə ölüm-dirim savaşından və onların Səbail tank taborunda şərəfli xidmət yollarından danışdı.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Milli Qəhrəman Əsəd Əhmədovun təkcə Saral kəndinin deyil, bütün Qərbi azərbaycanlıların və xalqımızın qəhrəman, igid oğlu olduğunu bildirdi. Əsəd kimi qorxmazların yolunu davam etdirən Vətən övladlarının sayəsində xalqımızın 30 ilə yaxın yurd həsrətinə son qoyulduğunu vurğuladı.
Sonra Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri ehtiyatda olan polkovnik-leytenant Samir İsmiyev hər iki şəhidin ailə üzvlərinə başsağlığı verdi. S.İsmiyev şəhidlərimizin qəhrəmanlığı və şücaətinin illər keçsə də, xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd etdi. "Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının haqq işi uğrunda apardığı mübarizəsini gördü, şəhidlərimizin canı bahasına azad edilən tarixi torpaqlarımıza qovuşduğunun şahidi oldu. Ali Baş Komandanın dediyi kimi, "Qarabağ Azərbaycandır!" şüarı hər bir əsgərin, zabitin döyüş devizinə çevrildi".
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və Əməkdar jurnalist Telli Pənahqızı çıxışlarında 1988-ci ildən etibarən Azərbaycanın mərd övladlarının Vətən, torpaq uğrunda apardıqları çətin, lakin olduqca şərəfli mübarizə yollarından bəhs etdilər.
Sonda şəhidlərin ailə üzvləri Afidə Əhmədova və Günay Allahverdiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.      
Xatirə tədbiri başa çatdıqdan sonra qonaqlara Heydər məscidində ehsan verildi.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"