Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2022 12:50

Yüksək göstəriciləri ilə fərqlənən əsgər

Əsgər Amil İsayev bir ildir ki, hərbi xidmətdədir. Hələ ordu sıralarına çağırılanda hansı qoşun növündə xidmət edəcəyindən asılı olmayaraq, nümunəvi əsgər olacağını qarşısına məqsəd qoymuşdu. Zaman ötüb keçdi və Amil artilleriya hərbi hissəsində xidmətə başladı. O, İkinci Qarabağ müharibəsində erməni işğalçılarına sarsıdıcı artilleriya zərbələri vuran və düşməni xeyli itkilərə məruz qoyan artilleriya bölməsində xidmət etməkdən qürur duyur.
Əsgər Amil İsayevin atası İsmayıl İsayev Birinci Qarabağ müharibəsinin, xidmət etdiyi bölmənin zabitləri isə İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Əsgər Amil İsayev bacarıqlı, təcrübəli komandirlərdən öyrəndiyi bilik və bacarıqlarını dərindən mənimsəməyə çalışır. Həm nəzəri bilikləri dərindən öyrənir, həm də çöl təlimlərində qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə səy göstərir.
Zabit Anar Nəzərov söhbət zamanı əsgər Amil İsayevin bacarıqlı, nizamnamələrin tələblərini dərindən mənimsədiyini, komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirdiyini dedi:
- Əsgər Amil İsayevi hərbi xidmətə gəldiyi ilk gündən tanımışam. Artilleriya bölməsində xidmət etməyin özünəməxsus çətinlikləri var. Burada xidmət edən əsgərlər riyazi hesablamaları dəqiq aparmaqla yanaşı, həm də çevik, fiziki cəhətdən güclü olmalıdırlar. Amil istər nəzəri bilikləri, istərsə də praktiki tapşırıqları layiqincə yerinə yetirən əsgərlərdəndir.
Bizimlə söhbətində Amil dedi ki, əsgərlərin sağlamlığının qeydinə qalmaq burada komandirlərin ən ümdə vəzifələrindəndir. Bölmələr tez-tez döyüş atışlı təlimlərə cəlb olunur. Zabit Anar Nəzərov sözlərinə onu da əlavə etdi ki, əsgər Amil İsayev hər dəfə təlimlərdə yüksək göstəriciləri ilə fərqlənir.
Torpaqlarımız Vətən müharibəsində işğaldan azad edildi. Ordumuz döyüş hazırlığını yenə də dayanmadan artırır.
Bu gün əsgər Amil İsayev və başqa əsgərlərimiz onlara təhkim  olunan silahın sirlərinə mükəmməl yiyələnirlər ki, Vətənimizin ərazi bütövlüyünə qarşı hər hansı təhdid olarsa, bunun qarşısını vaxtında almağa hazır olsunlar. Amil tərxis olunandan sonra da müqəddəs amal və məqsədilə Vətənin əsgəri olacaqdır.
Ordumuz Vətəni sevən, onun müdafiəsində canından keçməyə hazır olan əsgər deməkdir. Azərbaycan Ordusu buna görə dünyanın ən güclü orduları sırasındadır.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"