Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2022 12:50

“Qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiririk”

Biz xoşbəxt gənclərik ki, dövlət müstəqilliyimiz sarsılmaz və əbədidir. Xoşbəxtik ki, güclü və qüdrətli ordumuz, Müzəffər Ali Baş Komandanımız var. Dövlətimizin nüfuzundan, ordumuzun gücündən nə qədər danışsaq azdı. Artıq Azərbaycan Ordusunun gücündən bütün dünya bəhs edir. Tanınmış hərb xadimləri Azərbaycan əsgərinin döyüş ruhunu, qələbə əzmini, mərdliyini lazımi səviyyədə çatdırırlar. Çünki bizim əsgərimiz öz gücünü, Vətən sevgisini, döyüş hazırlığını tarixi zəfəri ilə göstərdi. Bununla belə ordumuzda uğurlu islahatlar səngimir.
İkinci Qarabağ müharibəsindən sonra komando hərbi hissələrinin yaradılması bu islahatların ən bariz nümunəsidir. Azərbaycan Respublikası  Prezidentinin tapşırığı ilə azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Türkiyə modelinə uyğunlaşdırılan Əməliyyat (komando) hərbi hissələri yaradılmağa başladı və bu proses davam edir. Hazırda bir neçə komando hərbi hissəsi var. Komando birliklərinin çoxsaylı hərbi qulluqçuları Türkiyədə də təlimlər keçirlər.
“Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir” deyən dövlət başçısı çıxışlarının birində "Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib", "Biz Türkiyə ordusunun daha kiçik modelini qururuq və inşallah, bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz" sözləri komando hərbi hissələrinin yaradılmasına, iki qardaş ölkə arasında çoxsaylı birgə təlimlərin həyata keçirilməsinə böyük töhfə verdi. Komando olan hərbçilərimiz də millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz bir olan qardaş ölkə Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələnərək döyüş hazırlıqlarının və peşəkarlıqlarının artırılmasında səylə iştirak edirlər.
Ordu quruculuğunda aparılan yeni islahatlara biganə qalmayan gənclərimiz də komandoda xidmət etmək arzusunda olurlar. Artıq minlərlə gənc komando hərbi hissələrində qürurla, sevgiylə şərəfli xidmətlərini uğurla yerinə yetirirlər.  
İşğaldan azad edilən ərazilərdə idik. Yaşıl dona bürünən dağları, buz bulaqları, kölgəsində yayın istisini unutduran qollu-budaqlı qoca çinarları, mövsümə uyğun barlı meyvə ağacları... bitməyən əsrarəngiz gözəllikləri ilə göz oxşayırdı ətraf. 30 ilə yaxın neçə belə gözəlliklərdən məhrum olmuşduq. O günlər artıq geridə qaldı. Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti səyasində gələcək nəsillərimiz bu səfalı yerlərimizi görəcək, buralarda yaşayıb, yarada biləcəklər...
Hərbi hissəyə daxil olanda qərargahın qarşısında bir neçə hərbi qulluqçunun düzüldüyünü gördüm. Onlar nümunəvi xidmətlərinə görə komandanlıq tərəfindən mükafatlandırılırdılar. Tədbir bitdikdən sonra hər biri ilə ayrı-ayrılıqda həmsöhbət oldum. Onların qürurlu baxışlarını, məğrur duruşlarını cümlələrlə ifadə etmək olduqca xoşdur.
Leytenant Fərid Əhmədov əslən Sabirabad rayonundandır. Hərbi hissə yaranan gündən burada xidmət edir. “Komando olmaq həm bizim, həm də ailəmiz üçün xüsusi qürur və şərəf mənbəyidir”, - gənc zabit dedi. Vətən müharibəsinin iştirakçısı olan və ölkə Prezidenti tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə mükafatlandırılan zabit bildirdi ki, komandolar ölkəmizin, millətimizin dayağıdır. "Bildiyiniz kimi, komando hərbi hissələri xüsusi olaraq formalaşdıran, basqın və təxribat kimi xüsusi tapşırıqları uğurla yerinə yetirən gücdür, qüvvədir. Komandolar xüsusi təlim görmüş hərbi qulluqçulardır. Onlar orduda ən tələbkar, qabaqcıl təlim və təhsil görmüş şəxsi heyət arasından seçilirlər. Komandolar istənilən vaxt və hər yerdə quruda, dənizdə və havada döyüşmək üçün təlim keçirlər. Müxtəlif ölkələrin ordularında olan komandolar, həmin ölkələrin müdafiəsində ən təsirli qüvvələrdən biri olaraq qəbul edilirlər. Bu hərbi hissədə xidmət edən hər kəs kimi, mən də komando olmaqdan qürurlanıram. Hərbçi olmaq qürurludur. Komando olmaq isə ikiqat qürurdur. Bir gənc kimi güclü dövlətimlə, qüdrətli ordumla fəxr edirəm. Ərazi bütövlüyümüzün keşiyində inamla dayanırıq. Nümunəvi xidmətimizlə bizə göstərilən etimadı doğrultmaq üçün xidməti vəzifələrimizin öhdəsindən uğurla gəlirik. Bizə göstərilən xüsusi diqqət və qayğıdan ilhamlanaraq şərəfli xidmətimizi layiqincə davam etdiririk. Komando olaraq istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazırıq", - Fərid dedi.
Gizir Rəvan Rzayev də nümunəvi xidmətinə görə fərqlənənlərdəndir. O da Vətən müharibəsində iştirak edib. On ilə yaxındır xidmət edən gizir döyüşlərdə göstərdiyi şücaətə görə dövlət başçısı tərəfindən "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə mükafatlandırılıb. Rəvan sevincini və fərəhini "Komando birlikləri düşmənə qorxu, dosta isə güvən verir" sözləri ilə bildirdi. "Komando cəldlik, çeviklik, mübarizlik və məğlubedilməzlikdir. Bu xüsusiyyətləri qazanmaq və daha da möhkəmlətmək üçün mütəmadi olaraq təlimlərimiz davam edir. Hər birimiz komando olmaqdan sevincliyik və şərəf duyuruq. Ən əsası isə peşəmizə, müqəddəs vəzifələrimizə ürəkdən bağlıyıq. Keçirilən təlimlərdə qarşıya qoyulan müxtəlif tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gəlməyə daim səy göstəririk. Bu gün nümunəvi xidmətimizə görə rəhbərlik tərəfindən mükafatlandırıldıq. Çəkdiyimiz əziyyətlərin bəhrəsini görmək xoş hisslər aşılayır. Bunu sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Göstərdikləri diqqətə görə bütün silahdaşlarım adından rəhbərliyə minnətdarlığımı bildirirəm. Biz komandoyuq. Hava, su, quru bizim üçün fərq etmir. Ən çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə belə taktiki vərdişlərimizin təkmilləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün keçirilən  təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiririk".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"

 

***


Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə başlanan və rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə nəticələnən Vətən müharibəsində bütün qoşun növlərinin xidməti vardır. Döyüş əməliyyatlarında qələbənin əldə olunmasında xüsusi təyinatlıların yüksək fəaliyyəti olması danılmazdır. Onlar keçirilən təlim və kurslarda qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etdilər. Xüsusi təyinatlıların peşəkarlığı göstərdi ki, onların döyüş qabiliyyətinə, fiziki imkanlarına, çevikliyinə, sürətli manevr imkanlarına malik adekvat birləşmələrin qurulmasına ehtiyac var. Məhz ona görə də Ali Baş Komandanın tapşırığı ilə yeni komando birliklərinin yaradılmasına başlanıldı. Müzəffər Ali Baş Komandan Silahlı Qüvvələr Günü münasibətilə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə bu birliklərin əhəmiyyətindən söz açaraq deyib: "Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır. Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir".
Qeyd edək ki, komandolar  qabaqcıl təlimlər keçərək, hədəfə doğru inamla irəliləyən ən əhəmiyyətli hərbi qulluqçulardan ibarət qruplardır. Bu qruplar istənilən hədəfi qısa müddətdə aşkar edir və vəziyyəti qiymətləndirərək tapşırığı icra edirlər. Davamlı olaraq təlim keçdikləri üçün daim çevik olurlar. Ərzaqla təmin etməkdə çətinlik yaranan zaman qida ehtiyaclarını ödəmək üçün nə etməli olduqlarını, həmçinin tapşırığın icrası zamanı vahid komanda şəklində hərəkət etməyi bacarırlar.
Komando hərbi hissəsində olduğumuz zaman nümunəvi xidməti ilə fərqlənən, komandir və rəislərinin hörmət və rəğbətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İlqar Qasımovla tanış olduq. Tovuz rayonundan ordu sıralarına çağırılan həmsöhbətim əsgər kimi Vətən müharibəsində qəhrəmancasına döyüşərək vəzifə borcunu layiqincə yerinə yetirib. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Əsgəri xidmətini başa vurduqdan sonra Vətənə xidmətini davam etdirməyi qərara alıb.
İ.Qasımov Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərib. Buna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
İlqar bu gün də vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir və torpaqlarımızın keşiyində həmişə ayıq-sayıqdır. Söhbət zamanı şəxsi heyətə göstərilən diqqət və qayğıdan danışan kiçik çavuş bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğı şəxsi heyətimizin döyüş əzmini daha da artırıb, Vətənə, torpağa sədaqət hissini, qələbə ruhunu yüksəldib. Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri və Vətən müharibəsi təsdiq etdi ki, Azərbaycan Ordusu yenilməz və regionun ən güclü ordusudur.
- Komando hərbi hissəsində xidmət etdiyim üçün qürur duyuram. Burada bizim üçün hər cür şərait yaradılıb. Fiziki hazırlığımızı artırmaq üçün müasir tələblərə cavab verən idman şəhərciyi, döyüş hazırlığımızı artırmaq üçün təlim meydançaları, istirahətimiz üçün ideoloji otaq və s. istifadəmizə verilib. Biz də yaradılan hərtərəfli şəraitin qarşısında xidmətimizi düzgün təşkil edir, düşmən işğalından azad olunan torpaqlarımızda ayıq-sayıq xidmət aparırıq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İlqar Qasımovla söhbətimizdən bir daha əmin olduq ki, gərgin və səmərəli təlimlərdən keçmiş yüksək fiziki dözümlülüyə və döyüş qabiliyyətinə malik olan komandolarımız istənilən vaxt, istənilən hava şəraitində və istənilən yerdə verilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə qadirdirlər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"