Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2022 12:50

Zəfər ordu quruculuğumuzda yeni mərhələ oldu

"N" hərbi hissəsində xidmət edən Vətən müharibəsi iştirakçısı leytenant Azər Mədədovla tanışlığımız zamanı öyrəndim ki, zabit olmaq istəyi onun uşaqlıqdan xəyalı olub. "Ailədə, məktəbdə aşılanan vətənpərvərlik hissi Azərbaycan xalqına məxsus olan ən önəmli hisslərdən sayılır. Bu hisslərdən təsirlənərək qərara gəldim ki, Vətəninin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunması üçün hərbçi olum", - zabit dedi.
Orta məktəbi başa vurduqdan sonra ali hərbi təhsil alaraq mühəndis-istehkamçı ixtisasına yiyələnən zabitin xidmətinin ilk çağlarında Vətən torpaqlarının azadlığı uğrunda müharibə başladı. Zabit olmaq istəyi gerçəkləşdikdən qısa müddət sonra Azər Mədədovun tarixi torpaqlarımızı azad görmək arzusu çin oldu. Qeyd edim ki, leytenant Mədədov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Gənc zabit qisas qiyamətə qalmaz deyərək söhbətinə davam etdi:
- Bir ildən az bir zamanda mənim üçün ən vacib iki arzum reallaşdı. Leytenant hərbi rütbəsininə layiq görüldükdən sonra torpaqlarımızın azadlığı ilə nəticələnən haqq savaşımızda iştirak etdim. Döyüş meydanında həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını alan ordumuzun sıralarında mən də var idim. Döyüşə atıldığımız silahdaşlarımdan "Biz bunu bacaracağıq. Qarabağımızı geri alacağıq" kimi ürəkaçan sözləri eşidəndə döyüşə-döyüşə, Vətən sevgisiylə Qarabağı azad edəcəyimizi düşündüm. Bu düşüncələrlə bir-birimizi fərəhləndirə-fərəhləndirə xalq-ordu birliyindən ilham alırdıq. Döyüşdən-döyüşə Ali Baş Komandanın əmrini daha cəsarətlə yerinə yetirirdik. Bildiyiniz kimi, mühəndis-istehkamçılar tapşırıqları mürəkkəb şəraitdə yerinə yetirirlər. Ordumuzun istehkamçıları hava şəraitindən, habelə gecə-gündüz demədən vəzifə borclarının öhdəsindən yüksək peşəkarlıqla gəldilər. Müharibə zamanı qarşıya qoyulan bütün tapşırıqları uğurla icra etdilər. Düşmənin mina sahələrini təmizləyərək, ordumuzun irəliləməsi üçün keçidlər açdılar. Bundan başqa, döyüş əməliyyatları zamanı təhlükəsizliyin təmin olunması üçün azad olunan ərazilərdən sursatların qalıqlarını, habelə patlamayan mərmiləri təmizlədilər. İstehkamçıların yüksək bacarıqlarının başlıca səbəblərindən biri də təcrübəli olmaları idi. Təlimlərdə komandirlərin rəhbərliyilə keçirilən məşğələlər real döyüş şəraitinə maksimal uyğunlaşdırılırdı. Şərti düşmənin mina sahələri təmizlənir, qarşı tərəfin hərəkətlərini çətinləşdirmək və daha böyük itkilərə məruz qoymaq məqsədilə maneələr yaratmaq mövzularında mütəmadi əməli və nəzəri dərslər keçirilirdi. Təlimlərdə öyrəndiyimiz biliklər və Vətən müharibəsində qazandığımız təcrübə mühəndis-istehkamçılarımız üçün bu gün də çox önəmlidir. Torpaqlarımızda hələ də ermənilərin basdırdıqları minalar mövcuddur. Lakin əminliklə demək olar ki, yaxın vaxtlarda torpaqlarımızda bir ədəd belə təhlükə yarada biləcək düşmən izi qalmayacaq. Çünki azad edilən ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə Azərbaycan Ordusu çox ciddi nəzarət edir.
Gənc zabit Azər Mədədovun sonda dediyi sözlər könlümə rahatlıq ələdi. Həqiqət danılmazdır. Artıq on minlərlə hektar ərazimiz mina və partlamamış döyüş sursatlarından təmizlənib. Xalqımız əmindir ki, qısa müddət ərzində Qarabağda minatəmizləmə və təmir-bərpa işləri bitəcək, doğma torpaqlarımız sakinləri də, qonaqları da qoynuna alacaq.
Bu gün tam inamla deyə bilərik ki, zəfər ordu quruculuğumuzda mühüm mərhələnin başlanğıcı oldu...

İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"