Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2022 12:50

“Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, mərd oğullarımızın sağlamlıqlarının keşiyində dayanmalıyıq”

Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün sahələrdə olduğu kimi, insanların sağlamlığını, səhiyyənin və tibb elminin inkişafını, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı prosesi geniş vüsət aldı. Yeni elmi mərkəzlər açıldı, elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Ümummilli Liderin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi, ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı.
Bu gün digər sahələr kimi, Azərbaycan səhiyyəsində də görülən işlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda insanların sosial rifahı, sağlamlığı prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri bu gün dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır.
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Ümummilli liderimiz Heydər Əliyev həkimlərin, tibb işçilərinin misilsiz xidmətlərini vurğulayaraq qeyd edirdi: “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”. Vətənimizin keşiyini çəkən, torpağı canından əziz bilən oğullarımızın sağlamlığını qoruyan hərbi həkimlərimiz isə daha çox hörmətə və ehtirama layiqdirlər. Bu səbəbdən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də əsgərlərimizin sağlamlığıdır. Şəxsi heyətin sağlamlığının keşiyində dura bilmək üçün isə ordumuzun bütün bölmələrində müasir tibbi avadanlıqlarla təchiz olunmuş hospital və tibb məntəqələri fəaliyyət göstərir.
Bu yaxınlarda Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak etdi. Açılış zamanı bildirildi ki, hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusu da inşa edilib. Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradıldı.
Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçularla və tibbi personalla görüşdükdən sonra şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması, sağlamlığının qorunması və tibb xidmətinin daha səmərəli təşkil olunması ilə bağlı müvafiq tapşırıqlar verdi.
Hərbi hospitalın rəisi tibb xidməti polkovniki İlqar Əliyevlə söhbət etdik. O bildirdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da  gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. Bunun nəticəsidir ki, bizim yeni istifadəyə verilmiş hərbi hospital cəsur oğullarımızın canı bahasına azad edilən Xocavənd rayonunda inşa edilib. Dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunan palatalarda Vətən müdafiəçilərinə yüksək səviyyədə tibbi xidmət göstərilməsi və sağlamlıqlarını hərtərəfli təmin etmək üçün hər cür şərait mövcuddur. Bunun qarşısında biz də üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, mərd oğullarımızın sağlamlıqlarının keşiyində dayanmalıyıq. Bunun üçün bütün həkimlərimiz qürur duyur və fəxr edirlər.
- Tibb xidmətinin vəzifəsi yalnız yaralanmış və xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdir. Bunun üçün burada xidmət edən bütün tibbi personal əlindən gələni əsirgəmir. Hospitalımızda hərbi qulluqçuların sağlamlığının keşiyində duran təcrübəli kadrlarımız, hərbi həkimlərimiz var. Onların arasında 2016-cı ilin Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edən həkimlərimiz də var. Həmin döyüşlərdə onlar özünü ən yaxşı cəhətdən göstərərək, qəhrəmanlıq nümayiş etdirdilər. Əks-hücum əməliyyatında yaralılara ilkin tibbi yardım göstərildi. Onlara zirehli sanitar avtomobillərlə döyüş meydanından təxliyə edilərkən yolda tibbi müdaxilələr edilirdi. Əlbəttə ki, gördüyümüz iş Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildi.
Hərbi hospitalda müalicə alan əsgərlərlə söhbətimiz zamanı peşəkar hərbi həkimlərin göstərdikləri diqqət və qayğıdan və bu cür şəraitdən razı olduqlarını bildirdilər. Lənkəran rayonundan ordu sıralarına qatılan əsgər Qəzənfər Hacızadə bildirdi ki, həkimlərimizin düzgün müayinə və müalicəsi nəticəsində tez bir zamanda xidməti yerimə qayıdacağam. Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündən danışan əsgər dedi ki, bu hadisə yaddaşıma ömürlük həkk olunacaqdır. "Cənab nazirin bizimlə səmimi söhbət etməsi, problem və qayğılarımızla maraqlanması hər birimizdə ruh yüksəkliyi yaratdı. Bundan sonra da xidmətimi düzgün təşkil edəcək, qarşıya qoyulan bütün əmr və tapşırıqları vaxtında yerinə yetirəcəyəm".
Əsgər Cəlil Əhmədzadə bildirdi ki, hospitalda xidmət edən bütün həkimlərimiz bizə doğma münasibət bəsləyir və qayğımıza qalırlar. "Onların sayəsində heç bir narahatçılığımız yoxdur. Buna görə də hər birimiz burada çalışan bütün həkim personalına dərin minnətdarlığımızı bildiririk. Bu yaxınlarda biz müdafiə naziri ilə görüşdük. Əlbəttə, bu hadisə bizim üçün qürurvericidir. Müdafiə naziri problemlərimizlə maraqlandı və tezliklə sağalıb xidmətimizə dönməyi arzuladı. Bu əlamətdar hadisə xidmətimi daha da yaxşı təşkil etmək üçün bir stimul olacaq".
Əsgər Fərrux Fəttayev digər əsgər yoldaşları kimi hərbi həkimlərimizin işindən razı olduğunu dedi. "Gördüyünüz kimi müraciət edən bütün xəstələrin tez bir zamanda sağalması üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, mütəmadi olaraq peşəkar hərbi həkimlərimiz bizimlə maraqlanırlar. Bir neçə gün öncə müdafiə naziri general-polkovnik Zakir Həsənovun bizimlə görüşməsi, ayrı-ayrılıqda problem və qayğılarımızla maraqlanması, tezliklə sağalıb xidmət yerinə dönməmizi arzulaması bizi qürurlandırdı. Göstərilən bu cür yüksək diqqət və qayğının qarşısında xidmətimi daha yaxşı təşkil edəcəyəm".
Əsgər Kənan Ağamalıyev və digərləri  hərbi hospitaldakı şəraitdən, onlara göstərilən münasibətdən, həkimlərimizin peşəkarlığından razı olduqlarını vurğuladılar. Həmçinin müdafiə naziri ilə görüşdən qürurlandıqlarını bildirdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"