Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2022 12:50

Rəşadətli ordum, yenilməz ordum!

Azərbaycan Ordusu - Vətənimizin xilaskarı! Çətin günlərdə dövlətimizin, xalqımızın dayağı! Azərbaycan Ordusu - müstəqilliyimizin etibarlı təminatçısı, xoş günlərimizin qarantı, xalqımızın vuran qolu! Sən cəsarətinlə, hünərinlə düşmənin keçilməz hesab etdiyi səngərləri dağıtdın, illərdən bəri erməni işğalçılarının beton sədlərlə bağladıqları Qarabağa gedən yolları açdın. Azərbaycan Ordusu - xalqımın sevgi ünvanı, işğal olunmuş torpaqlarımıza gedən qələbə karvanı.
Azərbaycan Ordusu, sənin sıralarında xidmət edən Babək qeyrətli, Cavanşir hünərli, Nəbi cəsarətli, Koroğlu qüvvətli hərbçilərimiz 2020-ci ilin ilıq payız günlərində Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala 44 gündə son qoydular. Zabit və əsgərlərimiz sarsıdıcı zərbələri ilə işğalçını diz çökdürdülər. "Vətən, Torpaq" - deyib döyüşə atılan oğullar düşmənə güclü zərbələr vuraraq, onları torpaqlarımızdan qovdular.
Azərbaycan Ordusu, sənin sıralarında Vətənə xidmət edən hərbçilər erməni işğalçılarının hücumlarının qarşısını almaq üçün: "Vətən, səni düşməndən azad edəcəyik!" - kəlməsini hayqıraraq döyüşlərə atıldılar. Atıldılar ki, yurdumuzu işğalçılardan azad etsinlər, illərlə uzanan işğala son qoysunlar. Azərbaycan əsgəri torpaqlarımızın azad olunması uğrunda döyüşlərə atılarkən təkcə avtomatla, pulemyotla silahlanmamışdı. Əsgərlərimiz Babəkin, Koroğlunun, Qaçaq Nəbinin ruhu ilə silahlanmışdı! Həmişə mənəvi güc-qüvvət aldığı hərbi marşlarla silahlanmışdı! Qəlbini parçalayan qisasla, intiqamla silahlanmışdı! Neçə illərlə qəlbini didib-parçalayan nifrətlə silahlanmışdı! Qaradağlı hirsi ilə, Xocalı, Bağanıs-Ayrım, Ağdaban qəzəbi ilə, Şuşa naləsi ilə, "Qarabağ şikəstəsi" ilə, Vətən həsrətiylə, torpaq nisgili ilə silahlanmışdı! Şəhidlərin ruhu ilə, gözü yaşlı anaların, bacıların duaları ilə silahlanmışdı. Zəfər əzmi,  qələbə ovqatı ilə silahlanmışdı. Cəsarətlə, hünərlə, rəşadətlə silahlanmışdı! Ən əsası Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" kəlamı ilə silahlanmışdı!
Vətən sevgisi ürəyinə sığmayan Azərbaycan əsgəri döyüşlərə zəfər əzmi ilə atıldı, xalqına qələbə müjdəsi vermək istəyi ilə qatıldı. Müharibə başlayan günlərdən xalq ordusunun yanında dayandı, ona arxa durdu. Bildi ki, Vətən bu birliyin qüdrətindən qüvvət alıb azad olunacaq. Vətən xalqın gücü ilə Vətən olacaq, torpaq bu birlikdən boy verəcək. Vətənin azadlığı naminə xalq-ordu-Ali Baş Komandan birliyi daha da möhkəmlənəcək. Bu monolit birlik sel kimi kükrəyərək erməni işğalçılarını qabağına qatıb torpaqlarımızdan silib atacaq.
Qələbə əzmi ilə döyüşən Azərbaycan əsgəri qısa vaxtda üstünlüyü ələ alaraq torpaqlarımızı kənd-kənd, şəhər-şəhər erməni işğalçılarından azad etdi. Qəsbkarlar ordumuzun güclü əks-hücumları qarşısında dayana bilmədilər, canlı qüvvələrini, texnikalarını da ataraq geri çəkildilər. İşğalçının məhv ediləcəyi gün yetişmişdi. Ordumuzun vurduğu zərbələrdən başını itirən düşmən nə edəcəyini, hara gedəcəyini, harada gizlənəcəyini də bilmirdi. Ordumuzun zabit və əsgərləri döyüşlərdə böyük hünər və rəşadət göstərərək Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya və digər yurd yerlərimizə qalibiyyət bayrağımızı sancdılar. Noyabrın 8-də isə rəşadətli Azərbaycan Ordusunun qəhrəman hərbçiləri cəsarət və hünərləri ilə tarix yazaraq üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan əsgərinin hünəri, cəsarəti düşməni məğlubiyyət aktına imza atmağa məcbur etdi. Ordumuzun rəşadəti qarşısında duruş gətirməyən işğalçılar məğlubiyyət rəmzi olan ağ bayraq qaldıraraq Ağdamdan, Kəlbəcərdən, Laçından döyüşsüz çıxmağa məcbur oldular. Azərbaycan əsgəri bu qələbəni canı ilə, qanı ilə, qəhrəmanlığı ilə qazandı. İndi yavaş-yavaş illərdən bəri həsrətini çəkdiyimiz torpaqlarımıza qayıtmağa hazırlaşırıq. Bu qayıdış əbədidir, həmişəlikdir.    
Qürurvericidir ki, Vətən müharibəsində vuruşan zabit və əsgərlərin əksəriyyəti 1993-1994-cü illərdə doğma ocaqlarından didərgin düşmüş gənclərdir. Artıq onlar böyüyüb yaşa dolmuş, hərbi biliklərə və döyüş vərdişlərinə dərindən yiyələnmişdilər. Yurdumuzu işğal etmiş düşmənlə vuruşmağa, savaşmağa, ona qalib gəlməyə hazır və qadir idilər. Onlar İkinci Qarabağ müharibəsində güclərini düşmənə yaxşıca göstərdilər. Zəfərləri ilə, uğurları ilə qəsbkarları məhv etdilər. Uşaq ikən çıxdıqları torpaqlara zirehli texnikaların üstündə qayıtdılar. Dünyaya göstərdilər ki, bu yerlər ermənilərin deyil, onların doğma torpaqlarıdır.
Azərbaycan əsgərinin uğurlu döyüşlərindən, qəhrəmanlığından yeni bir Qarabağ doğulacaq. Bu gözəl yerlər daha da gözəlləşəcək. Qarabağın gözü qönçə-qönçə açılacaq, buz bulaqlardan damcı-damcı nur saçılacaq, yurdumuz çiçək-çiçək bəzənəcək.
Vətən müharibəsində ordumuz düşmən üzərində zəfər çaldıqca sevinir, xoş hisslər keçirirdik. Bu gün də iftixar dolu anlar yaşayırıq, çünki ordumuz illər uzunu işğalda qalmış torpaqlarımızı azad edib. İndi Ali Baş Komandanımız məğrurdan məğrur, xalqımız və ordumuz qalibdən qalibdi.
İndi xalqımız sevinə-sevinə, fərəhlə deyir ki, mənim rəşadətli ordum, yenilməz ordum! Sən hünərinlə düşmənin gözünü oydun, qəhrəmanlığınla tarixin səhifəsində dərin izlər qoydun. Sən tarix durduqca yaşayacaqsan! Sən buna layiqsən, Azərbaycan Ordusu!

"Azərbaycan Ordusu"