Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2022 15:00

Oğullarımın xidmətindən qürurluyam

İki oğul atasıyam. Hər iki oğluma görə əsgər atası adının sevincini, qürurunu yaşayıram. Bu məktubu da bu qürur yazdırır. Böyük oğlum Sadiq müddətli həqiqi hərbi xidmətini layiqincə başa vurub. Daxilindəki Vətən sevgisi ilə yenidən - 2019-cu ildən ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Kiçik oğlum Rəvan müddətli həqiqi hərbi xidmətini bu günlərdə başa vuracaq. Hər iki övladım xidməti müddətində fəxri fərmanlarla təltif olunub, onların nümunəvi xidmətinə görə ailəmizə "Təşəkkürnamə"  göndərilib. Tərifnamələrin yaşatdığı hisslər izahedilməzdir. Ata-ana üçün bundan böyük xoşbəxtlik yoxdur.
Vətənin keşiyində durmaq şərəfdir. Hərbi xidmət hər bir oğulun Vətən qarşısında müqəddəs, məsuliyyətli, həm də şərəfli vəzifəsidir.
"Ordu həyatı gənclərimiz üçün kişilik məktəbidir", - düşüncəsinə mən də qatılıram. Danılmazdır ki, bu məktəb gənclərimizi fiziki, mənəvi-psixoloji cəhətdən formalaşdırır, möhkəmləndirir, mətinləşdirir, həyatın çətinliklərinə sinə gərməyi öyrədir.
Hər iki oğlumun andiçmə mərasimində ailə üzvlərimlə birlikdə iştirak etmişəm. Hərbi hissənin nəzarət-buraxılış məntəqəsində əsgər valideynlərini çox hörmətlə qarşılamışdılar. Belə bir münasibət, sözsüz ki, əsgər valideynlərinin xatirində sonsuzadək qalacaq.
Hərbi hissə ilə tanışlıqdan sonra bütün əsgər yaxınlarının çöhrəsinə bir rahatlıq çökmüşdü. Əsgərlərimizin şəraitinə baxanda adamın ürəyi açılırdı. Onların xidmətləri ilə yanaşı, istirahətləri üçün də yüksək şərait yaradılıb. Əsgər süfrəsinə qonaq olub, xörəklərindən dadmışdıq. Sizlər də mənimlə razılaşarsınız ki, əsgər analarını ən çox düşündürən övladlarının qidalanmasıdır. Süfrədəki təamların dadına baxdıqdan sonra həyat yoldaşımın üzü gülürdü. Çünki bu yeməklərin ləzzəti ev xörəklərindən seçilmirdi. Öyrənmişdik ki, bu təamları da qadınlar, analar bişirirlər.
Məzuniyyətə gəldikdə də övladımın hər bir hərəkəti, kəlməsi bizə gözəl duyğular yaşatdı. Xidmətə gəldikdən sonra daha da dolğunlaşmış, hərəkətlərinə bir çeviklik qatılmışdı. Ordu həyatı oğullarımı səliqə-sahmanlı, nizam-intizamlı, məsuliyyətli bir vətəndaş olaraq formalaşdırıb.
Mən Sovet ordusunda xidmət etmişəm. Tam səmimiyyətimlə deyirəm: ordumuzda övladlarımıza yaradılan şərait keçmiş sovet ordusunda yox idi. Bu gün oğullarımın doğma Vətənimizdə, yüksək bir şəraitdə xidmət etmələri məni çox qürurlandırır.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək gücünü düşmənlərimizə və bütün dünyaya sübut etdi. Qazanılan Böyük Qələbə, əldə edilən nailiyyətlər Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir. Övladları qalib ordu sıralarında xidmət edən valideyn olaraq bu məktubu yazmaqla minnətdarlığımı ifadə etməyi özümə borc bildim. Şanlı Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Azərbaycan vətəndaşı olaraq oğullarımın belə bir qüdrətli orduda xidməti ilə fəxr edirəm.

Əhməd NƏCƏFOV əsgər atası, Neftçala rayonu, Boyad kəndi