Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2022 15:00

“N” hərbi hissəsində ehtiyata buraxılan əsgərlərlə maarifləndirici söhbətlər aparıldı

Tovuz döyüşlərinin ildönümü ilə bağlı "N" hərbi hissəsində ehtiyata buraxılan əsgərlərlə maarifləndirici söhbətlər aparıldı.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan suverenliyi və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hərbi hissənin zabiti mayor Rəşad Əliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatdan, ordumuzun bu hücumun qarşısını layiqincə almasından danışdı. Bildirildi ki, Ermənistanın dövlət sərhədinə xaincəsinə hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda, düşmənə ağır zərbələr endirildi, çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. "Təxribatların qarşısını alarkən döyüş meydanında mərdliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız xalqımızın yaddaşında ədəbi olaraq yaşayacaqlar. Onların həyatı və şərəfli döyüş yolu hər birimiz üçün örnəkdir".
Zabit, həmçinin 2020-ci ilin 27 sentyabrından başlayan uğurlu əks-hücum əməliyyatından da söhbət açdı. "44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu və xalqı bir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi. Azad edilən ərazilərimizdə üçrəngli şanlı bayrağımız dalğalandırıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgərlərimiz 30 il ərzində həyatını itirən bütün Vətən oğullarının qisasını aldılar. Azərbaycan Ordusu öz gücünü bir daha düşmənə və onun havadarlarına, habelə bütün dünyaya sübut etdi”.
Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətlərini başa vuraraq ehtiyata buraxılan əsgərlərdən Amin Əlimuradov, Qəhrəman Nəcəfli, Emin Nağıyev və digərləri Ali Baş Komandanın hər bir əmrinə daim hazır olacaqlarına söz verdilər.

"Azərbaycan Ordusu"