Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2022 15:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır

Suallar:

1. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

2. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.

 

 

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir

 


Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan xalqımızın ümummilli lideri Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və müstəqilliyimizin bərpa edilməsinə nail olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması, ordu quruculuğu Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Mədəniyyətimizin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması onun misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət etməklə beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.
Ulu Öndərin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir.
Xalqımızın Ümummilli Liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Ulu Öndərin fəaliyyətinin nəticəsidir.
Dahi Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın, işğaldan azad olunmuş ərazilərin sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısıdır


Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən 19 ildə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu. O, peşəkar siyasətçi, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedoqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Cənab İlham Əliyev siyasi Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Azərbaycana böyük siyasi nüfuz qazandırdı.
Beynəlxalq mühitə cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq cənab İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.  Xalq 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edəndə necə qətiyyət göstərmişdisə, üçüncü minilliyin üçüncü ilində cənab İlham Əliyevi Azərbaycan Prezidenti seçəndə də elə qətiyyət göstərdi.
Bu taleyüklü hadisə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı Ümummilli Liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə dərindən inanır və cənab İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Nəhayət, yeni liderini tarixi məsuliyyət və qətiyyətlə müəyyənləşdirən xalq gələcəkdə milli dövlət quruculuğunun qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində yeni ölkə rəhbərinin siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir. Müstəqilliyin ilk mərhələsində Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa qoymadı.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm bir özüldür. O, milli-mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Türk dünyasının unudulmaz lideri Heydər Əliyevin türkdilli dövlətlərin və toplumların qarşılıqlı əlaqələri, yüksəlişi strategiyasını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam və inkişaf etdirməkdədir. O, türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması uğrunda müasir dövrün türk lideri olaraq böyük xidmət göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli varisi olan cənab İlham Əliyev Prezident kimi Türkiyəyə ilk rəsmi səfəri ərəfəsində demişdi: "Biz öz siyasətimizi müstəqil şəkildə aparmalıyıq ki, xalqlarımız, millətimiz daha da güclənsin, qüdrətlənsin, möhkəmlənsin. Bizim gücümüz də birlikdədir". Hər iki ölkənin dövlət rəhbərlərinin çoxsaylı görüşlərində həm Azərbaycanın, həm də Türkiyənin xüsusi beynəlxalq problemlərinin həllində prinsipial mövqe nümayiş etdirməsi həmin "güc birliyi"nin siyasi reallıq olduğunu bütün dünyaya dəfələrlə nümayiş etdirmişdir.  
 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu gün Qafqaz regionunun şəriksiz lideri sayılır, onun razılığı olmadan bu bölgədə heç bir ciddi layihəyə start verilmir. 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti inkişaf etdirilir.  
Son 19 ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətini inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğunu xüsusilə diqqət mərkəzində saxlayıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi, haqq-ədalət, beynəlxalq hüquq normaları bərpa olundu.
Azad edilmiş 10 min kvadratkilometr ərazidə yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellərin tikintisi kimi hərtərəfli işlər görülür. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanının inşası, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikintisinin davam etdirilməsi, Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhərin inşa olunması və məcburi köçkünlərin qayıdışı üçün reallaşdırdığı Zəngilan rayonunun Ağalı kəndində ilk pilot layihəsi bunların bariz nümünəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Ordusunu formalaşdırdı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan xalqımızın ümummilli lideri Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün ulu öndər Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.  
 
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi