Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2022 15:00

Tovuz döyüşləri Vətən müharibəsinin başlamasının qığılcımı oldu

Vətən müharibəsinə gedən yolun başlanğıcı olan Tovuz döyüşlərinin başlamasından artıq iki il ötür. Ordumuzu Böyük Qələbəyə aparan 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri Vətən müharibəsində mütləq Qələbəmizin carçısı oldu. 12 iyul 2020-ci il tarixində günorta saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində yeni mövqelər ələ keçirmək məqsədilə qəfil hücuma keçməyə cəhd etdilər. Lakin hərbi qulluqçularımızın ayıq-sayıqlığı nəticəsində görülən adekvat tədbirlər nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edildi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alındı və hər hansı ərazi itkisinə yol verilmədi. Ağır döyüşlər zamanı Azərbaycan Ordusunun biri general-mayor olmaqla, yüksək və kiçik rütbəli 12 hərbi qulluqçusu qəhrəmancasına şəhid oldu.
Tovuz döyüşlərinin ildönümü ərəfəsində bütün bu hadisələrin baş verdiyi döyüş mövqelərinə Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələri üçün media-tur təşkil olundu. Media-turun məqsədi yaddaşları təzələmək, baş verən hadisələri yenidən xatırlamaq, döyüşləri təhlil etmək və qarşı tərəfin niyyətini bir daha ictimaiyyətə çatdırmaqdır. Media nümayəndələri ilə birlikdə qəhrəman hərbçilərimizin rəşadətlə döyüşdüyü həmin ərazilərə yollanırıq.
Qızmar yay günündə səfərimiz torpaq sevgisinin hərarətini, torpağın ürək döyüntüsünü daha çox duyduğumuz səngərlərədir. Yaşayış məntəqələrini keçdikdən sonra dağlı-dərəli yollar başlayır. Dağlara, dağlar qoynunda yerləşən səngərlərə doğru irəlilədikcə hava dəyişir. Ətrafa nəzər yetirdikcə yaşayış məskənləri, evlər uzaqlaşaraq geridə qalır. Yol boyu hər tərəfdə təbiətin bütün rənglərini görmək olur. Çox əsrarəngiz mənzərədir. Dolanbac yollar ilan kimi qıvrılaraq zirvələrə ucalır. Yollar nə qədər sərt döngəli, təhlükəli olsa da, gedəcəyimiz ünvana rahat çatacağımıza əminik. Çünkü təcrübəli sürücü kiçik çavuş Mətləb Məmmədovun peşəkarlığı, hərbi nəqliyyat vasitəsini bacarıqla idarə etmələri bizdə bu rahatlığı yaradır. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub boya-başa çatan Mətləb bu yerlərin hər qarışına bələd olduğunu bildirir: "Uşaqlığım bu dağların ətəklərində keçib. Kəndimiz hərbi bölmələrin yaxınlığında yerləşdiyindən uşaq vaxtlarımda buradan keçən hərbi avtomobilləri görüb hərbçi olmaq və həmin avtomobillərdən idarə etmək arzusu ilə yaşayırdım. Avtomobili idarə etmək asandır, hamı bu vərdişlərə alışa bilər. Yalnız sürücü öz məsuliyyəti, peşəkarlığı, təmkini ilə digərlərindən seçilməlidir. Zirvələrə qalxan bu yollar hər nə qədər təhlükəli olsa da, bizlər üçün düşmənə qarşı sipərə çevrilən dağ vüqarlı oğullarımızın yanına aparır. Mən də bir sürücü kimi qarşıma qoyulan bütün tapşırıqları vaxtında və nöqsansız yerinə yetirməyə çalışıram".
Söhbət edə-edə sıx meşələri, sıldırım qayaları arxada qoyuruq və zamanın necə ötüb keçdiyinin fərqinə varmadan döyüş mövqeyinə çatırıq. Bu da səngər... Bu da Vətənin keşiyində duran, düşmən təxribatının qarşısını almağa hər an hazır Azərbaycan əsgəri...
Qanlı döyüşlərin baş verdiyi, 12 hərbi qulluqçumuzun düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığı həmin mövqelərimizdəyik. Burada baş verənlərin yenidən yaddaşlara həkk edilməsi üçün döyüşlərin iştirakçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Kamran Quliyev ilə söhbətləşirik. "2020-ci il iyulun 12-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından da istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdilər. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan Tovuz rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli yüksəklikləri əldə edərək ətraf əraziləri öz nəzarəti altına salmaq niyyətində idi. Lakin komandanlıq tərəfindən bölmələrimizə dərhal müvafiq əmr və göstərişlər verildi. Təxirəsalınmaz cavab tədbirləri görülərək mənfur düşmənin çirkin əməlinin qarşısı alındı. Döyüşlər zamanı düşmənin müdafiəsinin ön xəttindəki atəş nöqtələri, dayaq məntəqələri, döyüş texnikaları, o cümlədən pilotsuz uçuş aparatları məhv edildi.
Təəssüf ki, döyüşlər itkisiz olmur. Düşmən təxribatının qarşısını alarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən 12 hərbi qulluqçumuz şəhid oldu. Onların qanı yerdə qalmadı. Həm iyul döyüşlərində, həm də Vətən müharibəsi zamanı rəşadətli ordumuz tərəfindən şəhidlərimizin qisası alındı. Bu gün bu döyüş mövqeyində mətinliklə dayanıb, istənilən təxribatın qarşısını dərhal almağa qadirik", - Kamran deyir.
Həmin günün növbəti şahidi və iştirakçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məzahir Əliyev döyüşləri belə xatırlayır: - "Döyüş növbətçiliyində olduğum zaman Ermənistan silahlı qüvvələri qarşı tərəfdə yerləşən mövqelərindən əvvəlcə atıcı silahlardan istifadə etməklə atəşkəsi pozdular. Daha sonra 60, 82, 120 millimetrlik minaatanlardan və digər ağır artilleriya qurğularından da istifadə edərək hücuma cəhd göstərdilər. İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-si axşam saatlarınadək davam etdi. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alındı və hər hansı ərazi itkisinə yol verilmədi".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bakir İsmayılov da Tovuz döyüşləri zamanı öz xidməti vəzifəsini layiqincə yerinə yetirərək Vətən torpağının müdafiəsində inamla dayananlardandır. Uzun illərdir hərbi formanı qürurla daşıyan Bakir düşmən təxribatını xatırlayaraq həmin anlardan söz açır: "Düşmən dəfələrlə təxribatlara əl ataraq atəşkəs rejimini pozmağa cəhd edib. Bölmələrimiz tərəfində hər zaman düşmən cavab atəşi ilə susdurulub. Həmin gün - 2020-ci ilin 12 iyul tarixində yenə də çirkin əməllərindən əl cəkməyən Erməninstan silahlı qüvvələri dövlət sərhədimizi pozmağa və mühüm yüksəklikləri ələ keçirməyə çalışdı. Ancaq vaxtında bölmələrimiz tərəfindən cavab tədbirləri görüldü. Döyüşlər zamanı hərbçi yoldaşlarımız arasında qəhrəmancasına şəhid olanlar olsa da, düşmən mübarizə əzmimizi qıra bilmədi. Torpaqlarımızın müdafiəsində möhkəm dayanaraq düşmənin bir qarış belə irəliləməsinə icazə vermədik. Hərkəs əmin ola bilər ki, bu gün də dövlət sərhədimiz etibarlı əllərdədir. Azərbaycan hərbçisi hər an Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır və qadirdir".
Tovuz döyüşləri, həqiqətən də, Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinin başlamasının qığılcımı oldu. Bu döyüşlərdən nəticə çıxarmayan düşmən təxminən iki ay yarım sonra növbəti təxribata əl atdı. Bu dəfə daha genişmiqyaslı xarakter alan təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan tərəfindən əks-hücum əməliyyatının başlaması ilə bağlı əmr verildi. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək işğalda olan torpaqlarımızı azad etdi. Döyüş meydanında düşməni məhv edərək Böyük Qələbə qazanan qəhrəman hərbçilərimiz şəhidlərimizin qanını yerdə qoymadı, Azərbaycan xalqına qürurlu, sevincli anlar yaşatdı.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu",
İsa İSMAYILOV Müdafiə Nazirliyi Mətbuat Xidməti