Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2022 15:40

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxanasına kitablar bağışlanıldı

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Azərbaycan Yazıçılar Birliyinin bir qrup üzvü və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin şəxsi heyəti iştirak etdilər
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə iştirak edənlərin diqqətinə çatdırıldı ki, Azərbaycan Yazıçılar Birliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxanasına 1500-dən çox müxtəlif adda kitab bağışlayıb. Mədəniyyət Mərkəzinin kitabxana müdiri Zəminə Xınalı çıxışında bildirdi ki, bağışlanan kitablar əsgər və zabitlərin asudə vaxtının səmərəli təşkilinə dəstək məqsədilə hərbi hissələrə göndəriləcəkdir.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu vurğuladı ki, hərbi hissələrdə xidmətdə olan əsgər və zabitlərimizə yazıçıların əqli məhsulları olan kitabları çatdırmaq bizim xidmətimizdir. Belə deyim var: "Torpağı əkib-becərmədinsə, qorumağa, qorumadınsa, əkib-becərməyə dəyməz". Müharibələr də, döyüşlər də, qurbanlar da, itkilər də yalnız bir amala - xalqını, torpağını qoruyub güclü olmağa xidmət edir. Hər bir xalq öz mədəniyyəti, biliyi ilə digərlərindən seçilir. Belə təşəbbüslə bizi bir araya gətirən Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədri Gülxani Pənaha Yazıçılar Birliyinin rəhbərliyi adından təşəkkürümü bildirirəm.
Yazıçı-publisist Mirkazım Seyidov dedi: "Hər bir güclü dövlətin əsas dayağı onun xalqı, milləti, ziyalıları, yazarları və yenilməz ordusu  olmuşdur. Xoş hallardan biri də odur ki, bütün bu meyarlar Azərbaycan dövlətinə xas olan xüsusiyyətlərdir. Dövlət, xalq, ordu birliyimiz Vətən müharibəsində parlaq qələbələ qazandı. Birinci Qarabağ müharibəsində itirdiyimiz 20 faiz torpaqlarımızı işğaldan azad etdik. Biz zabit və əsgərlərimizi gücləndirən, mənəvi qidalandıran yazıçılarımıza, şairlərimizə minnətdar olmalıyıq".
Gülxani Pənah dedi ki, mənim qardaşım 90-cı illərdə şəhid olub. Biz bu qələbəni bütün şəhidlərimizə borcluyuq. İndi bizim üzərimizə düşən xidmətdə olan hər bir hərbi qulluqçunun ruhunu mənəvi qida hesab olunan kitablarla təmin etməkdir. Çünki yaradıcı insanlar olara bu layihədə cani-könüldən iştirak etmək mənəvi borcumuzdur.
Çıxış edən yazıçılar, publisistlər, şairlər kitabların həyatımızdakı rolu və əhəmiyyətindən geniş şəkildə danışdılar.
Layihəyə dəstək olan iştirakçılar "Əsgər ocağı" fəxri diplomu ilə təltif edildikdən sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər ifa edildi.

Hüsniyyə İDRİSOVA
"Azərbaycan Ordusu"