Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2022 15:38

“Biz Vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirildi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar jurnalist Əminə Yusifqızının "Biz Vətən üçün doğulduq" kitabının təqdimat mərasimi keçirildi.
İkinci Qarabağ müharibəsində şəhid olmuş yevlaxlı hərbçilərin qəhrəmanlığından, cəsurluğundan bəhs edən bu kitab bugünkü gəncliyin və gələcək nəsillərin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli olacaq. Vətən müharibəsində canından keçən 65 şəhidinşərəfli döyüş yolunu əks etdirən "Biz Vətən üçün doğulduq" kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi Məhəbbət Mehdiyeva, məsləhətçisi filologiya elmləri doktoru, professor Cahangir Məmmədlidir.
Təqdimat mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərasimi açıq elan edən M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda mübariz Azərbaycan əsgərlərinin qısa zamanda göstərdikləri fədakarlıq və qəhrəmanlıq nümunələrindən danışdı. Direktor 8 Noyabr Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə  həkk olunduğunu qeyd etdi. "Nəsillər dəyişəcək, amma qələbə günü qürur mənbəyi günü kimi yaddaşlarda qalacaq. İgid Azərbaycan oğulları Qarabağı, Şuşanı görmədən də, bu haqda kitablardan oxuyub, vətənpərvərlik dərsi götürmüşdülər. Onlar ölümün gözünə dik baxaraq 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı bizə qaytardılar".
Kitabın redaktoru Məhəbbət Mehdiyeva bildirdi ki, bu kitab Əminə xanımın şəhidlər haqqında yazdığı ikinci kitabıdır. Şəhid analarına ehtiramı onu bir daha bu mövzuya qayıtmağa məcbur edib. "Şəhidlər əbədi mövzumuzdur. Onların xatirəsi ədəbiyyatda, incəsənətdə, teatrda obrazlarda yaşayacaq. Onların hər biri haqqında oçerklər, hekayələr, povestlər yazılacaq. Əminə xanım kitabda hər oçerki bir epiqrafla təqdim edib, hər bir şəhidin həyat hekayəsinə bir sərlövhə verib. Eyni zamanda, oçerklərin hər biri qəhrəmanlıq dastanıdır".
Təqdimat mərasimində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova bildirdi ki, yazılan əsərlər, bəstələnən musiqilər şəhid analarının yaralarını sağaltmasa da, onlara bir təskinlik verir. Vətən, torpaq uğrunda canından keçən qəhrəman oğullar heç zaman unudulmur, əziz xatirələri xalqımızın yaddaşında əbədi yaşayır.
Professor Cahangir Məmmədli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək xalqımızın qəhrəman övladlarından bəhs edən kitabla bağlı fikirlərini bölüşdülər.
Tədbirin sonunda kitabın müəllifi Əminə Yusifqızı bu kitabı araya-ərsəyə  gətirənədək hər şəhid ailəsinə dəfələrlə baş çəkdiyini, onların acılarını, duyğu və həyəcanlarını yaşayaraq yazdığını vurğuladı. O, həmçinin qeyd etdi ki, qürurlu, güclü şəhid anaları, xanımları, bacıları ona bu kitabı yazmağa güc verib.

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"