Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2022 15:36

Vətəndaşlıq borcu

Sabunçu rayonundakı 80 saylı orta məktəbdə oxuyurdum. Məktəbimizdə vaxtaşırı müxtəlif tədbirlər keçirilirdi. Əksərində bütövlüklə yuxarı sinif şagirdləri iştirak edirdilər. Aylarla bu tədbirin ovqatı ilə yaşayırdıq.
Bir dəfə xəbər yayıldı ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev məktəbimizə gələcək. Çox sevindik. Dahi insanı lap yaxından görəcəkdik, səsini yaxından eşidəcəkdik.
Sevdiyimiz, hamının sevdiyi insan məktəbimizə gəldi. Müəllimlərlə görüşdü, şagirdləri salamladı. Dərslərimizlə maraqlandı. Cavablarımızdan razı qaldı. Çıxışında təhsilin əhəmiyyətindən də danışdı. O çıxışı illərlə unutmadıq.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndə hərbi xidmətdəydim. Bu təyinata nəinki biz azərbaycanlılar, digər millətlərin nümayəndələri də sevinirdilər. Sonralar bildim ki, buna səbəb dahi insanın xarakteri, insanlığa və insanlara sevgisiymiş...
Babam Böyük Vətən müharibəsi iştirakçısı olub. Onun xatirələrini həmişə maraqla dinləmişəm. Bu xatirələr, bir də dahi rəhbərin məktəbimizdəki çıxışında hərbçi peşəsi haqda dedikləri mənim peşə seçimimdə  mühüm rol oynadı...
1992-ci ilin mayından Azərbaycan Ordusunda xidmət etmişəm. Yaş həddinə görə təqaüdə çıxmışam. Ehtiyatda olan zabit kimi də gənc nəslin vətənpərvərlik tərbiyəsi prosesində iştirak etməyi özümə vətəndaşlıq borcu bilirəm.
Xidmət etdiyim müddətdə sülhməramlıların tərkibində Kosovoda, Əfqanıstanda olmuşam. Orada da Azərbaycan Ordusunun zabiti kimi layiqincə xidmət göstərmişəm. 2006-cı ildə Kosovonun Draqoş şəhərində dahi şəxsiyyətin büstünün açılışında mən də iştirak etmişəm. Bütün hərbi qulluqçularımız kimi mən də qürurlanmışam. Eyni duyğuları 2008-ci ildə Əfqanıstanın Kabil şəhərində də yaşamışam - sülhməramlıların xidmət etdiyi yerdə "Azərbaycan guşəsi"nin açılışında...
Əfqanıstanda 2008-ci il dekabrın 12-də Ulu Öndərin anım günü oldu. Tədbirdə 14 NATO dövlətinin yüksək rütbəli zabitləri də iştirak etdi...
Bütün bunlar mənim gənc əsgərlərlə söhbətlərimdə xatırlananlardandır.
Anam Tamillanın 84 yaşı var. O, bizə zamanında Ulu Öndərdən, onun respublikamıza rəhbərliyindən danışardı, sevgilərlə danışardı. Mənim övladlarım da bu sevgi ilə böyüyürlər...
Ulu Öndərin həyatı, azərbaycançılığı həmişə örnək olub. Bu örnəyi istər xidmətdə olan zabitlər, istərsə də ehtiyatda olan zabitlər yaşatmalıdırlar. Bu bizim vətəndaşlıq borcumuzdur.
    
Əmirbəy BAXŞİYEV
ehtiyatda olan mayor