Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2022 13:33

“Fəxr edirəm ki, Azərbaycan əsgəriyəm”

Quru Qoşunlarının komando hərbi hissəsində hərbi qulluqçunun istər tək, istərsə də qrup şəklində icra edə biləcəyi fəaliyyətləri izlədik. Peşəkarlıq, bacarıq, fiziki dözümlülük nümayiş etdirən komandolar tapşırıqları vaxtında, dəqiq və düzgün yerinə yetirirdilər. İlk baxışdan həm döyüş, həm də fiziki hazırlıqlarının yüksək səviyyədə olduğu nəzərə çarpırdı. Onlarla kəlmələşmək, fikirlərini dinləmək mənə hər zaman xoş hisslər yaşadıb. Hər söhbətimizdə döyüş və fiziki hazırlıqla mənəvi-psixoloji hazırlığın vəhdətini hiss etmişəm. - Vətən sevgisinin düşüncədən fəaliyyətə axışını izləmişəm.
Gizir Sahib Nəsibov Vətən sevgisini ömür yoluna çıraq bilənlərdəndir. Karate üzrə qara kəmər sahibidir. Ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən Sahib 2003-cü ildə karate üzrə dünya çempionu, 2008-ci ildə Avropa çempionu olub. 2017-ci ildə əməkdar məşqçi adına layiq görülən gizir, 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. "Komando kursu yüksək fiziki göstəricilər tələb edir. Bizim qrupda karate üzrə ikiqat dünya çempionu çavuş Babək Qəhrəmanov və ikiqat respublika çempionu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəxri Məmizadə, hərbi çoxnövçülük üzrə çempion çavuş Ülvi Axundov, güləş üzrə ikiqat respublika çempionu kiçik çavuş Aqil Ələsgərov və Silahlı Qüvvələr çempionu kiçik gizir Orxan İsmayılov xidmət edirlər. Təbii ki, nailiyyət qazanan ancaq onlar deyil, başqaları da var. Komando olmaq üçün fiziki göstəricilər önəmlidir. Bununla yanaşı, kursda psixoloji möhkəmlik də tələb olunur. Kurs uğurla bitdikdən sonra komandolara göy beretlər təqdim olunur ki, bu da xidmətimiz boyu bizi fərqləndirən xüsusiyyətlərdəndir", - gizir Sahib Nəsibov belə dedi.
Leytenant Turxan Qurbanov isə bildirdi ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. 2020-ci ildə leytenant hərbi rütbəsinə yiyələndikdən bir neçə ay sonra döyüşlərə qatılıb. Ordumuzun parlaq zəfəri ilə bitən Vətən müharibəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Komandoların təyinatı haqqında danışan Turxan bildirdi ki, bizim sıralarımızda xidmət etmək yüksək dözüm, iradə və bilik tələb edir. "Göy beret taxmaq üçün hərbi qulluqçu fiziki hazırlıq və bilik səviyyəsinin müəyyənləşdirilməsi imtahanlarını müvəffəqiyyətlə verməli, liderlik, düşünmə qabiliyyəti və qısa zamanda düzgün qərarvermə bacarıqlarına malik olmalıdır. Bunun üçün də döyüş hazırlığı planına əsasən Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla müxtəlif təlimlər keçirilir, birləşmələrin peşəkarlığı dayanmadan artırılır."
"Kikboksinq" üzrə dünya kubokunun qalibi çavuş Rəşad Əsədov söhbətimizdə  "Mən fəxr edirəm ki, Azərbaycan əsgəriyəm", - dedi. Səs tembri, maskalanması və ən əsası hər sözündəki Vətən kəlməsi mənəvi-psixoloji hazırlığın yüksək olmasından xəbər verirdi. Öyrəndim ki, Vətən müharibəsində döyüşənlərin sırasında olub. Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Gördüklərimdən belə nəticəyə gəldim ki, Azərbaycan Ordusu gücünü Vətənə sevgisindən alır və Ali Baş Komandanın hər bir əmrini qısa zamanda yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.

Leytenant
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"