Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2022 13:33

“Ulu Öndər bizə çox inanırdı…”

1993-cü ilin sonları idi. Ermənistan silahlı birləşmələri Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Ermənilər daha yeni əraziləri işğal etmək üçün  hücumlarını davam etdirirdilər. "N" hərbi hissəsində komandir müavini idim. Hərbi hissənin komandanlığı tapşırıq almışdı. Bizim hərbi hissənin də vəzifələri müəyyənləşdirilmişdi: Cənubdan - İran İslam Respublikası ilə sərhəddən Tərtərə qədər ərazini qorumaq!
Həmin vaxtlar Haramı düzündə Ağdaş deyilən yüksəklikdən ermənilər Beyləqan rayonunun ərazilərini  atəşə tuturdular. Atılan mərmilər rayon sakinlərinin sakit həyatının ritmini tamamilə pozmuşdu. Burada insanlar təşviş içərisində idilər. Həmin ərəfədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev şəxsən göstəriş vermişdi ki, nəyin bahasına olursa-olsun, Beyləqan qorunmalı, saxlanmalı və güclü müdafiə olunmalıdır. Peşəkar zabitlərin və igid əsgərlərin sayəsində qısa müddətdə düşmənin hücumlarının qarşısı qətiyyətlə alındı. Biz ermənilərin növbəti işğal planlarını darmadağın etdik. Düşmən 35 km  arxaya çəkilməyə məcbur oldu. Ali Baş Komandana keçirilən uğurlu əməliyyatla bağlı məruzə olundu. Ulu Öndər tapşırığı verirdi və nəticəsini şəxsən özü yoxlayırdı. Prezident tapşırığı yerində yoxlamaq və cəbhədəki vəziyyətlə tanış olmaq üçün bölgəyə gəldi. Hərbi komandanlığa dedi ki, mənə səngərləri göstərin: "İndi harada yerləşmisiniz və bundan qabaq mövqeləriniz harada idi, təmas xəttiniz haradan keçir?" Hərbi hissə komandiri mənə göstəriş verdi ki, Prezidenti, Ali Baş Komandanı qarşılayıb bölmələrimizin yerləşdiyi ön xəttə doğru müşayiət edim. Ali Baş Komandanı hərbi hissənin komanda məntəqəsində qarşıladım.  Prezident iki saatdan artıq orada şəxsi heyətlə söhbət apardı, lazımi tapşırıqlarını verdi və bundan sonra təyin olunan istiqamətə doğru hərəkət etməyə başladıq.
Haramı düzünün enişli-yoxuşlu relyefində 631.1 m yüksəkliyində Qaraçuxur, Qızılqaya, Şişqaya deyilən ərazilərdə yerləşən düşmənin bölmələri maşın karvanını ZSU-23 pulemyotundan atəşə tutmağa başladı. Bu zaman yaranan təhlükəni aradan qaldırmaq  məqsədilə istiqaməti, kolonun səmtini dəyişdim. Hərbi hissə komandiri, döyüşçülər Ali Baş Komandanı təyin olunan yerdə gözləsələr də, kolonu başqa yollarla əraziyə təhlükəsiz çatdırdım. Bura artilleriya qurğularının və texnikalarının yerləşdiyi ərazi idi. Ali Baş Komandan bir-bir texnikalara baxdı və sonra birlikdə blindaja endik. Belə ağır bir vaxtda Ali Baş Komandanın cəbhə xəttinə gəlib  döyüşçülərlə görüşməsi Ağdam rayonunun Əfətli kəndindən Füzuli rayonunun Kərimbəyli kəndinə qədər insanlarda yüksək əhval-ruhiyyə yaratdı. Horadiz əməliyyatından sonra da Ulu Öndər döyüş bölgəsinə gəlib işğaldan azad olunmuş ərazilərdə zabit və əsgərlərlə görüşdü. Əməliyyatda şəxsi şücaət göstərən hərbçilərin yeni rütbələrə təqdimatını verdi. Ulu Öndər ön cəbhədə hərbçilərlə  görüşəndə həmişə deyirdi: "Mən sizə çox inanıram…"
Ümummilli Lider sərkərdə qətiyyəti, polad iradəsi ilə dövlətçiliyimizi uçurumdan qaytardı. Böyük siyasi təcrübəsi ilə ölkəni parçalanmadan, vətəndaş müharibəsindən qurtardı.  Dağınıq ordunu mütəşəkkil orduya çevirdi. Azərbaycan Ordusu nizami ordu kimi formalaşdı, Ali Baş Komandanlıq yaradıldı. Ulu Öndər bizə çox inanırdı. Biz hərbçilər də böyük tarixi şəxsiyyətin müdrik, uzaqgörən siyasətinə güvənirdik. Dövlət başçısı olaraq ölkənin daxili və xarici siyasətini çox düzgün istiqamətdə qurmuşdu. Ona görə də Ulu Öndər dünyanın ən güclü siyasət adamı idi. Dahi rəhbər bugünkü güclü və müasir Azərbaycanın qurucusu, müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən xalqın xilaskarıdır. 15 İyun - Qurtuluş tarixindən başlanan  Zəfər yolu Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan Böyük Qələbə ilə tamamlandı.

Azər RÜSTƏMOV
ehtiyatda olan polkovnik