Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2022 13:33

“Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”

Müstəqilliyimizin qarantı olan ordumuzun qüdrətinin artırılması həmişə dövlət üçün prioritetdir, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət rəhbərinin ordu quruculuğu istiqamətində apardığı islahatlar nəticəsində gündən-günə güclənən ordumuz Vətən müharibəsində işğala son qoyaraq, torpaqlarımızı azad etdi.
Müharibədən sonra da ordumuzun modernləşdirilməsi prosesi sürətlə davam etdirilir. İmzalanmış yeni müqavilələr əsasında  ən müasir silah və texnikalar alınır. Bununla yanaşı, yeni silahlı birləşmələr - komando hərbi hissələri yaradılır.
Komando hissələrində xidmət edən hərbi qulluqçular istənilən tapşırığı icra etmək üçün plana uyğun olaraq, təlim-məşqlərdə döyüş hazırlıqlarını artırırlar. Onlar keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyət vərdişlərini təkmilləşdirirlər.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla, gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Onların qarşıya qoyulan tapşırıqları icra etməsi üçün peşəkar zabitlərimizin iştirakı ilə keçirilən xüsusi təlimlər real döyüş şəraitinə maksimum uyğunlaşdırılır. Məşqlər zamanı komandolar ölkəmizin çətin relyefli ərazilərində hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr, birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.
Hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün artırılması yuxarı rəhbərliyin komandirlərin qarşısına qoyduğu əsas vəzifələrdən biridir. Günün nizam qaydasına uyğun olaraq, səhər və axşam fiziki hazırlıq məşğələləri keçirilir. Bununla yanaşı, döyüş meydanında üzbəüz gələn düşməni məhv etmək üçün onlara müxtəlif əlbəyaxa döyüş növləri öyrədilir. Ölkəmizin çətin coğrafi relyefini nəzərə alaraq, komandoların paraşütdən tullanma və dağ xizəkçilik vərdişləri təkmilləşdirilir. Dərslər zamanı hərbi qulluqçular həm də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərini bacarıqla tətbiq edirlər.
Ali Baş Komandanın dediyi kimi: "…Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu hərbi hissələrdə xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".
Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər də ürəkaçandır. Dövlət başçısının göstərişi ilə işğaldan azad olunan ərazilərimizdə dislokasiya olunan komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb. Yaradılan şərait döyüş hazırlığı planına əsasən, komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir. Hərbi qulluqçularımız üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Bu gün hər bir azərbaycanlı Vətən müharibəsində düşmənin canına qorxu salan ordusu ilə fəxr edir. Çünki Azərbaycan əsgəri hər zaman və hər yerdə istənilən döyüş tapşırığını layiqincə icra edərək, dövlətinin və xalqının etimadını doğrultmağa tam hazırdır.

"Azərbaycan Ordusu"