Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2022 10:00

Vətən keşiyində durmaq şərəfdir

Yeni yaradılan Əməliyyat (komando) hərbi hissələrindən birində şəxsi heyətlə tanış olduqda, hər kəsin fərəhlə danışdığı bir əsgər haqqında eşitdim. Həm komandirlər, həm də şəxsi heyət arasında səmimiyyəti, nizam-intizamı və vətənpərvərliyi ilə seçilən əsgər Mirkəlam Qurbanzadə barədə deyilənlər könül xoşluğu yaratdı. "Oxunacaq  ən böyük kitab insandır" deyimini rəhbər tutaraq hamının haqqında xoş fikirlər səsləndirdiyi əsgərlə həmsöhbət oluram.
Öyrəndim ki, Mirkəlam Qurbanzadə 1999-cu il dekabrın 27-də Yardımlı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Sonuncu kursda oxuduğu zaman haqq savaşımız başlayıb. Mirkəlam dedi ki, 44 günlük Vətən müharibəsində iştirak etməsəm də, qəlbim döyüşənlərin sırasındaydı. "İnsanın taleyi xarakterindədir. Mən də xaraktercə mübariz, döyüşkən və vətənpərvərəm. İkinci Qarabağ müharibəsində iştirak etmək, şəhidlərin qisasını almaq və ən əsası Qarabağı azad edənlərin sırasında olmaq arzum idi. Qismən də olsa arzumun gerçəkləşdiyini düşünürəm. Çünki böyük qardaşım Kamran Vətən müharibəsində Qarabağ uğrunda döyüşənlərin sırasında olub. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub", - əsgər Mirkəlam Qurbanzadə bildirdi.
Mirkəlam universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Hazırda komando hərbi hissəsində xidmətdədir.
“Komando olmaq sənin üçün nə deməkdir?” sualına “Vətən keşiyində durmaq şərəfdir. Fəxr edirəm ki, Azərbaycan əsgəri olaraq komando hərbi hissəsində xidmət edirəm”, deyərək sözə başlayan əsgər bildirdi ki, komandolara ilk olaraq türk filmlərində rast gəlib. “Filmlərdə çətin relyefli ərazilərdə həyata keçirilən həyəcan dolu səhnələrdə bir növ mübarizlik, Vətən sevgisi və bayrağın insan həyatından önəmi təbliğ edilirdi. Uşaq olsam da, xəyalən hərbi mundir geyinir, Qarabağda vuruşur, torpaqlarımızı azad edirdim. İkinci Qarabağ müharibəsindən sonra yeni yaradılan komando hərbi hissəsinin açılış mərasimində "Ali Baş Komandan İlham Əliyevin "Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır" fikirlərindən sonra haqq savaşında iştirak etmək arzum həyata keçməsə də, komando olmaq xəyalımı gerçəkləşdirə biləcəyimi düşündüm", - əsgər Qurbanzadə cavab verdi.
Dünənin xəyalları bu günün gerçəyidir ki, Mirkəlam komando hərbi hissəsində xidmətdədir. Təlimlərdə, döyüş hazırlığı dərslərində fəal iştirak edir, torpaqlarımızın müdafiəsində vətənsevərlərin sırasında olmaqdan qürur duyur.
Sonra Mirkəlam keçirilən təlimlərdən, döyüş hazırlığı dərslərindən danışdı. "Komando hərbi hissələri çətin relyefdə hər bir döyüş tapşırığını icra etmək üçün yaradılıb. Təlimlərdə dağlar, meşələr və küçə döyüşlərinin yüksək peşəkarlıqla aparılması üçün bütün lazımi bilikləri əldə edirik. Bir sözlə, istənilən vaxt və istənilən yerdə - quruda, havada, suda döyüş apara biləcək sarsılmaz güc olaraq yetişdirilirik. Təlimlərdə qısa müddət ərzində şərti düşmən hədəfi üzərində kəşfiyyat aparmaq, vəziyyəti düzgün qiymətləndirmək və rabitə vasitələrindən istifadə qaydaları, alınan tapşırıqdan dərhal sonra həmin hədəfi məhv etmək məşqləri keçirik", - əsgər Qurbanzadə dedi.
Azərbaycan əsgərini bu qədər savadlı və vətənpərvər gördüyüm üçün bir daha torpaqlarımızın etibarlı müdafiə olunduğuna əmin oluram. Və qəlbimdən yalnız bir kəlmə keçir: Yaşasın, Azərbaycan əsgəri, yaşasın, Azərbaycan Ordusu!  

Leytenant
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"