Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2022 10:00

“Rəngli perimetr” uşaq rəsm müsabiqəsinə yekun vuruldu

Azərbaycan Hərb Tarixi Muzeyində Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və ASAN Radionun dəstəyi ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan "Rəngli perimetr" adlı layihədə yer alan uşaq rəsm  müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirildi.
Yekun mükafatlandırma mərasimində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, müsabiqənin münsiflər heyəti, Hərb Tarixi Muzeyinin kollektivi, sərgiyə rəsm işlərini təqdim edən uşaqlar və məktəblilər, valideynlər və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə mərasim iştirakçıları muzeyin "Açıq səma" altında yaradılmış zirehli texnikalardan, döyüş təyyarələri və gəmilərindən ibarət geniş ekspozisiyası ilə yaxından tanış oldular.  
Müdafiə Nazirliyinin Hərbi Orkestri hərbi vətənpərvərliyi tərənnüm edən mahnılar və marşlar səsləndirdilər.
Mərasim iştirakçılarının muzeyin daxili ekspoziyası ilə də tanışlığından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Təltifetmə mərasimini açıq elan edən İdeoloji və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov müdafiə naziri general-polkovnik Zakir Həsənovun uşaq rəsm müsabiqəsinin iştirakçılarına və qaliblərinə ünvanladığı təbriklərini çatdıraraq bildirdi ki, vətənpərvərlik mövzusunda belə rəsm müsabiqələrinin keçirilməsi olduqca  əhəmiyyətli və vacibdir. "Balalarımızın işlədiyi rəsmlərə baxdım və qürur hissi keçirdim. Bizim xalqımız böyük ənənələrə sahib xalqdır. Bu ənənələri davam etdirmək hər birimizin vətəndaşlıq borcudur".
Çıxışına davam edən idarə rəisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbədən, hərb tariximizə qızıl hərflərlə yazılan bu qəhrəmanlıq salnaməsindən danışaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızın müdafiə qüdrətinin artırılmasında misilsiz xidmətlərini, ölkədə hərbi quruculuq məsələlərinin prioritet məsələ hesab olunmasını, zabit kadrlarının yetişdirilməsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tarixi rolunu xüsusi vurğuladı. General-mayor Bəkir Orucov Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun inkişafı və daha da qüdrətlənməsi istiqamətində atdığı cəsarətli addımlarından, danılmaz  xidmətlərindən danışdı.
Mükafatlandırma mərasimi Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimovun çıxışı ilə davam etdi. Xalq rəssamı qalibləri təbrik edərək, belə müsabiqələrin uşaqlarda vətənpərvərlik ruhunun aşılanmasında, həmrəylik hisslərinin tərbiyəsində, hərb tariximizin öyrənilməsində, şəhidlərimizin xatirəsinin daima yaşadılmasında xususi rolunu vurğuladı.
Mərasimdə Mədəniyyət Nazirliyinin sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Azərbaycan Könüllülər İctimai Birliyinin mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli də çıxış edərək müsabiqəyə təqdim olunan rəsmlər arasında mövzu müxtəlifliyi olmasından danışdılar.  Həmçinin qeyd olundu ki, belə müsabiqələr vətənpərvər gənc istedadların üzə çıxarılmasında mühüm rol oynayır. Eyni zamanda, müsabiqəyə rəmzi olaraq 44 rəsm işinin vəsiqə qazanması xüsusi  vurğulandı.
Mərasimdə məlumat üçün bildirildi ki, Silahlı Qüvvələr Gününə həsr olunmuş 5-15 yaş arası uşaqlar və məktəblilər arasında keçirilən  müsabiqəyə 200-dək rəsm əsəri təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı  ilə seçilən 44 rəsm əsəri sərgiyə vəsiqə qazanıb. Kağız, kətan üzərində rəngli boyalarla çəkilən rəsmlərin əsas mövzusu hərbi vətənpərvərlik, düşməndən azad olunmuş Vətən torpağı, doğma yurd yerlərimiz, rəşadətli və qalib Azərbaycan Ordusu, qədim Şuşa və azad Qarabağdır.
Qonaqların və münsiflər heyətinin çıxışlarından sonra qaliblər mükafatldırıldılar. Münsiflər heyətinin qərarına əsasən, I yerə Turan İbrahimli və Ayla Əziz, II yerə Aylin Yaqublu və Riad Şıxəliyev, III yerə isə Mələk Quliyeva və Nurgül Əliyeva layiq görüldülər. Maraqlı rəsm əsərlərinin müəlliflərinə, eləcə də müsabiqənin təşkili və keçirilməsində fəal iştirak edənlərə Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr təqdim olundu.
Sonda mərasim iştirakçıları müsabiqəyə vəsiqə qazanan rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"