Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyun 2022 16:00

Silahlı Qüvvələr Gününə həsr olunan “Rəngli perimetr” adlı layihədə yer alan sərgiyə 44 rəsm əsəri vəsiqə qazanıb

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Azərbaycan Könüllülər İctimai Birliyinin, ASAN Radionun dəstəyi ilə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş "Rəngli perimetr" adlı layihədə yer alan sərgiyə hazırlıq prosesində rəsm əsərlərinə baxış keçirilib. 5-15 yaş arası uşaqlar və məktəblilərin kağız, kətan üzərində rəngli boyalarla çəkdikləri rəsmlərin əsas mövzusu düşməndən azad olunmuş Vətən torpağı, doğma yurd yerləri, rəşadətli Azərbaycan Ordusu və qədim Şuşa, azad Qarabağdır.
Xalq rəssamları Ağali İbrahimov və Xanlar Əhmədov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli, o cümlədən Müdafiə Nazirliyinin nümayəndəsi Zəhra Usubovanın təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı ilə seçilən 44 rəsm əsəri gələcəkdə açılacaq sərgidə nümayiş olunacaq.
44 rəsm əsərindən ibarət keçiriləcək sərgidə qaliblər 1-ci, 2-ci və 3-cü yerlər üzrə müəyyənləşəcək. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"