Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 2022 16:00

“Xalq ordu birliyimiz möhkəmdir və qırılmazdır”

Ordumuz dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Doğrudan da, nizami ordu, mərd və qorxmaz əsgərlərimiz olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Bu gün hər birimiz rəşadətli və qalib ordumuzla fəxr edirik. Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edən, xalqına Böyük Qələbə sevinci yaşadan ordusu ilə hər zaman qürur duyur. Hərbçilər Vətəni qorumaq kimi şərəfli vəzifə yerinə yetirirlər. Bu vəzifənin müqəddəsliyini dərk edən hər kəs daim ordusuna inanıb, güvənib. Ordu xalqın, xalq ordunun dayağı olub. 44 günlük Vətən müharibəsində də xalq əsgərinə olan güvənini, dəstəyini əsirgəmədi. Düşmənin başını əzən dəmir yumruq, məhz dövlət, xalq, ordu birliyinin yumruğu oldu. Bir sözlə Azərbaycanda dövlət-xalq-ordu birliyi sarsılmazdır.
Bu sarsılmazlığın göstəricisi kimi müxtəlif  dövlət qurumlarının, özəl təşkilatların əməkdaşları, millət vəkilləri, orta və ali təhsil ocaqlarının nümayəndələri tez-tez hərbi hissələrə səfərlər edir, Vətən qoruyucuları ilə bir arada olurlar. Bu görüşlər xalqın daim əsgərinin yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. Həmçinin əsgərlərimiz də bu qayğıdan, onlarla görüşə gələn insanlardan eşitdikləri xoş sözlərdən, ordumuza olan inamdan ilham alaraq, daha yüksək əhval-ruhiyyədə xidmət aparırlar.
Ordumuza mənəvi dəstəyini heç zaman əsirgəməyən təşkilatlardan biri də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsidir. Ordu həmkarları hər il dəfələrlə xeyirxah təşəbbüslər irəli sürərək, ordumuzun zabit və əsgərlərinə mənəvi dəstəyini əsirgəmirlər. Komitənin üzvləri tez-tez hərbi hissələrimizə baş çəkir, şəxsi heyətlə görüşlər keçirir, Vətən qoruyucularına müxtəlif hədiyyələr və bayram sovqatları aparırlar.
Növbəti belə görüşlərdən biri 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində baş tutdu. Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov "N" hərbi hissəsində oldu.
Əvvəlcə BHİK sədri birlik komandiri ilə görüşdü. General-mayor Mais Bərxudarov qonaqları səmimi salamlayaraq, göstərdikləri xeyirxah təşəbbüsə görə onlara minnətdarlığını bildirdi. Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən hərtərəfli qayğıyla əhatə olunduğunu qeyd edən birlik komandiri sərhədlərimizin keşiyində inamla dayanan əsgərlərin bütün təminatlarının yüksək olduğunu dedi. "İşğaldan azad olunmuş ərazilərimizdə cənab Prezidentimizin rəhbərliyi ilə sürətlə yenidənqurma işləri aparılır. Həmin ərazilərə dislokasiya olunan bölmələrimiz üçün hər cür şərait yaradılıb və quruculuq işləri davam edir. Diqqət və qayğıdan yaranan ruh yüksəkliyi ilə Azərbaycan əsgəri sərhədlərimizin keşiyində inamla dayanır. Eləcə də sizlərin və timsalınızda əsgərlərin yanında olanların bayram ərəfəsində buraya gəlişi, əsgərlərimizə olan diqqətin təzahürüdür. Bu diqqət  şəxsi heyətin mənəvi-psixoloji durumuna müsbət təsir edir. Belə xeyirxah təşəbbüslər xalqın əsgərinin yanında olduğunun sübutudur. Daim əsgərlərimizlə yan-yana olduğunuz üçün sizə və kollektivinizə birləşmə adından təşəkkürümüzü bildiririk".
Sonra BHİK sədri Komando hərbi hissəsinə gedərək, orada şəxsi heyətlə görüşdü. Azərbaycan Ordusunun yaranması günü münasibətilə onları təbrik edərək xidmətdə fərqlənən bir neçə hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdi.
"Müasir ordumuzun banisi ümummilli lider Heydər Əliyevin dediyi "Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır" sözlərini xatırlayıram. Bu sözlər Ulu Öndərimiz tərəfindən hərbçilərimizə olan sevginin nümunəsidir. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü, rəşadətli Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz öz gücünü Aprel döyüşlərində və Günnüt zəfərində  bir daha sübut etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Sizin cəsarətiniz, mərdliyiniz, döyüş meydanında göstərdiyiniz qəhrəmanlıqlar xalqımıza tarixi zəfər sevinci yaşatdı. Azərbaycan əsgərinin rəşadəti, mübarizliyi, Vətən sevgisi Böyük Qələbə qazandı. Sizin hər birinizi Azərbaycan Ordusunun yaranması günü münasibətilə şəxsim və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin kollektivi adından  səmimi qəlbdən təbrik edir, çətin və şərəfli xidmətlərinizdə uğurlar arzulayırıq. Biz Ali Baş Komandanımızla, rəşadətli ordumuzla, qəhrəman zabit, gizir əsgərlərimizlə fəxr edirik. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhları qarşısında baş əyir, yaxınlarına səbr diləyirik", - dedi Zakir Müslümov.
Sonra şəxsi heyət adından çıxış edən polkovnik Elşən Sanayev Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin kollektivinə təşəkkürlərini çatdırdı. "Xalqımızın inamından, bizə olan sevgisindən və rəğbətindən hər birimiz fərəhlənirik. Şərəfli peşəmizlə bir daha qürur duyuruq. Sevinirik ki, bizə olan etimadı layiqli şəkildə doğruldaraq Vətən müharibəsini qələbə ilə başa vurduq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günə düşmən qoşunlarını darmadağın edərək, ərazi bütövlüyümüzü təmin etdik. Şanlı qələbəmizdə xalqımızın mənəvi dəstəyi də böyük rol oynadı. Sizə və sizin timsalınızda xalqımızın hər bir nümayəndəsinə minnətdarıq. Belə görüşlər bir daha sübut edir ki, xalq ordu birliyimiz möhkəmdir və qırılmazdır. Biz də öz növbəmizdə, başda Ali Baş Komandanımız, müdafiə nazirimiz olmaqla, bütün silahdaşlarımızın bayramını təbrik edirik. Mütəmadi olaraq bizə göstərdiyiniz mənəvi dəstəyə görə, sizə və kollektivinizə minnətdarlığımızı bildiririk".

Mahmud MÖHBALIYEV  "Azərbaycan Ordusu"