Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2022 13:15

Şəhid zabitin xatirəsinə həsr olunan anım mərasimi keçirildi

Vətən müharibəsi şəhidi, Azərbaycan Bayrağı ordenli leytenant Elvin Şükürlünün anadan olmasının 25-ci ildönümü ilə əlaqədar məzunu olduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə anım mərasimi keçirildi. Müdafiə Nazirliyinin hərbi qulluqçularının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyinin, müəllim və kursant heyətinin, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələrinin, şəhidin ailə üzvlərinin, yaxın qohumların, döyüş yoldaşlarının, bir qrup şəhid ailəsinin, veteranların və başqa qonaqların iştirak etdikləri mərasim İkinci Şəhidlər xiyabanında şəhidin məzarının ziyarəti ilə başladı. Şəhidin məzarı önünə əklillər qoyaraq, tər qərənfillər düzüldü. Şəhidin ruhuna dualar oxundu.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gerçəkləşən anım mərasimini polkovnik Müslim Nəsirov açıq elan etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Polkovnik M.Nəsirov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində Hərbi liseyin şəxsi heyətinin fəal iştirakından və şəhid olan neçə-neçə lisey məzunlarının, o cümlədən Azərbaycan Bayrağı ordenli Elvin Şükürlünün keçdiyi şərəfli döyüş yolundan geniş bəhs etdi. "Azərbaycan oğullarının torpaqlarımızın azadlığı uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq nümunələri qürur tariximiz kimi yaddaşlarda yaşayacaq. Biz Hərbi liseyin zabit, müəllim, kursant heyəti qəhrəman  şəhid məzunlarımızı hər zaman yad edirik. Onların şərəfli döyüş yolunu gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni edirik. Bu gün kursantlarımızın əyləşdiyi bu sıralarda o igid oğullar da vaxtilə kursant kimi əyləşiblər. Leytenant Elvin Şükürlü ön xətt bölmələrində xidmət etmişdir. O, Vətən müharibəsində Murovdağ - Kəlbəcər istiqamətində düşmən postlarının alınmasında və darmadağın edilməsində şəxsi igidlik və şücaət  göstərmişdir. Şəhid leytenant Elvin Şükürlünün qardaşı baş leytenant Elnur Şükürlü də nümunəvi bir zabit kimi bu liseydə xidmət edir. Anası Vəfa xanım da liseydə işləyir, kursantlarımıza öz övladı kimi qayğı göstərir."  
Anım mərasimində Hərbi liseyin zabiti mayor Orxan Ağasoy və kursant Adil Ələkbərov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medallarına layiq görülən şəhidin şərəfli döyüş yolundan danışdılar. Sonra tədbir iştirakçılarına şəhidin xatirəsinə həsr edilən videoçarx  nümayiş olundu.
Şəhid leytenant Elvin Şükürlünün valideynləri Azad Şükürlü və Vəfa xanım çıxış edərək bildirdilər ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elvin kimi vətənsevər, igid oğullarımızın xatirəsi daima qəlblərdə yaşayacaq, onların qısa, lakin şərəfli  ömür yolları gələcək nəsillərə nümunə olacaq.
Şəhidin valideynləri çıxışlarında onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə o da qeyd olundu ki, Xətai rayon ərazisində yerləşən küçələrin birinə  Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün adı verilib.
Xatirə mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin  vətənpərvərliyi tərənnüm edən konsert proqramı ilə sona çatdı.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"