Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2022 13:15

“Hərbi Nəşriyyat”ın yaranmasından 28 il keçir

Müdafiə Nazirliyinin "Hərbi Nəşriyyat"ının fəaliyyətə başlanmasından 28 il ötür.
1994-cü ildə müasir ordu quruculuğunun ideoloji sahələrindən biri "Hərbi Nəşriyyat" sovet ordu hissələrinə məxsus Xəzər Hərbi Donanmasının orqanı və  rus dilində nəşr edilən "Xəzərin keşiyində" qəzetinin köhnə mətbəəsinin bazasında yaradıldı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Hərbi Nəşriyyat" kimi  fəaliyyətə başladı.
Mətbəənin çap maşınları, avadanlıqları köhnəlmiş, istismar müddətini başa vurmuş və aşınmış vəziyyətdə idi. İnzibati binası yox dərəcəsində olan nəşriyyatın redaksiya heyətinə köhnə mətbəənin təmirsiz, dar, işıqsız bir otağı verildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir ordu quruculuğunda aparılan geniş işlər digər xidmət sahələrində olduğu kimi, "Hərbi Nəşriyyat"ın  da fəaliyyət imkanlarının nizama salınmasına təkan verdi, səmərəli işin təşkilində mühüm addımlar atıldı.
Nəşriyyatın 28 illik fəaliyyəti dövründə Silahlı Qüvvələrin Ümumqoşun nizamnamələri, hərbi təhsil müəssisələri üçün nəzərdə tutulan dərs vəsaitləri, hərbi, elmi və çox  zəruri ədəbiyyatlar çap olundu. Zaman keçdikcə "Hərbi Nəşriyyat"ın maddi-texniki bazası  gücləndirilərək daha müasir avadanlıqlarla təchiz edildi. 2009-cu ildə nəşriyyat yeni istifadəyə verilmiş binaya köçürülərək, işin keyfiyyətini, səmərəliliyini və operativliyini artıran, poliqrafik cəhətdən yüksək səviyyədə olan ən müasir çap avadanlıqları ilə təmin olundu.
"Hərbi Nəşriyyat" hüququ bazasını Azərbaycan Respublikası nəşriyyat işinin və kütləvi informasiya vasitələrinin qanunverici bazası ilə tənzimləyir və eyni zamanda, müdafiə nazirinin Azərbaycan Ordusunda nəşriyyatın fəaliyyətinin təşkili və tənzimlənməsi üzrə əmr, qərar, sərəncamlarına uyğun quraraq, xidməti nəşrlərin, dərslik və dərs vəsaitlərinin çap olunub, ordumuzun şəxsi heyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Bu gün Azərbaycan Ordusunun şəxsi heyətini zəruri dərs vəsaitləri və xidməti ədəbiyyatlarla təmin edən "Hərbi Nəşriyyat"ın kollektivi işlərinə peşəkarlıqla, layiqincə, vicdanla yanaşaraq, tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə çalışır, hərbi istehsalata öz böyük töhfələrini verir. Ordumuzun şəxsi heyətinin döyüş, mənəvi-psixoloji, fiziki hazırlıqlarının artırılması və maarifləndirilməsi istiqamətində zəruri ədəbiyyatlarla, əyani təbliğat vasitələri ilə təmin olunmasında və  bu işlərin operativ şəkildə, səmərəli, yüksək poliqrafik səviyyədə görülməsində kollektiv  böyük əmək sərf edir.
Aprel döyüşləri zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında xalqa müraciəti "Hərbi Nəşriyyat"da operativ şəkildə çap olunaraq təcili surətdə  döyüş bölgələrinə göndərildi.   
44 günlük Vətən müharibəsində - Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarında "Hərbi Nəşriyyat"  da şərəfli  xidmət yolu keçərək, ordumuzun qələbəsinə öz töhfəsini verdi. Döyüş əməliyyatları aparılan istiqamətlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və ruh yüksəkliyinin daha da artırılmasında mühüm vasitələrdən biri olan səyyar mətbəələrin qurulması və gündəlik fəaliyyətinin təşkili,  "Sən qalib gələcəksən", "Qələbə uğrunda", "Qalibiyyət döyüşü" səhra qəzetlərinin və təbliğat-təşviqat məqsədilə hazırlanan bukletlərin, broşürlərin, bayraq fonu üzərində "Biz Zəfər Çalacağıq", "Qarabağ Azərbaycandır!" "Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu" şüarlarının, "İrəli", "Şimşək" döyüş vərəqələrinin çap olunması, onların ön cəbhədəki əsgər və zabitlərə çatdırılması nəşriyyatın Vətən müharibəsində keçdiyi xidmət yolunun şərəfli tarixidir. Nəşriyyatın əməliyyatlar zamanı döyüş bölgələrinə ezam olunan hərbi qulluqçuları mayor Siyasət Qasımov, leytenant Yasin Nəbiyev, gizirlər Elvin Abbasov,  Adəm Ağayev, Kamal Məmmədov  xidməti vəzifələrini  layiqincə yerinə yetirərək yüksək peşəkarlıq nümunələri göstərdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə mayor S.Qasımov "Hərbi xidmətlərə görə", dövlət başçısının adından Müdafiə nazirinin əmri ilə gizirlər E.Abbasov, A.Ağayev, K.Məmmədov "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala layiq görülüblər.
"Hərbi Nəşriyyat"ın yaranmasının 28-ci ildönümü münasibətilə kollektivi, şəxsi heyəti səmimi qəlbdən təbrik edir, onlara xidmətlərində və işlərində uğurlar arzulayırıq.
                                                                                                                         
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"