Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2022 13:15

Sabahlara bu Zəfərin işığından baxırıq!

Bu fikir Azərbaycan Ordusuna ad edildiyinə görə könüləyatımlı fikirdi. Bu mahiyyətli, bu gözəl fikrin  səmavi işığını ana, Vətən, Ana Vətən deyənlərin düşüncələrinin işığı bilmişik. Xalqın adından deyildiyinə görə, xalq üçün, dövlət üçün, dövlətçilik üçün deyildiyinə görə. Bu işıq Vətən müharibəsindən əvvəl səngərlərə aparan yolların işığı olub. İnam kimi çatıb səngərlərə. Əsgərlər bu inamı xalqın inamı bilib. Onda "Sabahlara bu Zəfərin işığından baxırıq!" - deyənlərə Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu deyib ki, səngərləri sərhədlərə köçürəcəyik! Əsgərlər Vətənin əsgərləriydi, xalq - bu qətiyyətin. Bu qətiyyət də gücünü xalqdan alırdı. Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərin yolgöstərəni ruhun səngərlərdə deyilən, səngərlərdən dikələn "Sabahlara bu Zəfərin işığından baxırıq!" coşqusu olacaqdı. Vətən müharibəsində bu kəlmələr Vətən naminə daha qürurla, daha dönməzliklə deyildi. 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da, noyabrın 8-də - Zəfər günündə də...
Səhər yelinin ağacların budaqlarına sarıldığına fikir verməmişik. Kəlmələr, kəlmələrin ifadə etdiyi fikirlər təlim ərəfəsində əsgərlərə könül xoşluğu verir. Əsgərlərin öyrənmək istəyini duyuruq. Əsgərlərin istəyinin mahiyyəti döyüş hazırlığını yüksəltməkdi.  Döyüş hazırlığının yüksəldilməsi ordu quruculuğunun başlıca istiqamətlərindən olduğu üçün bu istək hərbi xidmətin mahiyyəti kimi yaşanılır. Vətən müharibəsindən sonra döyüşlər haqqında  - müharibə haqqında söhbətlərimiz zaman anlamında dünənləri bu gün də yaşadan bir fikirlə tamamlanır: Zəfərin tarix yaratdı, Azərbaycan əsgəri! Onda bizə elə gəlir ki, Vətən müharbəsində xalq döyüşüb, xalq qalib gəlib...
Öyrənmişik ki, bu hərbi hissənin artilleriyaçıları ordu miqyaslı yarışda ikinci yerə layiq görülüblər. Yaxşı nəticədir. Bu nəticənin yarışdan sonrakı təlimlərin hazırlığına da, təlimlərin gedişinə də mənəvi stimul olacağına komandanlıq da inanır, biz də inanırıq; təlimdən azca əvvəl çavuş Musa Eyvazov demişdi: Hər yaxşı nəticə məsuliyyətin yüksəldilməsi deməkdir. Qazandığımız nəticəni daha da yaxşı nəticəyə çatdıracağıq. Buna şərait də var, istək də...
Məxsusi hazırlanmış sahədə keçirilən təlim-tədris prosesi başlayır. "Hazırlanmış atəş mövqeyinin tutulması" dərsinin bir mərhələsi icra olunur. Baş leytenant Emil Bayramov top heyətinə zəruri göstərişlər verir. Əsgərlər əmrləri nəzəri baxımdan düzgün, təcrübi baxımdan səlis yerinə yetirirlər. Mayor Mahir Qurbanov deyir ki, bu dərslər təlim formatında keçirilir və mahiyyət baxımından top heyətinin döyüş hazırlığının yüksəlməsində əhəmiyyətli olur. Divizionun yüksək döyüş hazırlığı hərbi hissənin yüksək döyüş hazırlığı deməkdir, hərbi hissələrin yüksək döyüş hazırlığı - ordunun. Divizionumuzun timsalında tam əminliklə deyə bilərəm ki, ordumuz güclü ordudur...
Baş leytenant Emil Bayramov top heyətinə mövzunu elan edir, bəzi nəzəri bilikləri xatırladır, mövzunu Vətən müharibəsinin nümunəsinə istinadən şərh edir:
- Vətən müharibəsindən əvvəl əsgərlər təlimlərdə indi icra edəcəyiniz təmrinləri dəqiq yerinə yetirməyi öyrənmişdilər. Bu öyrənmə döyüş hazırlığı idi. Azərbaycan əsgəri malik olduğu döyüş hazırlığı ilə Vətən müharibəsində Ali Baş Komandanın döyüş əmrini Zəfərlə tamamladı. Siz Zəfərin əsgərlərinin davamçılarısınız. Siz də döyüş hazırlığınızı təlimlərlə möhkəmləndirirsiniz.
- Düşmənin mövqelərinə atılan hər mərmi ordumuzu qələbəyə yaxınlaşdırırdı, - baş leytenant Emil Bayramov sözə qüvvət kimi belə deyir.
Top heyətinə döyüş tapşırığı verilib. Heyət əmri mərhələlərlə, təlimata müvafiq yerinə yetirir. Top döyüş hazırlığı vəziyyətinə gətirilir. Əmrə uyğun zəruri hesablamalar aparılır. Atışın dəqiqliyi bu hesablamalardan asılıdır. Dəqiq yerinə yetirilən hesablama atışın dəqiqliyi deməkdir. Hesablama başa çatır. Heyət topu şərti hədəfə tuşlayır...
Təmrinlər peşəkarlıqla yerinə yetirilir. Diqqət yetiririk: müddət və prosesin təlimata müvafiq icra edilməsi zabitin könlünə yatır.
Təlim öyrənmə prosesidir. Əsgərlərin nəzəri bilikləri təlimlərdə təkmilləşir. Döyüş hazırlığı planına müvafiq olaraq yerinə yetirilən təlimlərdə top heyətinin səriştəsi formalaşdırılır, heyət üzvlərinin yerinə yetirdiyi hərəkətlərin bir-birini tamamlaması vərdişləri təkmilləşdirilir. Bu baxımdan təlimi döyüş hazırlığının vacib mərhələsi adlandıra bilərik.
Mayor Mahir Qurbanov deyir ki, top heyətinə hərbi xidmətin ilk vaxtlarında müəyyən riyazi hesablama vərdişləri də aşılanır. Bu vərdişləri, bu hesablama metodlarını mənimsəyən əsgərlərin təcrübi bilikləri belə təlimlərlə möhkəmləndirilir. Qürurla deyə bilərik ki, bu top Vətən müharibəsində düşmənin neçə-neçə mövqeyini, onlarla döyüş texnikasını, yüzlərlə canlı qüvvəsini məhv edib. Top heyəti bu topa həm də bu səbəbdən duyğusallıqla qulluq edir. Qürurla o da top heyətinə baxır, biz də. Bu xarakteri Hərbi anda sədaqətin təzahürü bilirik...
- Mənə elə gəlir ki, bu heyət Vətən müharibəsində iştirak etsəydi, bu atış düşmənin koordinatları verilmiş mövqeyini darmadağın edərdi, - deyirəm. Həm də əminliklə deyirəm. Əsgərlərin baxışlarının səmimiyyətiylə əhatələnirik. Top heyətinin komandiri kiçik çavuş Musa Eyvazov zabitlərin Vətən müharibəsindən döyüş təəssüratlarını, döyüşləri, döyüşlərdə artilleriyaçılarımızın yüksək döyüş hazırlığını xatırlayır.
- Komandirimiz deyir: Cəbrayıl istiqamətində şiddətli döyüşlər gedirdi. Düşmən ciddi müqavimət göstərirdi. Komandirin əmri ilə döyüşənlərimizə artilleriya atəşi dəstəyi verirdik. Qəflətən bizə başqa istiqamətdə atış aparmaq əmri verildi. Rabitəçinin səsində titrəyiş duyulurdu. Koordinatları verilən mövqe döyüşlərin gedişinə ciddi təsir göstərirmiş. Əmrə əsasən həmin mövqeyə üç mərmi atdıq. Az sonra öyrəndik ki, atışımız dəqiq olub. Dedikləriniz mənə komandirimizin dediyi həmin atışı xatırlatdı.
Zabit Vətən müharibəsində artilleriyanın rolundan danışır. Xatırlayırıq ki, Vətən müharibəsində oktyabrın ilk günlərində döyüşçülərin əhatəsindəydik. Artilleriyaçılar döyüş əmrini dəqiqliklə yerinə yetirmişdilər - düşmənin gücləndirilmiş mövqeyi darmadağın edilmişdi, piyadalarımızın hücumunun qarşısından bir ciddi maneə aradan qaldırılmışdı. O sərin payız axşamında divizion  komandirinin baxışlarında qürur görmüşdük, sevgi görmüşdük, Vətənin adından deyiləsi təşəkkür görmüşdük; düşmənin çoxlu sayda döyüş texnikası, hərbi sursatı məhv edilmişdi. "Vətən müharibəsində yaşadığım o qüruru bugünkü qürurun başlanğıcı bilmək günah deyil ki?" - soruşuram. Zabitlər də, top heyəti də razılıqla (və minnətdarlıqla) gülümsünürlər...
Mayor Mahir Qurbanov  deyir ki, Füzuli istiqamətində gedən döyüşlərin birində topçularımızın atdığı mərmi düşmənin hərəkətə başlama ərəfəsində olan tankının üstünə düşmüşdü. Digər tanklar da döyüşçülərimizin hücumunun qarşısına çıxa bilməmişdi. Həmin döyüşdə iştirak edən əsgərlərimiz həm bu döyüş haqqında, həm də digər döyüşlər haqqında əsgər yoldaşlarına danışmışdılar. Onlar da hərbi xidmətə sonra gələn əsgərlərə danışırdılar. Yəni, divizionun, divizionun timsalında hərbi hissənin döyüş yolu yaddaşlarda belə yaşadılır. Heyət nəfəri əsgər Orxan Hüseynli  deyir ki, biz belə döyüş yolu keçmiş divizionda xidmətdən qürur duyuruq. Baş leytenant Habil Hüseynzadə bu topa döyüşçü top deyir. Bu top Vətən müharibəsində düşmənin nə qədər döyüş texnikasını, canlı qüvvəsini məhv edib!
Top heyəti bu faktı təlimlərin döyüş hazırlığının hansı səviyyədə formalaşdığının təsdiqi kimi dinləyirlər. "Görəsən, əsgərlər indi, bu anlarda Vətən müharibəsində iştirak edə bimədiklərinə görə təəssüflənirlərmi?" - düşünürəm. Kimsəyə ünvanlanmayan suala kimsənin eşidə bilməyəcəyi səviyyədə özüm cavab verirəm: Əlbəttə!..
Zabitin xatırlamasını həm fakt kimi, həm də faktı ümumiləşdirən mahiyyət kimi hərbi hissədə nəzəri biliklərlə, təcrübi vərdişlərlə bir sırada Vətən müharibəsinin təcrübəsinin də aşılandığının zəmanəti bilirik. Etibarlı zəmanətdir...
Heyət nəfəri Rəfail Bəkirov əsgər yoldaşlarının təlimlərdə həmişə məsuliyyətlə iştirak etməsindən, bu və ya digər tapşırığın yerinə yetirilmə metodunu zabitlərdən həvəslə öyrənməsindən, öyrənilənlərin vaxtaşırı təkrarlanmasından danışır. Səsində qürur da var, sevgi də. Bu qürur hərbi xidmətə görədi, bu sevgi artilleriya ixtisasına görədi, artilleriyaçı əsgər yoldaşlarına görədi. Bu qüruru biz də hiss etmişik, zabitlər də hiss edib.
Mayor Mahir Qurbanov əsgərlərin artilleriyaçı kimi formalaşmasında həvəsin, marağın, son iki ildə Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətli olduğunu bildirir:
- Hərbi xidmətə başlayan əsgərin topla hər təması marağını da artırır, peşəsinə olan sevgisini də. Vətən müharibəsində artilleriyaçılar döyüş əmrlərini yüksək səviyyədə yerinə yetirirdi. Onların davamçıları olan bu əsgərlər artilleriyaçı ixtisaslarını sevgilərlə öyrəniblər. Onlar da istənilən döyüş əmrini yüksək dəqiqliklə yerinə yetirməyə qadirdirlər.
- Bu divizionun da şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Vətən müharibəsində hərbi hissəmiz Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərə artilleriya dəstəyi verirdi. O döyüşlər həm tarix oldu, həm də təcrübə. Əsgərlərimiz asudə vaxtlarda Vətən müharibəsinin iştirakçısı olmuş hərbi qulluqçuların xatirələrini tarix kimi dinləyirlər. Belə söhbətlərin mahiyyəti mənəvi kamilləşmə prosesidir, - mayor Faiq Mehdiyevin dediklərini bir gerçəkliyin ifadəsi bilirik - Vətən müharibəsində qazanılan Zəfərin özü də, döyüşlərin təcrübəsi də indi ordu quruculuğunun tərkib hissələrindəndir.
Mayor Faiq Mehdiyev divizionlarda təlimlərin, dərslərin yarışdan sonra daha məsuliyyətlə təşkilindən, əsgərlərin öyrəndiklərini daha məsuliyyətlə təkmilləşdirdiklərindən də danışır. Əmin oluruq ki, bu hərbi hissədə də təlimlərə ordu quruculuğunun mühüm tərkib hissəsi kimi xüsusi diqqət yetirilir.
Zabitlər deyirlər ki, əsgərlərlə söhbətlərdə Vətən müharibəsinə kimi Aprel döyüşlərindən danışardıq, 2020-ci ilin 8 noyabrından sonra Vətən müharibəsindən danışırıq. Belə söhbətlərin mahiyyəti tarixi zəfəri yaşatma missiyasıdır, əsgərlərin Vətən sevgisinə söykənən mənəvi-psixoloji hazırlığını həm də belə söhbətlərlə yüksəldirik. Əsgərlər Vətən müharibəsi haqqında öyrəndiklərini tariximiz bilirlər...
"Hazırlanmış atəş mövqeyinin tutulması" dərsini maraqla izlədik, fasilədə əsgərlərlə səmimi söhbətləşmişik.
Gün günorta yerindədi. Təlim davam edir. Top heyəti təmrinləri ayrılıqda, sonra ardıcıllıqla bir daha yerinə yetirir. Zabitlər təlimin gedişindən razı qalır - top heyətindən üzülməyən baxışlarda qürur görünür. Bu baxışların da mahiyyətində "Sabahlara bu Zəfərin işığından baxırıq!" qürurunun qətiyyəti var. Bu qürur Vətənə sədaqətin qürurudu, bu qətiyyət ordumuza inamın qətiyyətidi...
Hərbi hissənin atış poliqonunda seyrək ağacların arasından sıyrılan yellər də bu qətiyyətin əminliyini yaxınlara, uzaqlara yetirəcək!..

Rəşid HÜSEYNOV Əməkdar jurnalist