Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2022 16:50

Məktəblilər şanlı hərb tariximizlə tanış oldular

"Ankara məktəbi" məktəb-liseyində tez-tez məktəblilərin ölkəmizin görməli və tarixi yerlərinə ekskursiyaları təşkil olunur. Belə tədbirlər məktəblilərin hərbi vətənpərvər şəxsiyyət kimi böyüməsində, dünyagörüşünün artırılmasında və milli-mənəvi dəyərlərin aşılanmasında müstəsna rol oynayır.
26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində məktəb-liseyin 3-cü “f” sinif şagirdlərinin Azərbaycan Hərb Tarixi Muzeyində hərb tariximizin hər dövrünü əhatə edən eksponatlarla yaxından tanışlığı ilə baş tutdu.
Muzeyin bələdçiləri şagirdlərə daş dövründən bu günümüzə qədər olan tarixi eksponatlarla bağlı ətraflı məlumatlar verdilər. Məktəblilər Azərbaycan hərb tarixinə həsr olunmuş guşəylə tanış oldular. Tarixi şəxsiyyətlərimizin (Atabəy Eldəniz, Şah İsmayıl Xətai və s.), generallarımızın (Əlağa Şıxlinski, Həzi Aslanov və s.) büstləri, ordumuzun keçmiş hərbi formaları, silahlar, texnikalar uşaqların marağına səbəb oldu. Şagirdlərdən Nuray İsgəndərova, Nurbən İsmayılzadə, İlayda Cəfərli, Ali Azizov, Məhəmməd Əsgərov, Mədinə Səfərova, Nərgiz Nazimli muzey təəssüratlarını bölüşərək dedilər ki, biz bu guşədə büstləri yerləşdirilən tarixi şəxsiyyətlər haqqında dərslərimizdən məlumatlıyıq.
"Texnikalar, silahlar hərb tariximizin dünəndən bu günə qədər olan inkişaf dövrü haqqında məlumatlar şagirdlərin marağına səbəb oldu. Onlar bildirdilər ki, ordumuza məxsus keçmiş hərbi formaları, silahları görmək bizim üçün olduqca maraqlı idi.
Məktəbli Rüstəm Babayev Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizə həsr olunan guşəylə tanışlıq zamanı olduqca həyəcanlıydı. "Azərbaycan Ordusunun qələbəsi hələ də dillərdə əzbərdir. Mən də əsgər olmaq, döyüşmək istəyərdim. Ancaq hələ yaşım çox azdır.  Sağ olsunlar əsgər qardaşlarımız, qazilər, şəhidlər bu qələbəni bizlərə hədiyyə etdilər".
Məktəblilərə bu xoş ekskursiyanı təşkil edən sinif rəhbəri Vəfa Hacıyeva ilə həmsöhbət olduq. "26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya zamanı uşaqların üzlərindəki təbəssüm, maraq bir müəllim kimi məni olduqca sevindirdi. Bizim üçün Vətən mövzusu hər zaman aktual məsələdir. Bu məqsədlə şagirdlərimizə dərslər zamanı Vətən, dövlət, xalq sevgisi aşılanır. Onları sabaha layiqli əsgər, həm də elinə, torpağına bağlı, tarixini, keçmişini bilən şəxsiyyətlər kimi böyütməyə ciddi səy göstəririk. Bunun üçün direktorumuz Səmayə Eynullayevanın tapşırığına uyğun olaraq məktəb daxilində də tədbirlər təşkil edilir, dövlət bayramları, əlamətdar günlər təntənəli qeyd edilir, şəhidlərimizin əziz xatirələri daim ehtiramla yad olunur".
Məktəblilər Azərbaycan Hərb Tarixi Muzeyindən gülərüz, xoş təəssürat və muzeyin kollektivinə minnətdarlıq hiss ilə ayrıldılar. İnanırıq ki, bu ekskursiya onların yaddaşına həmişəlik həkk olunacaq.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"