Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2022 16:50

Milli Qəhrəmanın anım tədbiri keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman polkovnik Şikar Şikarovun vəfatının 30-cu ildönümünə həsr olunmuş "Ordunun dayağı Şikar!" adlı anım tədbiri keçirildi.
Anım tədbirində Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra Şikar Şikarovun həyat və hərbi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi. Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Milli Qəhrəmanın şərəfli döyüş yolundan danışdı: "İgidliyinə görə qürur hissi keçirdiyimiz Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şikar Şikarovdur. O, müstəqillik illərində qurulmuş Azərbaycan Ordusunun peşəkar, savadlı, vətənpərvər zabitlərindən idi. 1990-cı ilin 20 Yanvar hadisələri Ukraynada xidmət edən həmyerlimizə pis təsir edir. Buna görə də o, ailəsi ilə birlikdə Azərbaycana qayıtmaq barədə qəti qərara gəlir. Müdafiə Nazirliyi yaradılarkən Şikar Şikarov ordumuzun formalaşmasında iştirak edən ilk zabitlərdən biri olur. 1992-ci ildə baş verən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq irəli atılır.  Döyüşlərdə şücaət və mərdliyi ilə fərqlənir. "Torpaqtəpə" adlanan döyüş mövqeyində artilleriyamızın atəşini idarə edərkən düşmən mərmisinin partlaması nəticəsində şəhid olur".
Şikar Şikarovun dostları Elxan Qəniyev, Tofiq Qəhrəmanov çıxış edərək onunla bağlı xatirələrini, maraqlı məqamları tədbir iştirakçılarıyla bölüşdülər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar oxudular, məktəblilər şeirlər səsləndirdilər.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"