Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2022 16:50

Səmərəli keçən məşğələlər sabahkı qələbələrin təminatıdır

"N" hərbi hissəsində "Ərazilərin terror dəstələrindən və qanunsuz silahlı qruplaşmalardan təmizlənməsi zamanı mühəndis tapşırıqlarının yerinə yetirilməsi" mövzusunda təlim keçirildi. Təlimdə iştirak edən zabit və əsgərlərlə söhbət zamanı öyrəndim ki, bu hərbi hissənin şəxsi heyəti həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Yurdumuzun azadlığı uğrunda gedən qanlı döyüşlərdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Erməni işğalçılarına bir-birindən sarsıdıcı zərbələr vurublar.
Heç kimə sirr deyil ki, mühəndis-istehkamçılar Vətən müharibəsində üzərlərinə düşən bütün döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər. Torpaqlarımızın azadlığına gedən yolları minalardan təmizlədilər. Döyüşçülərimiz bu yollarla erməni qəsbkarlarını məğlub etdilər, irəliləyərək zəfər qazandılar.
Öyrəndim ki, hərbi hissənin zabit və əsgərlərinin təkcə döyüş hazırlığı deyil, mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. Bunun üçün isə daim mənəvi-psixoloji hazırlıqlarını artırırlar. Hazırlıqları artdıqca gündən-günə daha da bacarıqlı və peşəkar olurlar.
Şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq məşğələsini yaxından izləmək üçün bölüklərdən birinə getdik. Dəhlizdə sakitlik hökm sürürdü. Məşğələnin maraqlı anları idi. Zabit dərsin mövzusunu əsgərlərə hərtərəfli izah edir, bir-birindən maraqlı hadisələrdən nümunələr gətirirdi. Məşğələdə fəal iştirak edən əsgərlər isə dərslərə maraqla qulaq asırdılar. Beləcə, dərs öz axarı ilə gedirdi.
Fasilə yarananda zabitlə görüşüb söhbət etdim. Kapitan Fəzail Əliyev dedi ki, müntəzəm olaraq şəxsi heyətə ictimai-siyasi məşğələlər keçirik. "Mənəvi-psixoloji hazırlığını daha da artırmaq məqsədilə məşğələlərin keçirilməsinə ciddi nəzarət edirik. Xidmətimizə məsuliyyət və diqqətlə yanaşdığımıza görə şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Bunu xidmətdə qazanılan uğurlar bir daha sübut edir. Dərsin gedişində hərbi hissəmizin zabit və əsgərlərinin Qarabağ uğrunda gedən müharibələrdə göstərdikləri qəhrəmanlıqlardan da nümunələr gətiririk. Belə canlı nümunələrin misal gətirilməsi dərslərin səmərəliliyini daha da artırır. Bir qayda olaraq, əvvəlcə mövzunu şəxsi heyətə geniş və hərtərəfli izah edirik. Sonra əsgərləri maraqlandıran suallar ətrafında müzakirələr aparırıq. Onların dərslərdə fəallığı vətənpərvərliklərindən, hərbi xidmətə olan sevgi və həvəslərindən xəbər verir. "Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda keçirilən dərsləri daha da böyük sevgi və məhəbbətlə dinlənilir. Ümumiyyətlə, şəxsi heyət, bir qayda olaraq, məşğələdə həmişə fəal iştirak edir, dərsə böyük maraq göstərir. Gördüyünüz kimi, dərsin mövzusunu şəxsi heyətə ətraflı danışdım. Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yollarından, ölkəmizin inkişafı üçün gördüyü işlərdən  geniş söhbət açdım. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən geniş bəhs etdim".
Söhbətimizi məşğələlərdə fəallıq göstərən şəxsi heyətlə davam etdirdik. Əsgərlərdən Taleh Rzayev, Əbülfəz Dadaşov, Rəşad Mustafayev, Şəhriyar İsmayılov, Xəzər Fikrətov, Vüsal Hüseynov, Məhəmməd Məhəmmədov və başqaları ilə apardığımız söhbətlərdən bir daha əmin olduq ki, hərbçilərimiz qarşılarına qoyulan bütün döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlmək iqtidarındadırlar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"