Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2022 16:50

Ulu öndər Heydər Əliyev həmişə qəlblərdə yaşayacaq

Yüksək mənəvi keyfiyyətlər sırasında dərin və tarixi kökləri olan vətənpərvərlik mühüm yer tutur. Vətənpərvərlik vətəndaşlıq tərbiyəsi əsasında formalaşan ən ülvi hissdir. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpağı - Vətəni əhatələyir. Vətən borcu vətəndaşlıq borcudur. Hər bir insanın dəyəri Vətəninə, xalqına, millətinə, dövlətinə xidməti, vətənpərvərlik hissi ilə ölçülür.
Vətən torpağı müqəddəsdir. Əsl vətəndaş Vətənini bütün varlığı ilə sevir. Belə vətənpərvərlərdən biri də ehtiyatda olan baş leytenant Elman Həsən oğlu Quliyevdir.  
Elman Quliyev 1968-ci il mayın 1-də Tovuz rayonunun Pələkli kəndində anadan olub.  Vətənimizin başının üstünü qara buludlar alanda Elman Quliyev "Azərbaycan" nəşriyyatında çapçı vəzifəsində işləyir, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alırdı. Nəşriyyatda o zaman bir çox rəngli qəzetlərin çapını həyata keçirirdi. Çap işi ilə yanaşı, dərc olunan yazıları da oxuyurdu. Vətən, milli qeyrət, torpaq mövzularında yazılan məqalələr Elmanın həyata baxışını dəyişir. Qarabağ uğrunda gedən döyüşlərə qatılmaq üçün könüllü olaraq ərizə verir. İş yoldaşları burada ona daha çox ehtiyac olduğunu desələr də, o, inadından dönmür.
Könüllülərdən ibarət birinci taborun ilk döyüşçülərindən olan Elman Quliyev 1 noyabr 1991-ci ildə "N" hərbi hissəsində cəbhə həyatına başlayır. Burada həyatın qanlı-qadalı üzünü daha yaxından görür. Canından artıq sevdiyi Vətəninə övladlıq borcunu mərdliklə yerinə yetirir. Elman deyir ki, o zaman bu problemin böyüyərək müharibəyə çevriləcəyinə inanmırdıq. "Ermənilərin xalqımıza qənim kəsiləcəyini, əzəli torpaqlarımızda "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq istəyəcəklərini gözləmirdik. Bu zaman ölkədə özbaşınalıq, anarxiya hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Ərazilərimiz işğal olunurdu".
Döyüş yolu Şuşanın Kərkicahan qəsəbəsindən başlayan ehtiyatda olan baş leytenant  qeyd etdi ki, 1991-ci ildə bəzi əməliyyatlarımız çox uğursuz oldu. Çünki heç birimiz mükəmməl hərbi təlim keçməmişdik. Silahlarımız da düşmənlə müqayisədə lazımi səviyyədə deyildi. Çətinliklərimiz çox idi. Lakin bir an olsun belə qələbə əzmimizi itirmirdik.
Daşaltıda, Malıbəylidə, Kəlbəcərdə, Ağdərədə, Füzulidə, Laçında, Ağdamda döyüşən ehtiyatda olan baş leytenant Elman Quliyev 1994-ci il mayın 1-də Tərtər rayonunun Nəmirli, Şorabad, Seysulan kəndləri arasında gedən gərgin döyüşlərdə iştirak edir.  Bu döyüş onun həyatında ömürlük iz qoyur. O, ağır xəsarətlər alır - yaralanır. Ayağından aldığı güllə, sifət və baş nahiyəsinə sancılan qəlpə yaralarına görə döyüşdən təxliyə olunur.    
Elman Quliyev deyir ki, bu gün həyatda olmasına görə o, ilk növbədə ulu öndər Heydər Əliyevə və həkimi o zaman tibb xidməti polkovniki olan Əbülfət Həmidova borcludur. Yaralandığı ilk gündən Ulu Öndərin nəzarətində olan cəsur döyüşçü bir ildən çox müalicə alaraq ayağa qalxır...
O günlərə nəzər salan Elman Quliyev dahi şəxsiyyətin davamlı olaraq ordu birliklərinə gəlməsindən, əsgərlərlə səngərlərdə görüşməsindən, orduya diqqət və qayğısından, hərbi kadrların yetişdirilməsiylə bağlı gördüyü işlərdən danışaraq bütün bunların Böyük Qələbəmiz üçün lazım olan əsas meyarlar olduğunu vurğuladı.
Ehtiyatda olan baş leytenant Elman Quliyev 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunduğu günü və sonrakı görüşlərini də ömrünün ən xoş, ən gözəl günü kimi xatırlayır. "Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə görüşmək, onun məsləhətlərini eşitmək qürurvericiydi. O anlarda keçirdiyim hissləri sözlərlə ifadə etmək mümkünsüzdür...".
Elman Quliyev deyir ki, tarix haqqında yazanlar çox olsa da, tarix yaradanlar azdır. "Tarixi yaradanlar olmasaydı, yazanlara da ehtiyac qalmazdı qənaəti məhz buradan yaranır. Tarix yaratmaq çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də dünya miqyasında nadir tarix yaradanlardandır. Uzun illər Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü belə yaşadığı üçün qəlblərdə daimi sevgi ilə yaşayacaq".
Ehtiyatda olan zabit Azərbaycanın Qarabağ Zəfərindən söz açaraq qeyd etdi ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. "Möhtəşəm Zəfərimizə gedən yolun əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu Qələbə həm xalqımızın, həm də hər birimizin düşüncəsində inqilabi dəyişiklik etdi. Biz bu yolun haradan başlandığını unutmarıq".
Dahi rəhbər Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının ulu öndəridir. Onun bizlərə qoyduğu ideyaları yaşayır və yaşadılır. Bu gün Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin abidəsi ucaldılıb. Ulu öndər Heydər Əliyev həmişə qəlblərdə yaşayacaq.  

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"