Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2022 12:45

Şəhid xatirəsi Vətən qədər müqəddəsdir

Hər bir şəhid evi, ocağı xalqımızın mənəviyyat dünyasının qibləgahı, and yeri, qürur duyacağı məkanıdır. Əsrlərə söykənən zəngin milli-mənəvi dəyərlərimiz şəhidlərimizin müqəddəs ruhları ilə təzələnir. Şəhid qanı ilə xalqımızın, Vətənimizin, dövlətimizin, ordumuzun şərəf tarixinə yeni səhifələr yazılır. Qeyrəti, ləyaqəti, namusu, xalqımızın milli heysiyyatını canından üstün tutan Vətən oğulları həyatlarını müqəddəs haqq savaşımızda qurban etdilər. Hər bir şəhid ömrü  xalqımızın mənəvi dəyərlərininin yaşantısıdır.
Şəhidliyi ilə  xalqımızın mənəvi dəyərlərini, Vətənin, dövlətin, ordunun şərəf tarixini yaşadan oğullardan biri də kəşfiyyatçı polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovdur. Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov ömrünü çətin, lakin müqəddəs və şərəfli  hərb peşəsinə ürəkdən bağlamışdı. Hərb sənətini seçəndə çətinliyi gözə almışdı. Bu çətinlik onu qorxutmadı,  əksinə, daha dözümlü, iradəli, güclü, qüvvətli olmağa sövq etdi. O, "Görünmədən görmək, ölmədən dönmək" ixtisasını seçmişdi. Onu güclü, qüvvətli və özünə inamlı edən döyüş və fiziki hazırlığı ilə yanaşı, Qarabağ həsrəti idi. Orxan hələ orta məktəbdə oxuyan vaxtlarda peşəkar boksçu kimi respublikamızda keçirilən rayon birinciliyinin dəfələrlə qalibi olmuşdu. Bütün  bu qazandığı nailiyyətlər onun gələcək  həyatında  lider zabit və bacarıqlı kəşfiyyatçı kimi yetişməsində böyük rol oynamışdı...
Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı rayonunda hüquqşünas ailəsində doğulmuşdu. Mərhum atası Nadir Əkbərov polis zabiti  kimi Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Anası Sevil Abdullazadə 45 ildir ki, həkim işləyir. Ailədə üçüncü övlad olan Orxan orta məktəbdə ağlı, zəkası, savadı ilə seçilirdi. O, gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu...
Orxan Əkbərov 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Təhsil aldığı illərdə nümunəvi, hazırlıqlı kursant kimi müəllimlərinin rəğbətini qazandı. Hərbi məktəbi kəşfiyyat ixtisası üzrə bitirərək leytenant rütbəsində Füzuli rayonunda yerləşən "N" hərbi hissəsində taqım komandiri,  sonra isə bölük komandiri vəzifəsində xalqa, Vətənə, dövlətə, orduya ləyaqətlə xidmət etdi. Yüksək mənəvi və şəxsi keyfiyyətləri, intellekti, liderlik bacarığı, nizam-intizamı, vətənpərvərliyi, zəngin təcrübəsi, döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi komandanlıq tərəfindən hər zaman qiymətləndirildi. Orxan  hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların dəfələrlə qalibi oldu.
Beyləqan və Ağdam rayonlarında yerləşən "N" hərbi hissələrində müxtəlif vaxtlarda kəşfiyyat rəisi vəzifələrində xidmət edən Orxan Əkbərov 2019-cu ildə hərbi hissələrdən birinə komandir təyin olundu. Müxtəlif vaxtlarda düşmənin kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatların qarşısının alınmasında xüsusi bacarıq göstərdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı ordumuzun əks-hücum əməliyyatı başlayanda "Hər kəsə şəhidlik zirvəsi qismət olmur, Vətən uğrunda canımdan keçərəm" deyərək irəli atılır. Orxan komandir kimi daim şəxsi heyəti düşünürdü. Döyüşdən əvvəl də, döyüşdə də. O, bacarıqlı komandir kimi hər zaman əsgərini döyüşə hazırlayırdı. Əsgərinə dost, qardaş olan komandir bu ağır sınaq günlərində də onları qorumaq üçün az itkiylə böyük uğur qazanmağı düşünürdü...  
Döyüşün ilk günlərində Orxan Əkbərov əsgərlərlə birlikdə kənd Horadiz istiqamətində düşmənin çoxlu sayda xüsusi təyinatlı əsgərinin, silah və texnikasının məhv edilməsində, istehkamlarının darmadağın olunmasında, qəhrəmanlıq, fədakarlıq nümunələri göstərir, ölümün gözünə dik baxır, "Vətən yolunda öldü var, döndü yoxdur", - deyir.
Şuşaya üçrəngli Azərbaycan bayrağını birinci sancmaq arzusunu qəlbində gəzdirən Vətənin qəhrəman oğlu Orxan Əkbərov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Oktyabrın 6-da ata-baba yurdu Biləsuvar şəhərində dəfn olunur. Rahat yat, Vətənin dağ cüssəli qəhrəman oğlu! Əlini həmişə qəlbinin köksündə tutdun. O qəlb də Vətən torpaqlarının azadlığı üçün döyündü. Arzuların gerçəkləşib. Artıq iki ilə yaxındır ki, torpaqlarımızdan düşmən ayağı kəsilib. Şuşada üçrəngli Azərbaycan bayrağını dalğalandıran o qəhrəman oğullar sənin davamçılarındır. Sənin ruhundan güc alan igidlərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş əməliyyatları zamanı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində göstərdiyi rəşadətə görə polkovnik-leytenant Orxan Əkbərov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
Şəhidin Sevil və Çingiz adlı iki övladı Vətənə əmanət qalıb. Qızı Sevil 10, oğlu Çingiz isə 9 yaşındadır.
Qəhrəmanın mənzilində şəxsi əşyalarından ibarət zəngin guşəsi yaradılıb. Bu guşədə qorunan hər bir əşya Orxanlı günlərin şirin xatirələrini yaşadır.
Sevil ana çox məğrur görünürdü. Qəhrəman oğlundan qürurla danışdı: "İki övladım hərbi peşəni seçdi. Orxan və Ənvər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunlarıdırlar Orxan bu peşəni IV-V siniflərdə oxuyarkən seçmişdi. Çox tərbiyəli, qeyrətli oğul idi. Hər kəsin hörmətini qazanmışdı. Tamam fərqli bir övlad idi valideynlərinə. Vətənə, anaya çox bağlı idi. 20 ilə qədər ömrü hərbin çətin yollarında keçdi. Uşaq vaxtı da qeyri-adi uşaq idi. İstedadı, qabiliyyəti ilə yaşıdlarından fəqlənirdi. Tarix fənnini xüsusilə sevirdi. Rəssamlıq bacarığı da var idi. Onun boks müəllimi İmaməli Muradov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da müəllimi olmuşdu. Arzulayıram ki, Orxanın övladları da özü kimi vətənpərvər, cəsarətli, mərd, dövləti, Vətəni sevən olsunlar. Onları Orxanın şəhid olduğu yerə aparacam. Qoy onların uşaq yaddaşında qalsın ki, necə qəhrəman ataları olub. İtkisiz döyüş olmur. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin".
Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qardaşı Hərbi Hava Qüvvələrinin zabiti mayor Ənvər Əkbərov dedi ki, qardaşımın xidmət yolu yalnız ön xətdə keçmişdi. "Kəşfiyyat bölməsi komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə kimi yüksəlmişdi. O həqiqətən də ordumuzun yetişdirdiyi mükəmməl kəşfiyyatçılardan biri idi. Vətən müharibəsi zamanı kənd Horadiz istiqamətində Orxan döyüşçüləri ilə birlikdə düşmənin xüsusi təyinatlı qüvvələri ilə qarşı-qarşıya gəlmişdi. Mühasirəyə alınmışdılar. Bu zaman Orxanın yüksək döyüş bacarığı sayəsində mühasirə yarılaraq uğurlu əməliyyat həyata keçirilmiş və düşməndən xeyli sayda silah-sursat hərbi qənimət olaraq götürülmüşdü. O, bir komandir olaraq döyüşə şəxsi heyətin önündə gedirdi. Eyni istiqamətdə Vətənimizin bütövlüyü uğrunda döyüşə qatılmışdıq. Mən təmas xəttindən aralıda fəaliyyət göstərirdim. Lakin Orxanın danışıqlarını çox eşidirdim, fəaliyyətini izləyirdim. Onun bir həftəlik döyüşünün şahidi oldum. Orxan döyüşü komanda mərkəzindən də idarə edə bilərdi. Lakin düşmən postlarına hücum edirdi... Orxan elə bir kəşfiyyatçı idi ki, düşməni özündən zəif hesab etmirdi. Onu bütün detallarına kimi incələyirdi: əlaqə yolları, əlavə dəstəyinə kimi. Hansısa tapşırığı icra edəcəkdisə, öncədən hazırlaşırdı. Artıq orada uğur əldə etməmək qeyri-mümkün idi. Lakin döyüşçüləri ilə birlikdə itkisiz müharibə, şəhidsiz Vətən olmur... Oktyabrın 3-ü mənə zəng gəldi. Dedilər ki, Orxan şəhid olub. Həmin günləri yada salmaq çox çətindir...
Hərbçi olmaq istəyi məndə Orxanı hərbi mundirdə görəndə yaranmışdı. Ona hərbi formanın yaraşmağı, onu qürurla daşımağı məndə qürur hissi yaratmışdı. Qardaşımın yolunu davam etdirməyi qərara almışdım. Orxan məndən iki kurs yuxarıda oxuyurdu. Fiziki cəhətdən çox sağlam, güclü, xaraktercə çox sadə idi. Xüsusi liderlik bacarığı vardı. Orxan və onun kimi oğullar heç zaman ölmür, xalq qəlbində onları daima yaşadır".
Orxan Əkbərovun həyat yoldaşı Nuranə Əkbərova on illik ailə həyatının xoş günlərindən, xatirələrdən söhbət açdı: "Orxanla həmişə qürur duymuşam. Bu gün şəhid xanımı adını məsuliyyətlə, şərəflə daşıyıram. Yadigarlarını adına layiq böyüdüb arzularına çatdırmalıyam... Axı planlarımız, arzularımız vardı. Oğlumuz Çingiz atasının yolunu davam etdirmək istəyir. Deyir ki, o da hərbçi olacaq. Atası kimi ailədə mehriban, qayğıkeşdir. Orxan övladlarına on dəqiqədə on günün sevincini yaşadırdı. Bu gün bizləri yaşadan onun xoş xatirələridir. Orxan bitməyən fəxarətimdir."     
Çingizin, Sevilin gözlərində kədər, nisgil hakim kəsilib. Həsrət dolu gözlərə baxmaq çox çətindir...
"Mən atamla fəxr edirəm. O, Qarabağımız, torpaqlarımız uğrunda şəhid olub, həmişə mənim ürəyimdə yaşayacaq. Atam kimi mən də hərbçi olacam. Vətənimizin keşiyində dayanacam", - deyir Çingiz.
Sevil isə söyləyir ki, atası onu həkim görməyi arzulayırdı. "Mən də atamın arzusunu yerinə yetirmək üçün dərslərimi əla oxuyub böyüyəndə həkim olacam. Atam həmişə evə gələndə birinci bizim dərslərimizlə, qardaşımın idman hazırlığı ilə maraqlanardı. Biz dərslərimizdə əlaçı olub, atamızın adına layiq övlad olacağıq. O, Vətən, torpaq uğrunda şəhid oldu. Biz də Vətənimizi, torpağımızı, anamızı atamız kimi sevəcəyik".    
Azərbaycan Ordusunun şəhid polkovnik-leytenantı Orxan Əkbərovun adının əbədiləşdirilməsi istiqamətində Biləsuvar rayonunda böyük işlər görülüb. Onun xatirəsinə vaxtilə yaşadığı evin önündə abidəsi ucaldılıb.
Biləsuvar şəhər Musiqi və İncəsənət məktəbi artıq Orxan Əkbərovun adını daşıyır. Eyni zamanda, Bakı şəhəri Nizami rayon Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 3d sinfinə də qəhrəmanın adı verilib. Məktəbin müəllimi Gülnarə Quliyeva şəhid haqqında videoçarx hazırladıqlarını, sinif otağında adına lövhə vurduqlarını və gələcəkdə şəxsi əşyalarından ibarət guşənin yaradılmasının nəzərdə tutulduğunu dedi.
Neçə-neçə yaralı əsgərinə həyat bəxş edən, döyüşçülərinə canını sipər edən, elin, obanın qəhrəman oğlunun nurlu çöhrəsi yaddaşlardan silinməyəcək. Əbədiyyət günəşi tək daima parlayacaq. Axı şəhid xatirəsi Vətən qədər müqəddəsdir.
                        
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"