Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:15

MOİK təmsilçiləri dünya çempionatında növbəti uğurlar qazandılar

26-30 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərinin universal idman sarayında yeniyetmələr və böyüklər arasında həvəskar universal döyüş üzrə dünya çempionatı keçirildi.
Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı çempionatda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyası 23 idmançı ilə təmsil etdi. Çempionatın yarımfinal və final mərhələlərinə qalan idmançılarımız qızıl, gümüş, bürünc medal və diplomlarla təltif olundular.
Ümumi nəticələrə görə, yeniyetmələr arasında İldırım Quliyev (45 kq), Sadiq Kərimov (50 kq) və Adnan Babazadə (55 kq) üçüncü yerə çıxdılar. Gənclər arasında Zahid Səfərzadə (75 kq) birinci, Kənan İsgəndərzadə (85 kq) ikinci yerə layiq görüldülər. Böyüklər arasında Rasim İsmayılov (55 kq) birinci, Mehman Hüseynov (95 kq) ikinci, Orxan Şükürov (85 kq), Ağani Məmmədov (85 kq), Tofiq Niftəliyev (90 kq), Elçin Sadiqov (95 kq) və Asif Səlimli (95 kq) üçüncü yeri tutdular.
Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun zabiti kapitan Tofiq Niftəliyev və idman aktivləri Rasim İsmayılov, Zahid Səfərzadə fərqlənən idmançılarımızdandır.
Yarışdan qayıdan idmançılarla həmsöhbət olub, təəssüratlarını öyrəndik. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi idman siyasətindən söz açan kapitan Tofiq Niftəliyev bildirdi ki, ölkəmizdə idmanın inkişafı daim diqqət mərkəzindədir. "Gənclər arasında idmana güclü maraq var. Bu maraq müstəqilliyimizin ilk illərində  idmana göstərilən diqqət və qayğı sayəsində daha da inkişaf etmiş, müxtəlif beynəlxalq arenalarda üçrəngli bayrağımızın dalğalanması ilə nəticələnmişdir. Qazanılmış uğurlar Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiqləyir".
İdmançı zabit iştirakçısı olduğu çempionat haqqında təəssüratlarını da bölüşdü. İştirakçı ölkələrin güc strukturlarının nümayəndələrinin mübarizə apardığı çempionatdan söz açdı, yarışın çətin və mürəkkəb qaydaları barədə məlumat verdi. “İlkin mərhələdə maneələr zolağını keçən idmançı odlu və soyuq silahdan istifadə edərək hədəfi vurur. Bu mərhələdə müvəffəqiyyət qazanan idmançı mübarizəni rinqdə davam etdirir. Universal döyüş üzrə yarışda qələbə qazanmaq üçün fiziki və hərbi hazırlıq səviyyən yüksək olmalıdır. Bütün mərhələləri uğurla başa vuran yetirmələrim Rasim İsmayılov və Zahid Səfərzadə birinci yerə layiq görüldülər. Bütün yarışlara bir millət, iki dövlətin əbədi qardaşlığının və sarsılmaz dostluğunun rəmzi kimi Türkiyə və Azərbaycan  bayraqlarıyla çıxdıq. Qələbəmizi isə bütöv türk xalqına ərməğan etdik”.
Kapitan T.Niftəliyev hər dəfə ölkədən kənara yarışlara gedəndə ona ruh yüksəkliyi verən, qələbə arzulayan, diqqət və qayğısını ordu idmançılarından əsirgəməyən Müdafiə Nairliyinin rəhbərliyinə dərin minnətdarlığını, üzərində zəhməti olan Əməkdar məşqçi mayor Şahin Arzumanova  təşəkkürünü bildirdi.
       
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"