Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:15

“Vətən mənə oğul desə...” adlı bədii qiraət və inşa müsabiqələri keçirildi

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Silahlı Qüvvələr Gününə həsr olunan "Vətən mənə oğul desə..." adlı bədii qiraət və inşa müsabiqələri keçirildi. Müsabiqələrdə birinci və ikinci kurslarda təhsil alan kursantlar iştirak etdilər. Onlar bilik və bacarıqlarını həm şifahi, həm də yazılı nitq vasitəsilə nümayiş etdirməyə nail oldular. Müsabiqənin hər üç mərhələsindən keçən kursantların qabiliyyətlərini liseyin müəllimlərindən ibarət münsiflər heyəti qiymətləndirdi.
Çıxış edənlər bildirdilər ki, liseydə keçirilən belə müsabiqələr kursantlarda şifahi və yazılı nitq qabiliyyətini formalaşdırır. İnşa müsabiqəsi kursantların söz ehtiyatlarını zənginləşdirir, dünya görüşlərinin genişlənməsi və fikrin daha rəvan ifadə qabiliyyətinin artırılmasına xidmət edir.
Şeir müsabiqəsində kursantların şifahi nitqi yoxlanıldı, onların orfoepik qaydalara uyğun olaraq tələffüzünə, intonasiya çalarlarına, səs tembrlərinə xüsusi fikir verildi. Belə ki, şeir müsabiqəsinin qalibləri olan ikinci kursun kursantları Raul Quliyevin, Elgün Yusibovun, Anar Əhmədovun yazdıqları şeirlər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. İkinci kursun kursantı Anar Əhmədovun komandirləri şəhid polkovnik-leytenant Qərib Baxşəliyevə və mayor Asiman Əliyevə həsr etdiyi şeirləri münsiflər heyətinin diqqətini cəlb etdi.
Azərbaycan Respublikasının Əməkdar artisti Azad Şükürov kursantlara yazdıqları və söylədikləri şeirlərə görə təşəkkür edərək dəyərli tövsiyələrini bildirdi.
"Vətən mənə oğul desə..." adlı bədii qiraət şeir və inşa müsabiqələrinin qalibləri fəxri fərman, diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olundular.

Sevil QURBANOVA C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi