Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:15

İctimai-siyasi hazırlıq dərsləri hərbi-ideoloji işin mühüm istiqamətlərindəndir

Gənclərimizin dünyagörüşünün, intellektual potensialının və vətənpərvərlik hissinin yüksək olmasına orduda xüsusi diqqət yetirilir. Belə ki, xidmət keçən əsgərlər təşkil olunan döyüş hazırlığı dərslərində nəzəri və praktiki hərbi biliklərini artırmaqla yanaşı, ictimai-siyasi hazırlıq dərslərində müxtəlif mövzular üzrə informasiya bazalarını möhkəmləndirirlər. Günün nizam qaydalarına uyğun olaraq, təşkil edilən ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranması və inkişafı, tarixi qəhrəmanlarımız, erməni təcavüzü və başqa mövzulara da toxunulur ki, bu da əsgərin döyüş ruhuna və Vətən sevgisinə mühüm təkan verir. Görülən işlərin nəticəsidir ki, Azərbaycan əsgəri Ali Baş Komandanına, xalqına, mənəvi dəyərlərinə sadiq, qorxmaz və cəsur əsgər olaraq Vətənə layiqincə xidmət edir.
"N" hərbi hissəsində zabit Şahmar Piriyevin rəhbərliyi altında keçirilən ictimai-siyasi hazırlıq dərsində iştirak etdik. Dərs başa çatdıqdan sonra zabitlə söhbətləşdik. "İctimai-siyasi hazırlıq dərsləri hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə yönəldilən əsas fəaliyyətlərdən biridir", - deyən zabit keçirilən dərslərin dinləyicilərə milli-mənəvi dəyərlərə, dövlətə və dövlətçiliyə sədaqət aşıladığını bildirdi. "Azərbaycan Ordusunda hərbi-ideoloji işin düzgün aparılmasına hər zaman xüsusi diqqət yetirilib və bu gün də komandirlərin qarşısında duran mühüm vəzifələrdən biri şəxsi heyətin mənəvi-psixoloji hazırlığını düzgün təşkil etməkdir. Bu diqqətin təzahürüdür ki, hərbi mundiri layiqincə daşımağı özünə borc bilən Azərbaycan əsgəri ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyur, Ali Baş Komandanın və xalqımızın etimadını layiqincə doğruldur. 44 gün ərzində şanlı Zəfər salnaməsi yazmağı bacaran Azərbaycan əsgərinin Vətən sevgisi döyüş ruhu oldu. Bu gün Azərbaycan əsgərinin dilində bir söz dəyişməz qalır: "Qalib ordunun mundirini daşımaqdan qürur duyuram". Bu fikir bizim hərbi qüdrətimizin gələcəkdə də sarsılmaz olacağına inamı daha da artırır. Hər bir komandirin ən  başlıca vəzifəsi tabeliyindəki şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda formalaşmasına çalışmaqdır. Hərbi-ideoloji işin mühüm istiqamətlərindən biri olan ictimai-siyasi hazırlıq dərslərində əsgərlərimiz Vətənə sədaqət hissinin nə olduğunu dərindən anlayırlar. Keçirilən dərslərdə şəxsi heyətə xalqımızın uzaq və yaxın tarixi ilə bağlı məlumatlar öyrədilir, həmçinin ordu quruculuğumuzun və dövlətçiliyimizin qurulmasında keçilən mərhələdən, qəhrəmanlıqlardan, qəhrəmanların həyat yolundan danışılır. Təşkil olunan dərslər sayəsində əsgərlərimizin hərbi vətənpərvərlik hissi möhkəmləndirilir, mənəvi-psixoloji hazırlığı nəzarətdə saxlanılır. Əsgərin polad intizama malik, xalqına layiq fərd kimi formalaşmasında bu məşğələlər mühüm rol oynayır".
Əsgər Kamil Qarayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Kamildən Vətən sevgisinin onun üçün nə demək olduğunu soruşdum və aldığım cavab ruhuma sığal çəkdi. "Vətəni sevmək təkcə göz açdığımız, havası və suyu ilə qidalandığımız, boya-başa çatdığımız torpağı sevmək demək deyil. Vətən sevgisi xalqa sədaqətdir, adət-ənənələrə ehtiramdır, dili yaşatmaqdır, qəhrəmanları tanımaq və tanıtmaqdır".
Əsgər Həmid Esaqovun eyni  suala cavabı belə oldu: "Vətən sevgisi mənəvi zənginlikdir. Vətənin müdafiəsində dayanan gənclər olaraq hər birimizin üzərinə düşən əsas vəzifə bu mənəvi zənginliyi özümüzdən sonrakı nəslə layiqincə ötürməkdir. Bu gün ordu sıralarında xidmət edən əsgər olaraq komandirlərimə minnətdaram ki, bizim Vətənə layiqli əsgər, vətəndaş kimi formalaşmağımızda əllərindən gələni əsirgəmirlər".
Əslən Cəbrayıl rayonundan olan əsgər Davud Ağayevin qardaşı Ramin Ağayev 44 günlük haqq savaşımızın iştirakçısıdır və Cəbrayılın işğaldan azad olunması gününü Davud  həyatında ən yaddaqalan günlərdən biri hesab edir. Əsgərlər Musa Əlizadənin, Rüstəm Şıxıyevin, Tamerlan Cavadlının, Eldar Quliyevin də fikirlərini öyrəndim. Onlar da öz növbəsində Vətənə övladlıq borcunu ödəməyin qürurverici vəzifə olduğunu qeyd etdilər və  nümunəvi xidmətləri ilə hər zaman başucalığı gətirəcəklərini bildirdilər.
Qürurun məğrur, yerişin mətin olsun, Azərbaycan əsgəri!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"