Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:15

“Biz Zəfərin əsgəri olduq”

Müddətdən artıq həqiqi hərbi xidmətə gələndə məqsədi erməni işğalı altında olan Vətən torpaqlarını azad edənlərin sırasında olmaq, əsgər kimi həmişə komandirlərin verdiyi bütün əmr və tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək, döyüşlər başlayanda düşməni məhv etmək üçün vacib olan bütün döyüş üsullarını öyrənmək idi. Bu niyyətlə ömür yolunu hərbi xidmətlə bağladı...
Əsgər Fərid Niyazi oğlu Abdullayev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. İsmayıllı rayonunun Hacıhətəmli kəndində dünyaya göz açıb. Hələ müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçəndə qərara gəlib ki, gələcək həyatını hərb peşəsinə bağlasın. Bu qərarın əsas səbəbi Vətən torpaqlarını azad görmək istəyi idi. Fərid hərb peşəsinin incəliklərini sevə-sevə öyrənməyə başladı. Öyrəndi... Öyrəndiklərini xidməti boyu tətbiq etdi. Fərid “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na yazılanda öyrəndiklərini təkmilləşdirdi. Rabitəçi ixtisasına yiyələndi. İxtisas kursunu bitirdikdən sonra "N" hərbi hissəsində artilleriya bölməsinə təyin edildi.
F.Abdullayev kursda oxuduğu müddətdə rabitənin bütün növləri üzrə gərəkli biliklərə yiyələndi. Daha vacib olanı isə səyyar rabitə vasitələri idi ki, o, bununla döyüşdə lazım olan məlumatları həm ötürəcək, həm də qəbul edəcəkdi.
Əsgər dedi ki, İkinci Qarabağ müharibəsi başlayanda Cəbrayıl, Qubadlı istiqamətində döyüş əməliyyatlarında iştirak edib. "Çoxdan gözlədiyimiz gün gəlmişdi. Hamımız ruh yüksəkliyi ilə döyüş tapşırığını yerinə yetirirdik. Torpaqlarımız hissə-hissə, kənd-kənd düşmən tapdağından azad olunduqca daha da döyüşə ruhlanırdıq".
Əsgər F.Abdullayev döyüşlərdə fəal iştirak edib. Onun xidmətlərini dövlətimizin başçısı layiqincə qiymətləndirib. Abdullayev Fərid Niyazi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Fərid Abdullayev də deyir ki, biz Zəfərin əsgəri olduq...

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"