Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2022 14:10

“N” hərbi hissəsində şəhid Seymur Allahverdiyevin anım mərasimi keçirildi

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək yeni Zəfər tarixi  yazdı. Aparılan bütün döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirərək, düşmən üzərində parlaq qələbə qazandı. Bu qələbə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasətinin müsbət nəticəsinin təzahürüdür.
Beləliklə, Qarabağ işğaldan azad olundu. Bu şanlı qələbə Vətəninə bağlı oğulların canı bahasına qazanıldı. Neçə-neçə oğullarımız yurdu, torpağı uğrunda ölümün gözünə dik baxdı. Atalar sözündə deyildiyi kimi: "Ordun varsa, yurdun var". Azərbaycan xalqı canını doğma yurdunun müdafiəsi üçün fəda edən soydaşlarımızı və şanlı Zəfəri əsrlər sonra da unutmayacaq.
Şəhidlərin xatirəsinə həsr olunan tədbirlərin keçirilməsi xalqın şəhidinə ehtiramıdır. Özəl günlərdə şəhid ailələri ziyarət olunur, Şəhidlər xiyabanında ruhlarına dualar oxunur.
"N" hərbi hissəsində Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Seymur Allahverdiyevin doğum günü münasibətilə anım mərasimi keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını əsirgəməyən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Mərasimdə tarixi ərazilərimizin azadlığı uğrunda başlayan və 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandanın siyasi iradəsindən, rəşadətli Azərbaycan Ordusunun döyüş qabiliyyətindən, igid oğulların yazdığı qəhrəmanlıq salnaməsindən və xalqımızın birliyindən söz açıldı. Sonra mərasim iştirakçılarına şəhid Seymur Allahverdiyevin həyat və döyüş yolu haqqında məlumat verildi. Mayor Rəşad Əliyev çıxış edərək bildirdi ki, insanı yaşadan arzulardır. "Amma hər bir insanın qəlbində tarixdə qalmaq arzusu da var. Ərazi bütövlüyümüzü 44 gün ərzində bərpa edən şəhidlərimiz isə Qarabağı azad görmək arzusu ilə tarixdə qaldılar. Bu gün canını fəda edərək tarixləşən şəhid Seymur Allahverdiyevin doğum günüdür. Yaşasaydı, 37 yaşı olacaqdı. Seymur 1985-ci il iyunuın 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Həmin kəndin tam orta məktəbində təhsil alıb, daha sonra Gəncə şəhər Tibb Texnikumuna daxil olub. Hərbi xidmətdə də fəaliyyətinə tibb işçisi kimi başlayıb, sonradan yüksək nizam-intizam nümayiş etdirdiyi üçün manqa komandiri vəzifəsinə yüksəlib. Onu tanıyan hər kəs bilir ki, qanında əsl döyüşçü qanı axırdı, qəlbi Vətən eşqiylə döyünürdü. Seymur canından keçsə də, Azərbaycanı bütöv görmək xəyalından əl çəkmədi. Allahdan Seymura və onun simasında bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik".
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, qarşıya qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, kiçik çavuş Allahverdiyev Seymur Qərib oğlu (ölümündən sonra) "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Anım mərasimindən sonra hərbi hissənin nümayəndələri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrini ziyarət etdilər. Keçirilən görüşdə vurğuladılar ki, şəhidlərimizin xatirəsi əbədidir və hər zaman uca tutulur.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"