Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2022 14:10

Tarixi torpaqlarımızda mühəndis təminatı uğurla yerinə yetirilir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında şanlı ordumuzun qazandığı qələbə ilə işğaldan azad olunan tarixi ərazilərimizdə mühəndis tapşırıqları uğurla yerinə yetirilir. Dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan tapşırıqlara əsasən, düşməndən təmizlənmiş doğma yurdumuz minalardan da təmizlənir. Təhlükəsizliyin və firavanlığın təmin edilməsi, soydaşlarımızın öz doğma yurdlarına qayıtması, o cümlədən nəqliyyat vasitələrinin operativliyinin təşkil edilməsi, yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə mühəndis təminatı müasir tələblər çərçivəsində təşkil edilir. Düşmənin uzun illər ərzində torpaqlarımızı intensiv şəkildə minalaması mühəndis qoşunlarının işini çətinləşdirsə də, qısa müddət ərzində əldə olunan yüksək nəticələr tarixi yurd yerimizdə həyatın yenidən bərpa olunacağı günün uzaqda olmadığının carçısıdır.
İşğaldan azad edilmiş Ağdam torpağındayıq. İstehkam bölməsinin şəxsi heyəti ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi tapşırığını yerinə yetirir. Silahlanmamıza yeni daxil edilən müasir texnika və avadanlıqlardan istifadə edən istehkamçılarımız tapşırıqları dəqiq və qısa vaxt ərzində icra edirlər. İlk olaraq zabit Şakir Zeynalovla tanış oluruq. 2005-ci ildən ömrünü hərb peşəsinə bağlayan zabit İkinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunan Ş.Zeynalovdan işğaldan azad olunmuş ərazilərdə aparılan mühəndis təminatlı fəaliyyətlər barədə ətraflı məlumat alırıq.
"Bu gün tarixi torpaqlarımızda mühəndis-istehkam bölmələrinin üzərinə məsuliyyətli və bir o qədər də müqəddəs vəzifə düşür. Düşmən bu yerlərdə saysız-hesabsız mina basdırıb. Bölməmiz ixtisasının həm nəzəri, həm də praktiki biliklərini dərindən mənimsəmiş, dərslərdə və təlimlərdə möhkəmlənmiş təcrübəli hərbi qulluqçulardan ibarətdir. Təbiidir ki, qarşıya qoyulan mühəndis təminatı tapşırıqlarını qüsursuz yerinə yetirmək üçün hazırlıq və peşəkarlıq əsas şərtlərdir. Səbir və dözüm də mühəndis istehkamçının sahib olduğu vacib keyfiyyətlərdəndir. Belə ki, ucsuz-bucaqsız Vətən torpaqlarında gündəlik mühəndis fəaliyyətinin səmərəliliyini təşkil etmək insandan polad iradə, tükənməz səbir tələb edir. Bölməmizin əsas fəaliyyətləri nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək, əkinə yararlı sahələri minalardan təmizləmək, infrastrukturun yenidən bərpa edilməsində qarşıya qoyulan mühəndis tapşırıqlarını yerinə yetirməkdir. Tərəfimizdən aşkar olunan piyada və tank əleyhinə minalar və partlamamış döyüş sursatları aşkar edildikdən sonra təhlükəsiz ərazidə məhv edilir. Əməliyyatlar gedən ərazilərdə sursat qalıqları və partlamamış sursatların da təmizlənməsi işləri aparılır. Silahlanmamızda olan müasir avadanlıq və texnikalardan istifadə edərək qarşıya qoyulan tapşırıqları ləngimədən yerinə yetiririk. İşimizin risk dərəcəsi nəzərə alınaraq, təhlükəsizlik qaydaları ön plana çıxır. Bizim qarşımızdakı düşmənin xisləti hər kəsə məlum olduğundan sürpriz partlayıcıların aşkar edilməsi və zərərsizləşdirilməsi məsələsinə xüsusi diqqət ayrılır. Bundan savayı düşmən geri çəkilərkən körpüləri partlatmış, alternativ yolları və keçidləri, dar cığırları belə minalamışdı. Belə hallarda təcrübə ön plana çıxır ki, Azərbaycan Ordusunun mühəndis qoşunları İkinci Qarabağ müharibəsində bu peşəkarlığı nümayiş etdirdi. 44 günlük haqq savaşında bölməmizlə birlikdə Xocavənd, Şuşa istiqamətində mühəndis təminatı tapşırıqlarını yerinə yetirmişik. Bildiyimiz kimi, mühəndis qoşunlarının müharibə şəraitində (istər hücum, istərsə də müdafiə qismində) və sülh vəziyyətində fəaliyyətlər tam da olmasa, fərqlənir. Belə ki, hücum edən qoşunların (piyada və nəqliyyatla bölmələrin) fəaliyyətini operativ və maneəsiz təşkil etmək, fortifikasiya qurğularının keçilməsini təmin etmək, habelə, hərəkətin təhlükəsizliyi üçün yolları müxtəlif təyinatlı minalardan təmizləmək və bərpa etmək qarşıya qoyulan tapşırıqlardan idi. Çətin əməliyyat şəraitində minaların zərərsizləşdirilməsi, keçidlərin açılması insandan yüksək bilik və möhkəm səbir tələb edir. Bu halda verilən komandalar uğurla və zamanında icra edilir. Ərazinin relyefi və saatı, şəxsi heyətin yüksək döyüş və mənəvi-psixoloji hazırlığı nəzərə alınmalı faktorlardır ki, tapşırığın icrasında mühüm rol oynayır. Hazırda işğaldan azad edmiş Ağdam rayonunda mühəndis təminatını təşkil edirik. Müqəddəs amalın və məsuliyyətli vəzifənin fərqində olan şəxsi heyət görülən işlərin çətinliyini hiss etmir, əksinə, ona olan etimadı layiqincə doğrultmaq üçün əlindən gələni əsirgəmir".
Mühəndis bölməsinin digər zabiti leytenant Məhəmməd Məmmədli ilə söhbətimiz zamanı öyrənirəm ki, gənc zabit İkinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Suqovuşanın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. Məhəmməd bildirir ki, Vətən müharibəsi  şəxsi heyətin hərbi peşəkarlığının yüksək səviyyədə saxlanılmasının vacib olduğunu sübut etdi. Keçirilən məşğələlər və təşkil olunan təlimlər nəticəsində hərbi qulluqçuların təcrübəsi artır, qarşıya qoyulan tapşırıqlar operativ və uğurla icra edilir. "Belə ki, keçilən dərslərin (hansı səviyyədə) mənimsənilməsini sınaqdan keçirmək məqsədilə normativlər və tapşırıqlar yerinə yetirilir, qiymətləndirmələr aparılır. Çalışırıq ki, komandirlərimizlə birlikdə bölmənin döyüşə hazırolma vərdişlərini artıraq. Mühəndisin döyüşə hazırolması dedikdə nə başa düşülür? Əslində, bu geniş mövzu olsa da, əsas onu demək yerinə düşər ki, mina sahəsində keçidlərin açılması, minatəmizləmə, maneələğvetmə və digər fəaliyyətlər nəzərdə tutulur. Həmçinin bölmənin hərbi qulluqçularının müxtəlif şəraitə (relyef, iqlim və günün saatlarına) uyğunlaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Gördüyünüz kimi, mənfur düşmən ətrafda bir dənə də olsun ağac qoymayıb. İlin isti aylarında fəaliyyətlər (komandanlığın tapşırığına əsasən) günün sərin vaxtlarında yerinə yetirilir.
Ərazinin geniş olması isə bizi qorxutmur. Tabeliyimizdə olan müasir avadanlıqların və şəxsi heyətin yüksək ixtisas hazırlığı ilə bu işin də öhdəsindən ən qısa vaxtda gələcəyik. Hər gün biz daha da irəliləyir və tarixi torpaqlarımızda gündəlik fəaliyyətin təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Hər bir əsgər xidməti məsuliyyətinin fərqindədir. Və bilir ki, onun aşkar etdiyi mina və ya partlamamış döyüş sursatı bir və ya bir neçə insanın həyati təhlükəsinin qarşısını alır. Mühəndis təminatı tapşırıqları yerinə yetirildikdən sonra bura torpaqlarımızın həqiqi sakinləri qayıdacaq, həyat yenidən dirçələcək. O günlər uzaqda deyil. Bölməmizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İntiqam Əkbərov da bu müqəddəs savaşda canını fəda edərək şəhadətə yüksələnlərin sırasındadır".
Əsgərlər Elvin Nəcəfzadə, Əhməd Şıxaliyev, Rəşad Əliyev, Alcan İbrahimov, Seymur Məhərrəmov və Fərid Abdullazadənin üzərlərinə düşən mühəndis-istehkam tapşırıqlarını bacarıqla yerinə yetirməsi onların hər birinin öz hərbi peşə vərdişlərinə dərindən yiyələnməsindən xəbər verir. Mühəndis tapşırıqlarını qüsursuz yerinə yetirməyin insandan yüksək hərbi bilik və cəsarət tələb etdiyinin bu oğullar sayəsində bir daha şahidi olduq. Gördüklərimiz bizi bir daha əmin edir ki, həyati təhlükə ilə qarşı-qarşıya olmasına baxmayaraq, Vətənə müqəddəs borcunu layiqincə ödəyən oğullarımız sayəsində o yerlərin həqiqi sakinləri doğma yurdlarına Böyük Qayıdış edəcək və tezliklə tarixi torpaqlarımızda həyat yenidən canlanacaq.
Gənc istehkamçılarla söhbətimizi başa vurduqdan sonra mühəndis təminatının yerinə yetirildiyi digər nöqtələrdə oluruq. Hərbi qulluqçumuzun uzaqdan (distant) idarə etdiyi qardaş Türkiyə Cümhuriyyətinin istehsalı olan MEMATT (Mekanik Mayın Temizleme Teçhizatı) markalı mexaniki minatəmizləmə texnikasının iş görmə fəaliyyəti ilə tanış oluruq. 44 günlük haqq savaşımızı Böyük Qələbə ilə başa vurduqdan sonra mənfur düşmənin tarixi ərazilərimizə yerləşdirdiyi saysız-hesabsız minaların zərərsizləşdirilməsi məqsədi ilə istifadə olunan bu yeni nəsil texnika artıq keçirilən sınaqlarda özünü layiqincə doğruldub. Texnikanı idarə edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudaverdi Sadıqovdan MEMATT mühəndis texnikası ilə bağlı məlumat aldıq. "Türk qardaşlarımızın bizlərə keçdiyi hazırlıq kursunda bu modern texnikadan istifadə qaydalarını öyrəndik, onun sirlərinə yiyələndik. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra yuxarı komandanlıq tərəfindən bizlərə sertifikatlar təqdim edildi. Və bu gün tarixi torpaqlarımızda müasir tələblərə cavab verən texnikanın tətbiqi ilə mühəndis təminatı tapşırıqlarını yerinə yetiririk. Qarşımızdakı texnika distant idarə olunduğu üçün ölüm riski sıfıra enir ki, bu da çox vacib amildir. MEMATT mühəndis texnikasının üst hissəsində yerləşdirilən kameralar sayəsində işin görüldüyü ərazi qarşımdakı kompüterdə əks olunur. Texnika möhkəm zirehlə təchiz olunduğundan dayanıqlılığı da yüksəkdir. Tapşırıqların yerinə yetirilməsi zamanı operativliyin təmin edilməsi, gündəlik işgörmə əmsalının yüksəlməsi məqsədilə bu texnikanın istifadəsi işimizi yüngülləşdirir".
Növbəti nöqtədə gizir Rəşad Şirinov və təlimçisinin əmrini gözləyən it (Maks) var idi. Rəhimdən mühəndis təminatında xüsusi təlim keçmiş itlərimizin rolunu öyrənirəm. "Kinoloji mərkəzdən qoşunlarımızın tərkibinə verilən itlər, adətən sakit olmaları ilə seçilirlər. Çünki səs-küylü və aqressiv itlər mühəndis bölməsi üçün arzuolunan deyil, adətən qarovul xidmət üçün əlverişli hesab olunur. Maks müəyyən müddət ərzində tapşırıqları və tapşırıqların yerinə yetirilməsində istifadə olunan açar kəlmələri öyrənib. Təbii ki, bir itin təlimatçısına öyrəşməsi də vaxt aparan məsələlərdəndir. Hazırda Maksın məni başa düşməsi üçün bir söz və yaxud bir hərəkət kifayət edir. Bu da vaxt tələb edən mövzudur. Poliqonlarda xüsusi təlim keçdikdən sonra xidməti tapşırıqlarda bizə yardımçı olan "dostlarımız" həyati əhəmiyyətli tapşırıqların da yerinə yetirilməsində əvəzsiz rola malikdir. Mühəndis tapşırıqları çərçivəsində komandanı qəbul edərək irəli atılan Maks hər hansı mina və ya partlamamış hərbi sursat gördükdə oturur və ya uzanır, sanki növbəti komandanı gözləyirmiş kimi siqnalı təlimatçısına (yəni, mənə) verir. Növbəti mərhələdə biz məlumatın dəqiqliyini yoxlamaq üçün həmin fəaliyyəti bir daha təkrarlayırıq. İtlərin qidalanması və sağlamlığı da xüsusi diqqət yetirilən mövzulardan biridir. Çünki həyati əhəmiyyətli məsələlərdə bizə yardımçı olan dostlarımızın qeydinə lazımi səviyyədə qalmalıyıq. Sonda onu qeyd etmək istərdim ki, söhbət əgər insan həyatından gedirsə, tam əminliklə deyə bilərəm ki, bir insan üçün ən sadiq heyvan məhz itdir".
Burada olduğumuz müddət ərzində istehkamçılarımızın fəaliyyəti ilə yaxından tanış oluruq, təminatımızda olan müasir avadanlıq və günün tələbləri səviyyəsində qurulan mühəndis tapşırıqlarının icrası prosesinin şahidi oluruq. Gördüklərimiz bir daha təsdiqləmiş olur ki, tarixi torpaqlarımıza Böyük Qayıdışa, o torpaqlarda firavan həyatın bərpasına az qalıb. Bu fikirlə igid mühəndis-istehkamçılarımızın yanından ayrılırq. Onlara gələcək xidmətlərində uğurlar və möhkəm can sağlığı arzulayırıq.
 
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"