Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2022 17:29

“TEKNOFEST”in sonuncu günündə də möhtəşəm aviaşou ziyarətçiləri heyrətləndirib

Bakının ev sahibliyi etdiyi "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalının dördüncü günündə Bakı Kristal Zalı və Dənizkənarı bulvarda yenə də qələbəlik idi. Ziyarətçilər sərgilərə maraqla tamaşa edib, əyləncəli proqramları izləyib, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də "Türk Ulduzları", "SoloTürk" aerobika komandaları şahinlərinin nəfəs kəsən göstərilərinin həyəcanını yaşayıblar.
Aviaşounun aparıcısı Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani aviaşou proqramları başlamazdan öncə 28 May - Müstəqillik Günündə festival məkanında yaşanan təntənə barədə ziyarətçilərlə təəssüratını bölüşüb. O bildirib ki, doğma Azərbaycanımızın paytaxtı Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalında, həqiqətən, böyük qələbəlik oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu festivalda iştirakı "bir millət, iki dövlət"in, Azərbaycan və Türkiyənin qardaşlığının sarsılmaz, əbədi və daimi olacağını bir daha dünyaya bəyan etdi.
Qardaş Türkiyənin Prezidentini və qonaqları salamlayan Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi "Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır", "Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik... Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Bu gün "TEKNOFEST" bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. "TEKNOFEST" elm, inkişaf, bilik, texnologiya bayramıdır... Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək" fikirləri festival iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılandı.
Polkovnik A.Qurbani müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Günümüzü səmimi qəlbdən təbrik edən, istiqlal və gələcək yolunda apardığımız mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edən və əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını behişt etməsini, bizləri də şəhidlərimizin müqəddəs və mübarək yolundan ayırmamasını uca Rəbbimizdən istəyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından aşağıdakı məqamları da festival ziyarətçiləri ilə bölüşüb:
"Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq... Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?
Ellərin yurdunda çiçək açarkən
Bizim elə qar gəlir, qardaşım.
Bu hüdudu kimlər çəkib könlümə,
Dar gəlir, dar gəlir, qardaşım.
Bəli, biz könüllərimizə çəkilən hüdudları yıxaraq bu gün burada birlikdəyik. Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdumuz, könül coğrafiyamızın ayrılmaz bir parçasıdır. Türkiyə və Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi, şükür olsun, əvvəlcə strateji tərəfdaşlıq, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdıq".
Həmin gün festival iştirakçılarının diqqətinə çatdırılıb ki, tarixi çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istiqlal şairimiz Əhməd Cavadı ömrünün 130-cu ilində rəhmətlə anaraq, onun bu şeir parçası ilə bir daha dünyaya bəyan edib:
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!
Polkovnik A.Qurbani Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın "Allah yolumuzu, bəxtimizi açıq etsin!" alqışları ilə aviaşounun başlandığını bildirib. Festivalın son günündə, sonuncu aviaşouda yenə də Azərbaycan və qardaş Türkiyənin milli şahinləri öz ali pilotaj fiqurlarını nümayiş etdirərək festival iştirakçılarını, qonaqları və ziyarətçiləri heyrətləndiriblər.
P.S. Müdafiə Nazirliyinin sərgi pavilyonunda yazıçı-publisist polkovnik Abdulla Qurbaninin imza günü keçirilib və ziyarətçilərə müəllifin "Böyük gələcəyə baxış", "Türkiyə-Azərbaycan: Qardaşlığın təntənəsi" və "Vətən müharibəsi şəhidləri" nəşrlərindən nüsxələr hədiyyə edilib.

"Azərbaycan Ordusu"