Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 May 2022 12:00

Dövlətçilik tariximizi qürurla yaşadırıq

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, ümumən Şərqdə mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı.
Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan 28 May - Müstəqillik Günü tariximizdə həmişə qürurla anılacaq və yaşadılacaq. 1918-ci il mayın 28-də mürəkkəb hərbi siyasi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycanın İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan dövlətçiliyi yeni əsrin yeni tarixini yaratdı - Azərbaycan Xalq Cümhuriyyəti quruldu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və islahatları ilə müsəlman Şərqinin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli dövlət təsisatı oldu. Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu təsdiqlədi.
Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumətin tərkibi müəyyən olundu, dövlət hakimiyyəti strukturları yaradıldı. 23 aylıq fəaliyyəti dövründə beş dəfə formalaşdırılan Cümhuriyyət Hökumətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxdı. 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Milli Şura 24 nəfər lehinə, 2 nəfər bitərəf qalmaqla, Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etdi. İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Azərbaycanda müstəqil dövlət, Cümhuriyyət yaranması dünyaya bəyan edildi. Müstəqilliyini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, 1918-ci il iyunun 4-də ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə ilə imzalanan müqavilənin üçüncü maddəsi Azərbaycanın torpaq və ərazi bütövlüyünü, dördüncü maddəsi isə Türkiyənin Azərbaycana siyasi və hərbi köməyini əhatələyirdi.
Cümhuriyyət dövründə milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımlar atıldı. Parlament milli dövlətçiliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırdı. 1918-ci ilin 27 iyununda Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və digər dövlət təsisatları ilə yanaşı, məhkəmə sisteminin də Azərbaycan dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul edildi.
1918-ci il iyunun 26-da qəbul edilən qanuna əsasən Milli Ordu birləşmələri yaradılmağa başladı və məhz həmin tarix Azərbaycan Ordusunun yaradılması günü Respublikamızda bayram olaraq qeyd edilir. Sentyabrın 1-də Hərbi Nazirliyin yaradılması ilə əlaqədar qərar qəbul olundu. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general Əlağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Nizami ordu qurmaq məqsədilə büdcədən 400 milyon manat vəsait ayrılmışdı. 1920-ci ilin yanvarında ordu quruculuğu işi tamamlandı və 30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaradıldı.
Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyət kimi Cümhuriyyət dövründə də multikultural dəyərləri qoruyub, qanunla dəstəkləyib. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti "Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında Əsasnamə"ni təsdiq etdi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdilər. Hökumətin qərarına əsasən Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb olundu. Türk dünyasında və müsəlman aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən ölkə də məhz Azərbaycan oldu. Bu, dünya tarixi üçün mühüm hadisə idi.
Hökumət tərəfindən 1918-ci il iyunun 24-də əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 1918-ci il noyabrın 9-da həmin bayraq üç rəngli - mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəzləndi.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev birinci müavin seçildi.
Cümhuriyyət Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar imperiya Azərbaycan Xalq Cümhuriyyətini ilhaq etsə də, onun ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyinə qovuşmasında Bakı Dövlət Universitetinin misilsiz rolu oldu.
Cümhuriyyət hökumətinin mühüm xidmətlərindən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini araşdıraraq ona hüquqi qiymət vermək, dünyanı məlumatlandırmaq olmuşdur. Təsadüfi deyil ki, 31 mart tarixi iki dəfə - 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament tarixində dərin və zəngin iz qoydu.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlaya bildi. Daxili və xarici təsirlərə görə dövlət müstəqilliyini itirmə təhlükəsi ilə üzləşəndə böyük tarixi şəxsiyyət, əbədiyaşar sərkərdə Heydər Əliyev xalqın ciddi tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi rəhbər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu.
Ümummilli Lider çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verərək dəfələrlə bildirmişdi ki, bu gün biz demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur.
Ümummilli Liderin bu uzaqgörən siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib".
Müstəqillik hər bir ölkənin var olması üçün çox əhəmiyyətli amildir. Müstəqilik, azadlıq - istər fərd olaraq hər bir vətəndaş, istərsə də bütöv bir xalq, bir millət üçün müqəddəs, əvəzolunmaz nemətdir. Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə apararaq şəhidlər veriblər. Bu müqəddəs məfhumu əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətlidir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi. Azərbaycan bu ədalətli müharibədə Zəfər çaldı. Bu Zəfər ruhun zəfəri idi, azərbaycançılığın zəfəri idi, Ali Baş Komandanın sərkərdəlik məharətinin zəfəri idi. Ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu gün işğaldan azad olunmuş əzəli yurd yerlərimiz yenidən canlanır, üçrəngli bayrağımızın kölgəsindəki işğaldan azad edilmiş bütün şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz yenidən qurulur, abadlaşdırılır.
Bu gün xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətinin nəticələrini qorumaqla, dövlətçiliyimizi qoruyur. Ordu da, xalq da bu missiyanın cəfakeşləridir.
28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edirik.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"