Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2022 11:10

Asudə vaxt əsgərlərin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir

Asudə vaxt dedikdə, təkcə istirahət və bayram günləri nəzərdə tutulmur. Təsdiq edilmiş günün nizam qaydasına uyğun olaraq əsgərlər müəyyən vaxtlarda idmanla məşğul olur, hərəkətli və ya intellektual oyunlar oynayırlar. Asudə vaxtın düzgün təşkili gənclərin fiziki, psixoloji və şəxsi keyfiyyətlərinin formalaşmasına və inkişafına kömək etməklə yanaşı, onların dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət kəsb edir.
"N" hərbi hissəsində  günün nizam qaydasına uyğun olaraq şəxsi heyətin asudə vaxtının təşkili prosesi ilə yaxından tanış olduq. Müasir standartlara uyğun formalaşdırılan ideoloji otaqda əsgərlərin səmərəli zaman keçirməsi, mütaliə ilə məşğul olması üçün lazımi şərait yaradılıb. Burada Azərbaycan dövlətinin rəmzləri, tarixi, Azərbaycan Ordusunun inkişaf mərhələləri, Hərbi and, ümummilli lider Heydər Əliyevin portreti, dövlət və ordu quruculuğu sahəsində fəaliyyəti, Ali Baş Komandanın və müdafiə nazirinin əsgərlərlə görüşlərini əks etdirən fotoşəkillər göz oxşayırdı. Həmçinin hərbi hissənin Vətən müharibəsində apardığı döyüş əməliyyatları barədə məlumatlar da öz əksini tapıb. Bunların hamısı əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, vətənpərvərlik hissinin və döyüş ruhunun artırılmasında mühüm rol oynayır.
Yaradılan şərait əsgərlərin mənəvi cəhətdən kamilləşməsinə də kömək edir. Onlar voleybol, futbol, stolüstü oyunlar oynayır, televiziya və qəzet vasitəsilə məlumatlar alır, müxtəlif mövzularda kitablar oxuyurlar. Dahilərin, dünyagörmüş insanların zaman haqqında fikirlərini unutmayan əsgərlərimiz asudə vaxtlarını düzgün qiymətləndirərək mütaliə ilə məşğuldurlar.
Vətən müdafiəçilərimizin asudə vaxtlarının səmərəli təşkili nizam-intizamlarına və vətənpərvərlik ruhunda tərbiyə olunmalarına müsbət təsir edir.
Əsgər Vüsal Məmmədov və Nazim Məmmədov arasında dama oyununda gərgin mübarizəni izlədik. Hər biri təmkinlə və ehtiyatla oynayırdı. Yalnız cüzi fərqlə Vüsal rəqibinə qalib gəldi.  
Əsgər Ziya Sadıqov və Qismət Məmmədli isə güclərini şahmatda sınadılar. Gərgin mübarizə şəraitində keçən oyunda Qismət rəqibini geridə qoydu. Biz də qələbə münasibətilə onu təbrik etdik. Əsgər Q.Məmmədli ilə söhbətimiz zamanı bildirdi ki, şahmatı atasından öyrənib. Qələbə qazanmağı sevdiyini deyən əsgər, “Azərbaycan əsgərinə daim qələbələr yaraşar”, deyir. Vətən müharibəsində olduğu kimi.
Əsgər Eltun Mehrəliyev və Məhəmmədəli Mirzəyev bədii kitablar oxuyaraq biliklərini zənginləşdirir və dünyagörüşlərini artırırlar. Vətən müdafiəçiləri yaradılan şəraitdən razı olduqlarını, rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etdikləri üçün qürur duyduqlarını bildirdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"