5 avqust 2000-ci ildə Lerikdə dünyaya gələn Altay Tahir oğlu Mövlanov 44 günlük İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Vətən yolunda canını qurban etdiyinə görə onun bu ölümü ömrünün sonu olmur. Necə deyərlər, 20 yaşında Altay əbədiyyətə qovuşaraq özünə ürəklərdə əbədi yurd-yuva qurur. Qərinələr keçəcək, Altay Vətənini sevən igid, mərd döyüşçü, layiqli vətəndaş kimi ehtiramla xatırlanacaq.
Vətən, torpaq sevgisi ilə boya-başa çatan Altay əsgər yaşına çatanda sevinir. Axı, işğal olunmuş əzəli yurd yerimiz Qarabağ torpaqlarından erməni faşistlərini qovmaq onun da ən böyük arzusu idi. Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür. Ön cəbhədə xidmət edir. Səmimiliyi, mərdliyi Altaya əsgər və zabitlərin hörmətini qazandırır. O, hərbi təlimlərdə fərqlənir, eyni zamanda, nümunəvi xidməti ilə komandirlərin rəğbətini qazanır.
Altay hərbi xidmətini başa vursa da, İkinci Qarabağ müharibəsi başlayanda döyüşlərə qatılır. Ona görə ki, Vətən torpağını azad etmək zamanı çatmışdı. Döyüşür... Vətəni öz qanı bahasına yaşadan qeyrətli oğullardan biri də məhz o olur.
Hər qarış Vətən torpağı uğrunda canıyla-qanıyla döyüşən Altay Füzuli istiqamətində gedən ağır döyüşlərdə "Vətən yaşasın!", - deyə polad sinəsini gülləyə sipər edir. Onun qısa həyat yolu xalqı üçün Vətənə sevgi simvoluna dönür.
Bəli, Vətən, torpaq uğrunda şəhid olanların ömrü əbədidir. Şəhid adının müqəddəsliyində Altay Mövlanovun da yeri dünya durduqca saf ürəklər olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Altay Tahir oğlu Mövlanov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü