Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2022 11:10

“Xalqımızı zəfərlərimizlə sevindirəcəyik”

Komando hərbi hissəsində xidmət edən hərbçilərlə görüşümüz yaddaqalan oldu. Şəxsi heyət təlimdən yenicə qayıtmışdı. Əsgərlərə müvafiq əmr və tapşırıqlar verən kapitan Taleh Əlcəfərovla söhbətləşdik. Öyrəndik ki, zabit Taleh Əlcəfərov 18 oktyabr 1989-cu ildə keçmiş ittifaqın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində dünyaya göz açıb. 1993-cü ildə ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonuna qayıdıb. 9-cu sinfə qədər Payız kənd orta məktəbində oxuyub. 2005-ci ildə hərbçi olmaq məqsədilə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Hərbi təhsil ocağını uğurla başa vurub. Biliklərini təkmilləşdirdikdən sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə ((indiki Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu) qəbul olunub. Ali hərbi təhsilini başa vurduqdan sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "zabit ixtisasartırma kursu” keçib. Kapitan Taleh Əlcəfərov ordumuzun böyük uğurlar qazandığı, düşmənə sarsıdıcı zərbələr vurduğu Aprel döyüşlərində iştirak edib. Lələtəpə yüksəkliyi uğrunda gedən əməliyyatlar zamanı  üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib.
2016-2017-ci illərdə komandanlıq peşəkarlığını daha da artırmaq məqsədilə kapitan Taleh Əlcəfərovu Türkiyə Respublikasında Komando kursları keçməyə göndərib. Zabit bu kursları uğurla bitirərək bacarığını, peşəkarlığını daha da artırıb. Vətən müharibəsində də iştirak edən kapitan əsasən Murovdağ istiqamətində vuruşub. Torpaqlarımızın düşmən təcavüzündən azad olunması uğrunda gedən döyüşlərdə cəsarət və hünər göstərib. Hazırda zabit Komando hərbi hissəsində xidmətdədir. Bu günə qədər qazandığı hərbi biliklərini gənc əsgərlərə böyük həvəslə öyrədir. Təcrübəli zabitlə söhbətə ordu quruculuğu mövzusuyla "cığır" salırıq.
- Cənab kapitan, bu gün ordumuzda islahatlar aparılır, quruculuq işləri görülür. Sevindiricidir ki, həyata keçirilən uğurlu islahatlar ordumuzun gücünü, qüdrətini daha da artırır.
- Bu gün biz tariximizin şərəfli anlarını yaşayırıq. 2020-ci ildə Azərbaycan Ordusu böyük hünər və cəsarətlə işğala son qoydu. Qarabağı, həmçinin uzun illər erməni qəsbkarlarının işğalda saxladığı rayonları azad  etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda müntəzəm olaraq genişmiqyaslı islahatlar aparılır, uğurlara doğru inamlı addımlar atılır. Yeni-yeni hərbi hissə və birləşmələr yaradılır. Quruculuq və əsaslı təmir-tikinti işləri aparılır. Həmçinin şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının daha da artırılması məqsədilə döyüş atışlı təlimlər və məşğələlər də keçirilir. Bu uğurlu islahatlar nəticəsində Azərbaycan Ordusunun gücü, qüdrəti gündən-günə artır.
- Ordumuzda Komando hərbi hissələri yaradılır. Siz də yeni yaradılmış Komando hərbi hissəsində xidmət edirsiniz. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan Ordusunda Komando hərbi hissələri yaradılması təbii ki, bizi çox sevindirir. Ordu strukturu təkmilləşdirilərək modernləşdirilir. Yeni yaradılan hərbi hissələrin şəxsi heyəti daha hazırlıqlı, daha peşəkar, çevik və bacarıqlı qüvvələrdir. Bu hərbi hissə və birləşmələrdə xidmət edən zabit və əsgərlərin döyüş və fiziki hazırlığını daima artırmaq məqsədilə müntəzəm olaraq təlim-məşqlər, dərslər, çöl çıxışları və başqa gərəkli tədbirlər həyata keçirilir.
- Şəxsi heyət növbəti məşğələdən yenicə qayıdıb. Təlim-məşqləriniz necə keçdi? Hansı tapşırıqlar yerinə yetirildi?
- Bəli, bu günlərdə şəxsi heyətin döyüş hazırlığının daha da artırılması məqsədilə "Çöl şəraitində həyat fəaliyyətinin təmin olunması" mövzusunda təlim-məşq keçirildi. Məşğələnin mövzusu üç mərhələni əhatə edirdi. Birinci mərhələdə zabit və əsgərlər daimi yaşayış yerini tərk etmək tapşırığını yerinə yetirməli idi. İkinci mərhələdə ilkin yaşayış məntəqəsi seçilməliydi. Üçüncü mərhələdə iştirakçıların qarşısında seçdikləri yaşayış məntəqəsində həyat fəaliyyətlərini bərpa etmək tapşırığı dayanmışdı. Əmr verilən kimi təlim iştirakçıları məşğələnin mövzusuna uyğun olaraq, yaşayış yerindən çıxıb  qarlı dağlara üz tutdu. Zabit və əsgərlər təlim zamanı qarşılarında dayanan tapşırıqları dağlıq ərazidə yüksək bacarıqla yerinə yetirdilər. Onlar gecəgörmə cihazlarından da istifadə edərək qaranlıqda hədəflərə atəş açdılar. Təlim iştirakçılarının atəş zərbələri şərti düşmənin hədəflərindən yayınmadı. Tələb olunan məsafə qət olunduqdan sonra iştirakçılar ilkin yaşayış məntəqəsini seçdilər və qısa müddət ərzində burada həyat fəaliyyətlərini bərpa etdilər. Tapşırıqları yerinə yetirərkən əsgərlər yüksək bacarıq göstərdilər. Onlar qarlı dağlardan, sıldırım qayalardan, dar cığırlardan məharətlə keçərək bütün maneələri uğurla dəf etdilər. Təlim zamanı göstərdikləri cəld hərəkətlər zabit və əsgərlərimizin döyüş hazırlıqlarının yüksək olmasının təsdiqi idi. Məşğələlər hərbçilər üçün sınaqdır. Şəxsi heyət bu sınaqdan uğurla çıxdı.
- Gələcək xidmətinizdə sizə də, şəxsi heyətə də uğurlar arzulayırıq.
- Çox sağ olun. Biz xidmətdə qazanacağımız uğurlarla, zəfərlərlə xalqımızı daim sevindirəcəyik.
 
Söhbəti apardı: Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"