Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2022 14:50

Zəfərin yaratdığı ənənə yaşadılacaq

Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücum etdi. Azərbaycan Ordusu bu hücumun qarşısını qətiyyətlə aldı. 2016-cı ilin aprelində olduğu kimi, düşməni döyüşə-döyüşə geri çəkilməyə məcbur etdi. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək". Bu müharibə işğalı birdəfəlik sonlandırmalı idi. Azərbaycan Ordusu bu niyyətlə döyüşürdü...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində qazandığımız Zəfərin mahiyyəti haqqında dedi:
"Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Bu kəlamların məntiqi davamı qətiyyətin ifadəsi olmuşdu: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Vətən müharibəsi belə davam edirdi. Azərbaycan Ordusu döyüşə-döyüşə düşmən sədlərini dağıdır, hərbçilərinin, muzdlularının döyüş əzmini çilikləyir, mövqe qələbələri qazana-qazana irəliləyirdi. Qazanılan qələbələr ordumuzu son döyüşlərə yaxınlaşdırırdı...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi.
Vətən müharibəsi beynəlxalq təşkilatların həll edə bilmədiyi, həll etmək istəmədiyi münaqişəni döyüşlə qətiyyətlə həll edirdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanan üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Ermənistanın təslim aktı idi. Bəyanata görə Ermənistan qoşunlarını Ağdamdan, Kəlbəcərdən, Laçından qeyd-şərtsiz çıxartmalı idi.
Üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan Ordusunun qətiyyətli qələbələri düşməni tam sarsıtmışdı, bu sarsıntının davamı kimi düşmən nisbi qurtuluşu bu bəyanatı imzalamaqda gördü...
Vətən müharibəsində qazanılan Zəfər hərbi qələbə idi. Hələ Vətən müharibəsinə kimi dünyanın hərbi ekspertlərinin rəyinə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında idi. Bu qələbə siyasi baxımdan da çox dəyərlidir. Dünya dövlətləri bir daha əmin oldu ki, Azərbaycan güclü dövlətdir. Xarici ekspertlər Vətən müharibəsinin öyrənilməsini vacib hesab edirlər. Bu, Azərbaycana da, onun rəşadətli ordusuna da böyük ehtiram deməkdir.
"N" hərbi hissəsində xidmət edən əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılmasında Vətən müharibəsi haqqında təəssüratlar da, söhbətlər də əhəmiyyətlidir. Hər söhbət mahiyyəti etibarilə bir vətənpərvərlik dərsidir. Mayor Faiq Mehdiyev belə söhbətləri hərbi hissənin əsgər və zabitlərinin döyüş yolu ilə əlaqələndirir ki, bu da yüksək döyüş hazırlığına malik olan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının tərkib hissəsi olur. Zabit hərbi hissənin döyüş yolunun əsgər yaddaşlarında yaşadılmasına çalışır ki, bu da özlüyündə Vətən müharibəsinin tarixinə ehtiramdır.
Mayor Faiq Mehdiyev şəxsi heyətlə aparılan siyasi dərslərdə zabitlərə söhbətlərin Vətən müharibəsində döyüşlərin təəssüratları ilə əlaqələndirməsini tövsiyə edir. Asudə vaxtlarda Vətən müharibəsi iştirakçısı kimi özü də belə söhbətləri genişləndirir.
“Ali Baş Komandanın sərkərdəliyi ilə qələbə qazandıq. İndi xidmətimizi işğaldan azad etdiyimiz ərazilərdə davam etdiririk”, - mayor Faiq Mehdiyev belə dedi.
Zabit hərbi hissədə tətbiq edilən bir ənənədən qürurla söz açır: "Hərbi hissədə Vətən müharibəsində iştirak etmiş hər bir hərbi qulluqçu xidmətə başlayan əsgərin könüllü hamisidir. Bu, şəxsi heyəti mənən daha da zənginləşdirir". Yaşadılmalı ənənədir...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"