Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2022 14:50

Hər şəhid məzarı and yerimizdir

Yas mərasimlərinin birində ruhani şəhidlikdən söhbət açmışdı, müharibəyə gedib Vətən, torpaq uğrunda həlak olan hər kəsin müqəddəs bir ada - şəhid adına layiq görüldüyünü demişdi.
2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu dünyaya sübut etdi, yaşından, mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşımız düşmən üzərində qələbəyə kökləndi və bu yolda öz töhfəsini əsirgəmədi. Yüzlərlə, minlərlə igidimiz isə silaha sarılıb ön cəbhəyə yola düşdü, illərdən bəri düşmən əlində dustaq qalan əzəli yurd yerlərimizi, doğma Qarabağımızı işğaldan azad etmək üçün şirin canlarını fəda etməkdən çəkinmədi. Şəhidlərin tabutunu çiyninə alan ata-analar, bacı-qardaşlar "Təki Vətən sağ olsun!" deyib, öz doğmalarını son mənzilə böyük qürur, şərəf hissiylə yola saldılar. İndi şəhidi olan hər evin, hər ocağın başı üzərində ucalan üçrəngli bayrağımızı görəndə qəlbimizi sonsuz iftixar hissi bürüyür. Düşünürəm ki, Vətənimizi canından əziz tutub onun uğrunda son nəfəsini əsirgəməyən minlərlə, on minlərlə igid oğullarımız vardır. Artıq ata-analarımızı, həyatdan köçən doğmalarımızı ziyarət etməyə gedəndə qeyri-ixtiyari olaraq ilk ayaq basdığımız ünvan şəhidlərimizin məzarıdır, çünki bu məzarlarda dalğalanan bayrağımız adamı bir anlıq ayaq saxlayıb düşünməyə sövq edir. Məhz bu igidlərin canları bahasına bu gün Şuşamızda, Qarabağımızın hər yerində Dövlət Bayrağımız dalğalanır. Qəhrəman şəhidlərimizin ruhunu uca tutmaq, xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
Hacıqabul rayonunun ucqar kəndlərindən olan Udulu kəndinin də onlarla igid oğlu həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Vətən savaşında hünər və şücaət göstərib şəhidlik zirvəsinə ucalıb. Dağlar arxasında məskən salan udululuların bu gün and yeri şəhidlərin məzarıdır. Bu kəndə yolu düşən hər kəsi öncə müqəddəs bir ünvan qarşılayır - "Şəhidlərin xatirə bulağı". Bulağın önündə hər bir şəhidin barelyefi böyük zövqlə, ustalıqla hazırlanıb.
Uduluda "Şəhidlərin xatirə bulağı"nın açılışına xeyli adam toplaşmışdı. Ağsaqqal-ağbirçəklərin, orta və gənc nəslin nümayəndələrinin, məktəblilərin toplaşdığı mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni oxundu.
Sonra Birinci Qarabağ müharibəsi şəhidi Ayaz Baxşəliyev adına Şorbaçı kənd orta məktəbinin direktoru Kamal Əsgərov tədbiri giriş sözü ilə açaraq hazırkı dövrdə dövlətimiz və cəmiyyətimiz tərəfindən şəhid ailələrinə, qazilərə böyük hörmət və qayğı göstərildiyini qeyd etdi. Həmçinin o bildirdi ki, məktəblilər, gənc nəsil şəhidlərin xatirəsini uca tutur, onların mənalı ömür yolundan nümunə götürürlər. "Məktəbimizdə elə tədbir olmaz ki, orada şəhidlik haqqında söhbət açılmasın, qəhrəman oğullarımız xatırlanmasın".
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, hər şəhid millətimiz, xalqımız, dövlətimiz üçün əzizdir. Şəhidliyin ünvanı əbədiyyətdir, hər şəhid məzarı müqəddəs bir ocaq və and yeri olduğunu bildirdilər.
Çıxış edən şəhid valideynləri və qazilər göstərilən yüksək hörmət və diqqətə görə  təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Arif PƏNAHOV Bakı şəhəri