Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2022 14:50

Təlimlər döyüş vərdişlərinin artırılmasında əsas amillərdən biridir

Vətən müharibəsi zamanı ordumuzun göstərdiyi hünər və rəşadət nümunələri haqqında illər, əsrlər boyu danışılacaq. Doğrudan da, həmin günlərdə Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq nümunələri göstərdilər. "Dəmir yumruq" əks-hücum əməliyyatında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı zəfər qazandı. Dövlət, xalq, ordu bir yumruq olub, 30 ilə yaxın işğalda olan ərazilərimizi azad etdi. Tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq salnaməsi yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də bütün tədbirlərdə ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən iftixarla danışır, hərbi qulluqçuların şücaətini yüksək qiymətləndirir.
"...Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq" sözləri Azərbaycan əsgərinə verilən yüksək dəyərdir.
Əks-hücum əməliyyatlarında ordumuzun bütün bölmələri yüksək döyüş hazırlığı nümayiş etdirdilər. Qazanılan Böyük Qələbəmizdə pay sahibi olan bölmələrdən biri də artilleriyaçılarımızdır. Düşmənin illərlə möhkəmləndirdiyi sədləri, istehkamları artilleriya bölmələrinin dəqiq atəş zərbələri ilə darmadağın edildi. Düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş maşınları və texnikaları artilleriyaçılarımız tərəfindən məhv edildi. Bir sözlə, İkinci Qarabağ müharibəsində düşmən qüvvələrinin sıradan çıxarılmasında və qarşı tərəfin əks-həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu.
"N" hərbi hissəsinin yerləşdiyi əraziyə səhər tezdən gəlib çatdıq. Şəxsi heyət günün nizam qaydaları əsasında xidmətini davam etdirirdi. Könül oxşayan marşın sədaları ilə hamı səhər yeməyi üçün müasir əsgər yeməkxanasına daxil oldu. Hərbi hissənin cavabdeh zabitlərindən olan Rəşad Əliyev söhbətimiz zamanı qeyd etdi ki, şəxsi heyətin böyük əksəriyyəti İkinci Qarabağ döyüşlərinin sınağından çıxıb. "Bu döyüşlər xalqımıza qələbənin sevincini yaşatmaqla bərabər, hərbçilərimizin də vətənpərvərliyinin sübutu oldu. Həmin günlərdə elə bir əsgər tapmazdın ki, döyüşə qatılmaq istəməsin. Gənclərimizdə olan Vətən sevgisi, torpağa, yurda sıx bağlılıq adamı heyran edirdi. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, "Doğma ordumuzun əsas gücü onun əsgər və zabitlərinin vətənpərvərliyindədir". Əlbəttə, şəxsi heyətin təlim və məşğələlərdə qazandığı döyüş vərdişləri və müasir silah-texnikalarla təmin olunması da qələbənin əldə olunmasına öz töhfəsini verdi".
Səhər yeməyindən sonra təlim meydanında döyüş hazırlığı planına uyğun olaraq dərs keçən minaatan heyəti ilə görüşdük. Dərsi izləmək, hərbi qulluqçularımızla həmsöhbət olmaq, onlar haqqında qeydlər götürmək olduqca xoş təəssürat yaratdı. Dərsə başlamazdan əvvəl minaatan heyətlərinə son təlimatlarını çatdıran kapitan Şəhriyar Hüseynov döyüşlər zamanı artilleriyanın fəaliyyətindən danışdı. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Şəhriyar "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Zabit qeyd etdi ki, artilleriya müharibənin taleyində vacib sayılan döyüş növlərindən biridir və düşmən qüvvələrinin darmadağın edilməsində mühüm rola malikdir. "İstər müdafiə, istərsə də hücum döyüşü zamanı artilleriyadan açılan sərrast atəş döyüşün taleyini həll edir. Tarixən məlumdur ki, artilleriya imkanlarına malik ordular məğlubedilməzliyi ilə seçilib. Hərb tariximizə artilleriya generalları Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin adları qızıl hərflərlə həkk olunub. Təkcə Azərbaycanda deyil, bütün dünya hərb elmində bu məşhur sərkərdələrin öz dəst-xətti vardır. Bu gün sıralarımıza daxil olan gənc artilleriyaçılar da belə dəyərli hərb xadimlərinin bilik və nəzəriyyəsindən öyrənməyə, təlim və məşqlərdə nümunə göstərməyə çalışırlar. Vətən müharibəsində qazandığımız qələbə onun göstəricisi oldu ki, Vətənə, xalqa və dövlətə xidmət etməyi ömrünün mənası bilən gənclər ordu mühitində bacarıqlı əsgərlər kimi formalaşmağı qarşılarına məqsəd qoyublar".
Ş.Hüseynovun sözlərinə qüvvət olaraq qeyd edim ki, əks-hücum əməliyyatları zamanı ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda haqq savaşına atılan gənclərimiz Vətən sevgisindən güc alan Azərbaycan əsgərinin döyüşkən, qorxmaz, rəşadətli olduğunu döyüş meydanında göstərdilər. Bu möhtəşəm qələbəmiz həm də əsgərlərimizin keçirilən dərslərdə, təlimlərdə silah və texnikaların sirlərinə dərindən yiyələndiyinin, yüksək döyüş ruhuna və hazırlığına malik olduğunun göstəricisi oldu.
Zabit bildirdi ki, əsgərlərimiz xidmət dövründə yetərincə hərbi bilik və təcrübə qazanır, minaatandan sərbəst şəkildə atəş açmağı öyrənirlər. “Nəzəri və praktik dərslərlə yanaşı, müntəzəm keçirilən təlimlərdə əsgərlərimiz səriştəli döyüşçülər kimi hazırlanırlar. Biz çalışırıq ki, heyət üzvləri təkcə öz vəzifələrini bilməklə kifayətlənməsinlər, həm də digər silahdaşlarını döyüş meydanında lazım gələn anda əvəz etməyi bacarsınlar”.
Çavuş Mehman Fərzəliyev döyüşlər zamanı minaatan batareyasının vəzifələrindən söz açdı. O qeyd etdi ki, minaatan batareyaları düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Vətən müharibəsində əldə olunan təcrübələri nəzərə alaraq, döyüş qabiliyyətinin və davamlılığının daha da artırılması üçün mütəmadi dərslər və təlimlər keçirildiyini də bildirdi. "Tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra dərslərlə yanaşı, döyüş atışlı təlimlərimiz də səngimədən davam edir. Təlimlər zamanı nəzəri biliklərimizi və praktiki vərdişlərimizi daha da möhkəmləndiririk. Həmçinin qazandığımız təcrübələri yeni gələn əsgərlərimizə də aşılayırıq. Onların hər biri dərs və təlimlərdə əzmkarlıq və bacarıq nümayiş etdirir, vəzifələrinin öhdəsindən layiqincə gəlirlər".
F.Mehmanın dediyi kimi, dərsdə hər kəs fəal iştirak edir, verilən tapşırıqları cəld və dəqiq yerinə yetirirlər. Onlar  atışdan əvvəl ərazidə açılma, batareyanın atəş mövqeyini tutması, minaatanların döyüş vəziyyətinə gətirilməsi, planlı və plandankənar hədəflərə minaatanın tuşlanması üzrə normativləri bacarıqla yerinə yetirirlər.
Kiçik çavuş Rəhim Abbasov da xidmətinin uğurla davam etdiyini bildirdi. "Hərb sənətini öz istəyimlə seçmişəm. Şərəfli peşə sahibi olduğum üçün hər an qürur duyuram. Çox xoşbəxtəm ki, Vətən müharibəsinin iştirakçısıyam. Sosial-məişət şəraitimizin, təminatlarımızın yüksək olması xidmətimizin düzgün təşkil olunmasına zəmin yaradır. Keçirilən dərslərdə hərbi bilik və bacarıqlarımızı daha da artırır, döyüş vərdişlərimizi təkmilləşdiririk. Rəşadətli və yenilməz ordunun mənsubları kimi ərazi bütövlüyümüzün qorunması uğrunda istənilən döyüş tapşırığının öhdəsindən gəlməyə hazır və qadirik".
Dərs zamanı bacarıq nümayiş etdirən əsgərlərin döyüş hazırlığını onun qətiyyətli sözləri tamamlayır. Əsgərlər Mirəziz Seyidov və Həmrət Laçınov heyət nəfəri olaraq verilən tapşırıqları məsuliyyətlə icra etdiklərini dedilər. Qeyd etdilər ki, dərs və təlimlərdə həvəslə iştirak edir, komandirlərimizdən bilmədiklərimizi öyrənməyə daim səy göstəririk. Hərbi xidmətləri dövründə hazırlıqlı döyüşçü kimi formalaşdıqlarını bildirdilər. Qalib ordunun əsgərləri olmaqdan qürur duyduqlarını da xüsusi vurğuladılar.
Əsgərlərin qətiyyəti, ruh yüksəkliyi haqqında onu deyə bilərəm ki, hərbi sirlərə və döyüş vərdişlərinə yetərincə yiyələnən, fiziki cəhətdən hazırlıqlı olan şəxsi heyət onlara həvalə olunan müasir texnika və silahlardan normativə uyğun istifadə edir, bilik və bacarıqlarını durmadan artırırlar.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
fotolar Coşqun CƏFƏROVUNDUR