Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2022 16:25

Əbədi yaşayanlar

Şəhidlər and yerimiz, qürur mənbəyimizdir. Vətənsevərlikləri ilə özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində sonsuzadək yaşayacaq və xatırlanacaqlar. İllər keçsə belə, onların Vətəninə, xalqına, millətinə olan sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.
Qısa, amma mənalı ömür yaşayaraq daim xalqımızın qəlbində ehtiramla anılacaq belə şəhidlərimizdən biri də Hüseyn Aslan oğlu Rzayevdir.
Hüseyn Rzayev 1996-cı il mayın 14-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. 2002-2013-cü illərdə kənd orta məktəbində təhsil alıb. 2014-cü ildə hərbi xidmətə yollanıb. 2016-cı ildən 2020-ci ilin aprelinə kimi müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Döyüşlər başlayanda könüllü olaraq döyüşənlərin sırasına qatılıb. 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Doğulduğu kənddə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamına əsasən, Hüseyn Aslan oğlu Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Gədəbəy rayonunda Hüseyn Rzayevin anadan olmasının 26-cı ildönümü münasibətilə keçirilən anım mərasimində döyüş yoldaşları, şəhidin ailə üzvləri və  ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə şəhidin məzarı ziyarət olunaraq önünə əklil və gül dəstələri qoyuldu.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən zabit Rəşad Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından danışaraq bildirdi ki, xalqımızın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi illərdir yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə Böyük Qələbə təntənəsi bəxş etdi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"