Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2022 12:00

“Sağlam əsgər - döyüşə hazır əsgərdir”

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu gündən-günə güclənir. Şəxsi heyətin döyüş hazırlığı daha da artırılır, sağlamlığı və mənəvi-psixoloji vəziyyəti yüksək səviyyəyə gətirilir. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. 44 günlük haqq savaşımız nəticəsində azad olunan tarixi torpaqlarımızda yeni hərbi hissələr tikilərək istifadəyə verilir. Hərbi obyektlərdə yerləşən yataqxanalar, yeməkxanalar, idman şəhərcikləri, ictimai-siyasi və istirahət otaqları da təmir olunur, lazımi avadanlıqlarla təchiz edilir.
"N" hərbi hissəsində müasir standartlara cavab verən yeməkxananın girişində şəxsi heyətin qida qəbulundan qabaq əl-üz yumaları üçün nəzərdə tutulan gigiyenik vasitələr yerləşdirilib.
Geniş, işıqlı və səliqə-sahmanı ilə göz oxşayan yemək zalı diqqətimizdən yayınmadı. Yeməkxana növbətçisi bildirdi ki, şəxsi heyətin qida rasionuna göstərilən diqqət qədər məişət şəraiti də yuxarı komandanlığın nəzarətindədir.
"Hal-hazırda biz nahar yeməyini hazırlayırıq. Hər gün səhər yeməyi, nahar və şam yeməklərinin hazırlanmasından öncə personala təlimat verilir, bir daha menyu çatdırılır, adambaşı günlük qida normaları xatırladılır. Burada aşpazlar, zal və mətbəx xidmətçiləri vəzifələrində mülki və hərbi qulluqçular çalışırlar. Əminliklə demək istəyirəm ki, yeməkxanamızda çalışan hər kəs öz vəzifəsini yüksək səviyyədə icra edir. Yeməkxana növbətçisi anbardan ərzağın gətirilməsinə, yeməklərin bişirilməsinə, adambaşına düşən normaya cavabdehdir. Biz də öz işimizin öhdəsindən yüksək peşəkarlıqla gəlirik ki, əsgərlərimizin yeməyi dadlı olsun. Sağlam əsgər - döyüşə hazır əsgərdir", - yeməkxana növbətçisi gizir Vüsal Xəlilov dedi.
Yeməkxana rəisi gizir Coşqun Sarıyev də söhbətimizə qoşularaq, Vüsalın fikirləri ilə razı olduğunu bildirdi. "Tamamilə doğrudur ki, döyüşü qazanmaq üçün, ilk növbədə şəxsi heyətin sağlamlığını düşünməlisən. Sağlamlıq üçün də qidalanma əsasdır. Buna görə də bir nəfərin gündəlik ərzaq payı hesablanaraq əsgərlərimizə verilir. Bədənin tələb etdiyindən az miqdarda qida qəbul edilməməlidir", - deyə gizir Sarıyev sözünü bitirdi.
Baş aşpaz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmiş Ləzgiyev, aşpazlar Tünzalə Əliyeva, Xaləsər Şərifova, Valeh Piriyev və digərləri də qeyd edərək, "Əsgərlər bizim övladlarımızdır. Biz onlara diqqət və qayğı ilə yanaşırıq, çünki onlar bizi qoruyurlar", - dedilər.
Daha sonra öyrəndik ki, burada çalışanların arasında şəhid anası da var. Leyla Bəşirova Vətən müharibəsi şəhidi Bəşirov Akif Vahid oğlunun anasıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, vəzifə borcunu şərəflə yerinə yetirib, şəxsi igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.
Hər kəslə vidalaşıb, onlara işlərində müvəffəqiyyətlər arzuladıq. Şəhid anasına Allahdan səbir dilədik. Akifin qəlbimizdə daim yaşayacağına əmin etdik.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"