Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2022 12:00

Kursantlar Bakının tarixi yerlərini ziyarət etdilər

Ordumuzda şəxsi heyətin asudə vaxtı səmərəli təşkil olunur. Əsgərlərimiz asudə vaxtlarında xalqımızın milli-mənəvi dəyərləri ilə yaxından tanış olur, bədii kitab və jurnallar oxuyur, stolüstü oyunlar oynayır, televiziya proqramlarını izləyir və xidmət etdikləri bölgələrdə yerləşən tarixi yerləri, muzeyləri ziyarət edirlər. Bundan başqa, onların döyüş ruhunun yüksəldilməsi, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin artırılması, eyni zamanda, qəhrəmanlarımızın tarixi döyüş ənənələrinin öyrənilməsi məqsədilə də mühüm tədbirlər həyata keçirilir.
Bu qəbildən görülən işlər sırasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının mütəmadi olaraq Bakı şəhərinin gəzməli və tarixi yerlərinə, həmçinin muzeylərinə ekskursiya etmələrini misal göstərmək olar.
Bu günlərdə kursantlar Şirvanşahlar sarayına ekskursiyaya gediblər. Burada onlara məlumat verildi ki, Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikilib. İçərişəhərdə yerləşən bu saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır. Kompleksə daxil olan əsas bina - saray tikililər içərisində ən qədimidir. Kompleksə saraydan başqa Divanxana, Keyqubad məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, Murad darvazası (Şərq portalı), Saray məscidi, türbə, hamam və ovdan (su anbarı) daxildir. Saray və kompleksə daxil olan binaların yerləşdiyi ərazi müxtəlif hündürlükdə olan üç həyətə bölünüb. Sarayın özü isə birinci həyətdədir. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar sarayı - kompleksi 1964-cü ildən muzey-qoruq statusu alıb. Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgilənir. 2000-ci ildə UNESCO tərəfindən İçərişəhər və Qız qalası Dünya mədəni irsi siyahısına daxil edilib.
Sonra kursantlar Qız qalası, Xanəngah, Məhəmməd və Bəylər məscidlərini və İçərişəhərin digər tarixi yerlərini ziyarət edərək, tarixi abidələr haqqında ətraflı məlumatlar öyrəndilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"