Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2022 12:00

“Milyonların qəlbində yaşayan Lider” mövzusunda elmi-praktik konfrans keçirildi

“N” hərbi hissəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə "N" hərbi hissəsinin zabitləri, Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.  Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Rayonun Heydər Əliyev Parkında dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüldü və xatirəsi dərin ehtiramla yad edildi. Daha sonra şəxsi heyət Heydər Əliyev Mərkəzində "Milyonların qəlbində yaşayan lider" mövzusunda elmi-praktik konfransda iştirak etdilər.
Mayor Qorxmaz Mehdiyev çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan regionun güclü və qətiyyətli faktoruna çevrilib. “Bütün bunların əsasında iki tarixi şəxsiyyət dayanır - Heydər Əliyev və İlham Əliyev. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin qüdrətlənməsi və xalqın rifahı naminə daima mübarizə meydanında olaraq Azərbaycana uğurla rəhbərlik edib. Çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib".
Daha sonra çıxış edən polkovnik-leytenant Zaur Tağıyev isə vurğuladı ki, ulu öndər Heydər Əliyevin doğma xalqına ən böyük xidmətlərindən biri ölkənin dinamik strateji inkişaf meyarlarını, gələcək planlarını müəyyən etməklə yanaşı, özü qədər inanıb-güvəndiyi, yolunu inamla, uğurla davam etməyi bacaran, görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlamasıdır.
Sonra hərbi hissənin zabit və əsgərlərinin Kürdəmir Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil edildi. Muzeyin bələdçisi qonaqlara muzeyin yaranması, rayonun tarixi, eləcə də rayon ərazisində tapılan müxtəlif arxeoloji etnoqrafik əşyalar barədə məlumat verdi.
Ekskursiya zamanı iştirakçılar bildirdilər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan rəşadətli ordumuz hazırda müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizama və yüksək döyüş hazırlığına malikdir. 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı zərbələri ilə darmadağın edən qalib ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, təhlükəsizliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən sədaqətli təminatçısıdır.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"